Məhkəmə qərarları › İş №2(051)-1072/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1072/2024

04.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1072/2024 04.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh: Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Tərcüməçi: X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin və adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat Kontorunda onunla Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 4Ə-501 reyestr nömrəli Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı, 18 saylı mənzilindəki ½ hissədə olan əmlak payının bağışlanmasına dair müqavilənin ləğv edilməsi və Cavabdeh adına qeydə alınmış 18 avqust 2015-ci il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, xx xxxx 1943-cü ildə anadan olmuş və hazırda 81 yaşı vardır. X22 vəfat etdikdən sonra birgə nikah müddətində əldə etdikləri əmlaklar vərəsəlik qaydasında, övladlarının yazılı razılığı əsasında onun adına qeydə alınmışdır. Qeyd edir ki, onun Yaqub Rüstəmovla olan evliliyindən 3 övladı – Vaqif, Rüstəm, Gülnarə adlı uşaqları doğulmuşdur. Oğlu Rüstəm 01 iyul 2023-cü il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən mənzil onunla oğlu Vaqif Rüsəmovun paylı mülkiyyətində olmuşdur. 2015-ci ildə qızı Gülnarə ona bildirmişdir ki, oğlu Vaqif mənzili satmaq istəyir. Ancaq həmin mənzil atadan qalan əmlak olduğundan, həmin mənzili onların ailəyə məhz mərhum Heydər Əliyevin göstərişi ilə verildiyindən satılmasını istəmir. O da həmin vaxt bir az xəstə olduğundan, hesab etdi ki, o öldükdən sonra ailəyə X23 Əliyev tərəfindən əri, Sosialist Əməyi Qəhrəmanı Yaqub Rüstəmova bağışlanmış həmin mənzili oğlu satsa, bunun qarşısını yeganə alacaq şəxs qızı Gülnarə ola bilər. Həmin vaxt qızına məhz bu səbəbdən öz payının yarısını bağışlamağa razılaşdı. Bu zaman onların arasında 30 iyul 2015-ci il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin vaxt o, mənzildə olan payının yarısını bağışladığını güman edirdi. Ancaq sonradan ona məlum olmuşdur ki, mənzildə olan tam payını, yəni mənzilin ½ hissəsini qızı Cavabdeh bağışlamışdır. Qeyd edir ki, həmin əmlakdan başqa Mingəçevir şəhərində Puşkin küçəsi 14/1 saylı evin 17 və 18 saylı 2 və 3 otaqlı mənzilləri, Yevlax rayonunda 25 ha torpaq sahəsi və ərindən qalma avtomobili olmuşdur. Həmin avtomobilin satılması tələb olunarkən ona “əziyyət verməmək” adı ilə Cavabdeh ondan bir neçə dəfə etibarnamə almışdır. Hərçənd həmin etibarnamə əsasında avtomobili satsa da, pulunu ona verməsə də, övladı olduğundan onunla münaqişə etməmişdir. X19 vəfat etdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh onun ona vermiş olduğu həmin etibarnamədən istifadə edərək onun iradəsinə zidd olaraq, razılığı və xəbəri olmadan Mingəçevir şəhəri, Puşkin küçəsi 14/1 saylı evin 16 və 17 saylı mənzillərini əvvəlcə X19a bağışlamış, bu barədə ona heç bir məlumat verməmişdir. Daha sonra isə X19 vəfat etdikdən 1 gün sonra, 02 iyul 2023-cü ildə həmin mənzillərini Rüstəm Rüstəmovdan aldığı etibarnamə ilə adına keçirməklə ələ keçirmişdir. Həmçinin Yevlax rayonunda 25 ha torpaq sahəsinin sənədlərinin əsllərini sənədlərin arasından götürərək həmin sahəni icarəyə verərək qazanc əldə etmişdir. Ona Mingəçevir şəhərində olan 2 və 3 otaqlı mənzillərini geri qaytarmağı təklif etsə də, razılaşmamış, həmin mənzillərin bağışlanmasına dair əqdlərin etibarsız sayılması ilə bağlı çıxarılmış məhkəmə qətnaməsindən apelyasiya şikayəti verməklə işin uzanmasına, artıq 81 yaşı olduğundan onun tezliklə öləcəyini güman etməklə hərəkətlərini davam etdirmişdir. O, Bakı şəhəri Səbail rayonu F.Əmirov küçəsi 1 saylı evin, 18 saylı mənzilini qızı Gülnarəyə bağışlayarkən güman etmirdi ki, qızı onu, ümumiyyətlə, əmlaksız qoyar. Eyni zamanda Cavabdeh onun da qeydiyyatda olduğu və artıq yeganə yaşayış yeri olan həmin mənzilin satılması üçün oğlu Vaqifə təkliflər göndərmiş, məhz o, razı olmadığından oğlu Vaqif də mənzilin satılmasına razılıq verməmişdir. Bundan sonra Cavabdeh onun da qeydiyyatda olduğu və onun ona bağışladığı həmin mənzilin satılması üçün hüquqi zəmin yaratmaq məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən mənzilin naturada bölünməsinə dair iddia qaldırmışdır. Həmin ərizəsində də mənzildən sərbəst istifadəsinə dair dəlillər irəli sürmüşdür. Hazırda o, Cavabdeh əməlləri nəticəsində əmlaklarından, həmçinin yaşayış yerindən məhrum olmuşdur. Odur məhkəmədən Bakı şəhəri 9 saylı Notariat Kontorunda onunla Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 4Ə-501 reyestr nömrəli Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı, 18 saylı mənzilindəki ½ hissə əmlak payının bağışlanmasına dair müqavilənin ləğv edilməsi və Cavabdeh adına qeydə alınmış 18 avqust 2015-ci il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərcüməçi vasitəsilə dindirilmiş və məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, o, Bakıda qeydiyyatdadır. ünvanı Fikrət Əmirovda yerləşən mənzildir. 1982-ci ildə Bakı şəhərində onun əri yüngül sənayedə yüksək vəzifəyə təyin olundu. Mübahisəli mənzil ərinə X13 tərəfindən verilmişdir. Əri ürək əməliyyatı keçirtdi. Yəqinki, özündə nə isə hiss edərək ona dedi ki, bu mənzil satılmasın. O da ərinə söyləmişdir ki, satılmayacaq. Əri 2011-ci ildə dünyasını dəyişmişdir. Qızı qardaşı Vaqif və qardaşının arvadı tərəfindən evin satılacağını ona bildirmişdir. Nəhayət qızı tərəfindən təkidlərdən sonra notariusa getməyə, mənzildəki payının yarısını qızına verməyə razılıq vermişdir. Notariusda Gülnarənin tanışları olmuş, hansı ki, Gülnarənin notariusla əlaqəsi olduğunu bilirdi. Onlar getmiş, notariusda o koridorda tək qalmışdır. Bundan sonra latın əlifbası ilə yazılmış sənədi ona imzalatdırdılar. Halbuki, o latın qrafikasını bilmir. Nələr baş verdiyini anlamamışdır. Həmin sənədin ləğv olunmasını istəyir. Sonra qızı avtomobili idarə etmək üçün ondan etibarnamə almışdır. Nəticədə həmin etibarnamədən istifadə edərək ona məxsus əmlakların hamısını qızı öz adına götürmüşdür. İndi ona aydın olub ki, onun yeganə yaşayış yeri olan mənzilini Gülnarə satmaq üçün məhkəməyə ərizə vermişdir. Onu qızı Gülnarə və sonuncunun oğlu belə hədələyiblər ki, evə narkomanları göndərəcəklər. Güman etmiş ki, evin 1/3 və ya ¼ hissəsini qızına verir. Amma belə olmamışdır. O, 33 illik evini itirmişdir. Belə ki, oğlu öləndə Gülnarə gəlmişdir. Buradaki evinə girəndə qızı demiş ki, ev Rüstəmin arvadı Dinanındır. Gülnarə ona dedi ki, onun evi yoxdur. Necə etmişsə. Bundan sonra “ASAN xidmət”də mənzili Gülnarə öz adına keçirmişdir. İndi o çöldə qalmışdır. Qızı onu aldadıb ondan etibarnamə almışdır. Həmin etibarnamə ilə ona məxsus bütün əmlakları öz adına keçirtmiş və satmağa calışır. Hazırda adına heç bir əmlakı yoxdur. Bu ev də satılsa, o çöldə qalacaqdır. Gülnarə Bakı şəhərində ev alarkən isə yetərincə böyük məbləğdə ilkin ödəniş üçün qızına pul vermiş, qızıda özunə Bakı şəhərində ayrıcada mənzil almışdır. Nəyi var qızına vermişdir. İndisə hec nəyi qalmamışdır. Başqa qalmağa yeri yoxdur. Qızı, ümumiyyətlə, onunla çox kobud və aqressiv rəftar edir. Odur ki, məhkəmədən bağışlanma müqaviləsindən imtina etdiyini, bağışlanmanın ləğv edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, xanıma heç bir sualı yoxdur. Xanıma yanlış məlumatlar verirlər. Evə gedə bilmədiyinə görə tələb etmiş ki, ya evin yarısı bölünsün və qardaşına təklif etmiş ki, ya o, pul versin, ya da özü versin və beləliklə ev ikisindən birinə qalsın. Onda o, məhkəməyə müraciət etmişdir ki, ev qiymətləndirilsin. İmkanı olar alar. Yoxsa ev satışa çıxarılacaqdır. Xanımın dediyi məlumat ki, ev satışa çıxacaq bu yanlış məlumatdır. Anasının qalmağa yeri həmişə var. Çöldə qalmaq söhbəti yalandır və ayıb olar. Həmin ev atasına verilən evdir. 1982-ci ildə atasına dövlət tərəfindən verilmişdir. Atası üç otaqlı evi təhvil verib Mingəçevirdən Bakıya köçmüşdür. Orada isə ona üç otaqlı ev verilmişdir. Vaqif arvad-uşağını boşayıb. 1 ay bundan qabaq anasının yanına gəlmişdir. Anasını qardaşının ehsanını aparmışdır. O, ev Rüstəmin oğullarının haqqıdır. Onun haqqını yeyirlər. Onu qapıdan qardaşı qovdu. Bəzi əmlaklar vardır ki, həmin əmlakları anası balaca qardaşının adına keçirtmişdir. Həmin əmlak və qazancları halalca atası və böyük qardaşı yaratmışdır. Onun qardaşı qeyri-adekvat insandır və bunu təsdiq edən onda sənəd belə vardır. Onun qardaşı şizofreniya xəstəsidir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclası zamanı təmsil etdi şəxsin izahatına uyğun izahat verdi, həmçinin əlavə olaraq göstərdi ki, cavabdehin istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun deyildir. Belə ki, cavabdehin mübahisəli mənzili satma niyyətinə dair ərizəsi vardır və həmin ərizəni məhkəməyə təqdim etmişdir. Mingəçevirdəki mənzillər Rüstəmin adına kecirtdikdən sonra niyə öz adına keçirtmişdir. Sistemdə cavabdehin adına 7-8 ev olduğu görünür. Konstitusiya Məhkəməsinin qərarına əsasən bağışlama müqaviləsindən imtina bağışlanma müqviləsinin ləğvini ehtiva edir. Aldığı etibarnamə ilə iddiaçının adına olan bütün əmlakları Cavabdeh özgəninkiləşdirmişdir. Hazırda onun müvəkkilinin adına heç bir əmlak yoxdur. Müvəkkilinin əmlakını əvvəl qardaşının sonra isə özünün adına keçirtməklə ələ keçirtmişdir. Müvəkkili 82 yaşında bir qadın olmaqla hazırda bu ev satılarsa, çöldə qalmaq təhlükəsi ilə üz-üzədir. Müvəkkilinin qeydiyyatda olduğu və yeganə ümid yeri olan evin qarşı tərəf hərracda satılmasını istəyir. Onsuzda qarşı tərəf gələcək varisdir. Lakin bu gün müvəkkili evsiz qalmaq təhlükəsinə görə məcbur olub bağışlamadan imtina edir. Bağışlamanı ləğv etmək barədə qarşı tərəfə fevral ayında məktub da göndərilmişdir. Həqiqətən də, ev X23 Əliyev tərəfindən bağışlanmışdır. Atalarının vəsiyyəti olmuşdur ki, həmin ev satılmasın. Baba yadigarı kimi saxlanılsın. İclas zamanı müəyyən oldu ki, qarşı tərəf öz anasına “ana” belə demir və xanım deyərək müraciət edir. Tərəflər arasında ailə münasibələri pozulmuşdur. 1 ilə yaxındır ki, qarşı tərəf anasının yanına gəlmir. Apellyasiya Məhkəməsinin qərarı ilə qarşı tərəfin İddiaçı qarşıqanunsuz hərəkətlərə yol verdiyini öz qərarında bir daha təsdiq etmişdir. Qarşı tərəfin yaşamağa bir çox sayda evi olduğu halda, 82 yaşlı anasının cəmi ümid yeri , qeydiyyatda olduğu sadəcə bu evdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclası zamanı təmsil etdiyi şəxsin izahatına uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hazırda mübahisəsi gedən ev verilmiş suallar və onlara verilən cavablardan görünür ki, həmin mənzildən ½ hissə anası tərəfindən qızına bağışlanmışdır. Hazırda həmin mənzil ½ hissə Vaqifin və ½ hissə Gülnarənin mülkiyyətindədir. Xanım öz iradəsi ilə həmin mənzilə sərəncam vermiş və öz işini həmin mənzillə bağlı bitirmişdir. Lakin Cavabdeh həmin evə mülkiyyət hüququndan istifadə edə bilmir. Onun mülkiyyət hüquqları qardaşı tərəfindən pozulmaqdadır. Verilmiş iddia isə ana ilə deyil, qardaş ilə bağlı verilmiş bir iddiadır. Məktub göndərilib ki, bir damın altında yaşamaları və birgə təsərrüfat idarə etmələri mümkün deyildir. Ona görə də qarşı tərəfə bildirmiş ki, ev qiymətləndirilsin və onun payı hər nə qədər edirsə, ona verilsin. O da çıxıb getsin. Əgər onun almağa imkanı yoxdursa, onda müvəkkili onun payını alsın. Ev də ona məxsus olsun. İddia həcminin artırılmasının səbəbi bu olmuşdur ki, naturada bölgüyə dair ekspertiza rəyi gəlmişdir. Ekspertiza rəyinə əsasən mənzilin naturada bölünməsi tikinti normaları uyğun hesab edilməmişdir. Ona görə qarşı tərəflə də razılaşa bilmədiklərindən hərracda satışa çıxarılmasına dair iddia vermişlər. Lakin o işin də sonu hələ bilinmir. Məhkəmənin icraatındadır. Yekun qərar yoxdur. Burada söhbət bağışlanmanın imtinasından yox, ləğvindən gedir. Qarşı tərəf həmin vaxt özündə olmadığını və oxuya bilmədiyi latın qrafikalı sənədə qol çəkdiyini bildirmişdir. Bütün bunlar bağışlanma müqaviləsinin ləğvi deyil, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasdır. Lakin bununla bağlı bütün müddətlər ötürülmüşdür. Onlar həmin mənzili satmaqda maraqlı deyillər. Sadəcə qanun çərçivəsində mümkün olan proseduraları edirlər. Ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin müvəkkili tərəfindən poulmasından söhbət belə gedə bilməz. 2015-dən bu yana kimi ana-bala kimi yaxşı münasibətləri olub. Anasının bütün müalicə xərclərini Gülnarə öz öhdəsinə götürüb və çəkib. Müvəkkilinin öz əmlakı üzərində sərəncam vermək hüquqları vardır. Bağışlanma müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdur. Müqavilə Notarial qaydada tam qanuna uyğun şəkildə bağlanıb və üzərindən 9 ildən artıq bir müddət ötmüşdür. Qardaşla bacı ana ilə bala arasında heç bir problem olmayıb. Onlar bu qaydada əmlakları idarə etmişlər. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi əsaslıdır. İşə əlavə olunmuş 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, ünvan 4 ünvanda yerləşən 18 saylı mənzilin ½ hissəsi üzərində İddiaçı Yevdomikovna ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri DNK (şəhadətnamə №116) tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-501 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli **********5 dövlət qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil ½ hissə Cavabdeh, ½ hissə isə X6 paylı mülkiyyətindədir. Daşınmaz əmlak dövlət reyestrində 1949 nömrəli reyestr kitabının 179888 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş 30 iyul 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı hədiyyə alan Cavabdeh 120.000 manat məbləğində qiymətləndirilmiş ünvan 1 ünvanında yerləşən mənzildə olan ½ hissə payını mülkiyyətinə vermişdir. İşə əlavə olunmuş İddiaçı tərəfindən Cavabdeh yazılmış ərizədən görünür ki, mülkiyyətində olan Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzilin ½ hissəsini aralarında bağlanmış bağışlama müqaviləsinə əsasən onlara bağışlamışdır. Onun iradəsi və razılığı olmadan o, mülkiyyətində olan Mingəçevir şəhəri, Puşkin küçəsi 14/1 saylı evin 16 və 17 saylı mənzillərini adından çıxararaq əvvəlcə X19un adına, daha sonra isə onun adından ondan aldığı etibarnamə əsasında onun ölümündən sonra öz adına keçirməklə onu faktiki əmlaksız qoymuşdur. Bundan əlavə o, ona F.Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzilinin ¼ hissəsini ona bağışlamadığını güman etmişdir. Ancaq o onu həmin mənzildən çıxarıb evi satmaq istəyərkən ona məlum olmuşdur ki, evin yarısının ona bağışlanmasını təşkil etmişdir. Belə ki, həmin notarius məhz onun dostu idi. Digər tərəfdən hazırda ona məxsus bir neçə əmlaka dair sənədlərin əsllərini götürməklə ona verməkdən imtina etməklə onu əmlakdan məhrum qoymuşdur. Hazırda onun 81 yaşı var və o onun təqsiri ucbatından ağır məhrumiyyətlərə düçar qalmışdır. Odur ki, ona təklif edir ki, Bakı şəhəri F.Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzilinin ½ hissəsinin ona bağışlanması müqaviləsini razılıqla ləğv edilməsinə razılaşsın. İşə əlavə olunmuş "xxxx" MMC-yə məxsus qəbzdən görünür ki, İddiaçı tərəfindən yazılmış ərizə Cavabdeh xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İşə əlavə olunmuş AZ-İ seriyalı, 498050 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Mingəçevir şəhər 2 saylı Xüsusi Notariat Kontoru tərəfindən verilmiş 659 №li 16 noyabr 2016-cı il tarixli arayışdan görünür ki, Bakı şəhəri, F.Əmirov küçəsi ev 1, mənzil 18-də qeydiyyatda olan İddiaçı ünvan 5 ünvanında yaşamış, xx.xx.2011-ci il tarixdə vəfat etmiş əri X2 qalmış mirasın qəbulu üçün xx.xx.2011-ci il tarixdə notariat kontoruna müraciət etmiş və həmin tarixdə bununla bağlı 169/2011 saylı vərəsəlik işi açılmışdır. Digər varislər İddiaçı xeyrinə imtina etmişlər. İşə əlavə olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 13 dekabr 2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X3 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak keçmiş SSRİ Əmanət bankının – Azərbaycan Respublikası Bankının 0451 №li Bakı şəhəri, Binəqədi rayonu bölməsində 4039 şəxsi əmanət hesabındakı qalıq puldan ibarətdir. İşə əlavə olunmuş X11, X12 və Cavabdeh tərəfindən yazılmış ərizələrdən görünür ki, X1 qalmış mirasdan anaları İddiaçı xeyrinə imtina etmişlər. İşə əlavə olunmuş Azərbaycan Respublikasının İqtisaidiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. İşə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(051)-2127/2023 nömrəli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh qarşı əqdlərin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazıları və Çıxarışların ləğv edilməsi tələbinə dair iddiası qismən - Cavabdeh adına verilmiş 20 iyul 2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********54-05101- 093013 reyestr nömrəli və ********** qeydiyyat nömrəli **********54-05101-093014 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışların və reyestrdə qeydiyyat yazılarının ləğv edilməsi hissəsində təmin edilmişdir. Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 16 saylı mənzilinin Cavabdeh adına qeydiyyata alınması ilə bağlı 20 iyul 2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********54-05101-093013 reyestr nömrəli Çıxarış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmişdir. Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin və 17 saylı mənzilinin Cavabdeh adına qeydiyyata alınması ilə bağlı 20 iyul 2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********54-05101-093014 reyestr nömrəli Çıxarış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2978/2024 saylı qərardadından görünür ki, İddiaçı kassasiya şikayəti icraata qəbul edilmişdir. Kassasiya şikayətinə əsasən işə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasında yazılı icraat qaydasında baxılacaqdır. İşə əlavə olunmuş X9 xx.xx.2024-cü il tarixdə göndərilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsini rəhbər tutaraq Bakı şəhəri, Səbail, Fikrət Əmirov küçəsi ev 1, 18 saylı mənzilin yuxarıda göstərilən dəyərinin ½ hissəsinin, yəni 200.000 (iki yüz min) manat vəsaitin X4 ödənilməsinə münasibət göstərməsini xahiş etmişdir. İşə əlavə olunmuş Bakı şəhəri, Səbail rayon Məhkəməsinə X10 və onun vəkili qismində Vəkil1 tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilmiş əlavə iddia ərizəsindən görünür ki, Bakı şəhəri, Səbail, Fikrət Əmirov küçəsi ev 1, 18 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi (Cavabdeh ½ pay, X12 ½ pay) barədə iddia qaldırılmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə və iddia ərizəsinin məzmununa qiymət verərək qeyd edir ki, iddiaçı tərəf iddia ərizəsinidə iddi tələbini yalnız bağışlanma müqaviləsinin ləğvi kimi göstərsə də, əslində o, iddia ərizəsində həm də bağışlamaqdan imtinanın əsaslarına istinad etmişdir. Ona görə də məhkəmə iddia tələbində yalnız bağışlama müqaviləsinin ləğv edilməsinin qeyd edilməsini iddiaçının ifadə tərzində mövcud olan qeyri-dəqiqlik kimi qəbul edir və iddia tələbinə bağışlamaqdan imtina kimi baxılıb qiymət verildikdən sonra bağışlanma müqaviləsinə qiymət verilməsi, iddia tələbindən kənara çıxma kimi deyil, qanunda göstərilən müstəsna hallardır. Beləliklə məhkəmə tərəflərin təqdim etdikləri sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh iddiaçının doğma qızıdır. Onlar arasında münasibət əvvəllər normal olmuşdur. İddiaçının əri X8 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Ondan miras qalmış əmlakları iddiaçı qanun üzrə birinci növbəli vərəsə kimi qəbul etmiş, digər vərəsələri, o cümlədən cavabdeh də öz miras payından iddiaçının xeyrinə imtina etmişdir. Ona görə də bütün miras əmlaklar üzərində, mübahisəli mənzil daxil olmaqla, iddiaçı mülkiyyət hüququ əldə etmişdir. Həmin miras əmlaklardan, mübahisəli mənzil üzərində həm iddiaçının, həm də oğlu X5 da ½ hissədə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda mübahisə predmeti olan mənzil isə iddiaçının ərinə 1982-ci ildə dövlət tərəfindən hədiyyə edildiyindən və hədiyyə isə X13 tərəfindən təqdim edildiyindən, iddiaçının əri mübahisəli mənzilin heç vaxt satılmamasını, yəni ata yurdu kimi saxlanmasını iddiaçıya şifahi şəkildə tapşırmışdır. Ona görə də iddiaçı özünün ölümündən sonra mübahisəli mənzilin oğlu Vaqif tərəfindən satılmasının qarşısını almaq üçün 2015-ci ildə öz ½ hissədə payını cavabdehə bağışlamış və bağışlama müqaviləsini də məhz mübahisəli mənzilin gələcəkdə satılmasının qarşısını almaq niyyəti ilə bağlamışdır. Bundan başqa iddiaçı cavabdehə başqa daşınmaz əmlakların idarə edilməsinə dair etibarnamələr vermiş, lakin sonradan, yəni 2023-cü ilin yay aylarında də iddiaçıya məlum olmuşdur ki, cavabdeh digər daşınmaz əmlakları öz adına rəsmiləşdirmişdir. Ondan sonra iddiaçı cavabdehə qarşı iddialar irəli sürmüş və hazırda da onunla bağlı məhkəmə mübahisələri davam edir. Bununla yanaşı, cavabdeh 2024-cü ilin yanvar -fevral ayında mübahisəli mənzilin naturada bölünməsi və yaxud açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon məhkəməsinə müraciət etmişdir. Ona görə də iddiaçı qəti olaraq bağışlamaqdan imtina etmək qərarına gəlmişdir. Belə ki, mübahisəli mənzilin iddiaçıya görə mənəvi dəyəri yüksəkdir. Çünki mərhum əri ölməmişdən əvvəl ona tapşırmışdır ki, mübahisəli mənzil ona Uluöndər tərəfindən hədiyyə edildiyinə görə onun satılmasına imkan verməsin. Hazırda isə cavabdeh mübahisəli mənzilin açır hərracdan satılmasını istəyir. Bu halı isə iddiaçı mənəvi cəhətdən qəbul etmədiyinə, həmçinin başqa yaşayış sahəsinə malik olmadığına görə cavabdehin bu davranışlarını sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlər kimi qiymətləndirmiş və mübahisəli mənzilin ½ hissədə payını cavabdehə bağışlamaqdan imtina edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, cavabdehin qoca və xəstə anası olan iddiaçının səhhəti və yaxud həyat şəraiti ilə maraqlanmaması, ona baxmaması, həmçinin onunla aqressiv davranması, ən başlıcası isə mübahisəli mənzilin açıq hərracdan satılmasını tələb etməsi və bununlada iddiaçını yaşayış sahəsindən məhrum edilməsinə rəvac verməsi, bağışlamaqdan imtinaya əsas verən hallardır. Ona görə də iddiaçının bağışlamaqdan imtinası, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin tələbləri baxımından qəbul ediləndir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin V hissəsinə əsasən Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İİ hissəsinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 673.1.2-ci maddəsinə əsasən hədiyyə verən bağışlamaqdan imtina edə bilər hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun xx.xx.2024-cü il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 673-cü maddəsi ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinanı tənzimləyir. Belə ki, həmin Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan bağışlamaqdan imtina halı ilə bağlı xüsusilə ailə və ailə hüquq münasibətləri anlayışlarına aydınlıq gətirilməsini vacib hesab edir. Ailə institutu fərdin psixi və fiziki cəhətdən sağlam böyüməsi, təhsil alması və gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır. Bu istiqamətdə ailənin sosiallaşma (şəxsin cəmiyyətin normalarını, dəyərlərini, davranış modellərini mənimsəməsi), emosional məmnunluq, müdafiə (ailə üzvlərinin fiziki, iqtisadi və psixoloji müdafiəsinin müxtəlif müstəvidə təmin edilməsi), iqtisadi (ailə üzvləri arasında sıx iqtisadi əlaqələrin olması) və s. funksiyalarını qeyd etmək olar. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında onu da qeyd etməyi vacib hesab etmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin https://e-qanun.az/framework/46944 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir.

3. Bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu istinad olunan qərarında bağışlamanı sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyətli və rola malik olduğunu xüsusi hal kimi qeyd etmişdir. Ailə üzvülərinin bir-birinə hər hansı bir qiymətli əmlakı əvəzsiz olaraq verməsi, onlar arasında mövcud olan mənəvi bağların sarsılmaz birliyindən irəli gəlir. Bununla yanaşı, hədiyyə alanın hədiyyə verən və digər ailə üzvüləri qarşısında ailə münasibətlərindən irəli gələn vəzifələr daşımasıı da müəyyən edilmişdir. Həmin vəzifələr məhz sağlam ailə münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Lakin bu hallara rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Ona görə də hədiyyə verən bağışlamaqdan imtina etməklə, sağlam ailə münasibətlərinə xələl gətirən ailə üzvünün varlanmasının qarşısını alır. Hazırkı vəziyyətdə cavabdeh iddiaçıya münasibətdə ailə münasibətlərindən irəli gələn vəzifələrini kobudcasına pozmuş, yəni iddiaçı üçün mənəvi dəyəri yüksək olan mübahisəli mənzilin açıq hərracdan satılmasına nail olmaq üçün iddia qaldırmaqla, iddiaçının mənəvi-psixoloji sarsıntı keçirməsinə və ailə bağlarını sarsırlmasına səbəb olan hərəkətlər etmiş, həmçinin əmək qabiliyyətli övlad kmi əmək qabuiliyyətli olmayan valideyninin-iddiaçının səhhəti və yaşayış tərzi ilə maraqlanmamaqla, ona qayğı göstərməməklə öz övladlıq borcunu yerinə yetirməmişdir. Bununla da cavabdeh qoca və yaşlı anasına münasibətdə ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri həm hərəkət, həm də hərəkətsizliklə pozmuşdur. Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar. Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə 30 iyul 2015-ci il tarixdə bağışlanma müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən mənzildə olan ½ hissədə payını bağışlamışdır. İddiaçı və cavabdeh ana və qızı olduqlarından və ailə münasibətlərində olduqlarından iddiaçı hesab etmiş ki, qızı ilə olan münasibətləri həmişə belə yaxın olacaq və qızı heç vaxt onun mənzilini satmaz. Buna baxmayaraq, işə əlavə olunmuş digər məhkəmə sənədlərindən aydın olur ki, tərəflər arasında bundan başqa bir mübahisə daha vardır. Hazırda isə həmin mübahisə üzrə işə Kassasiya qaydasında baxılır. Həmin mübahisəinin mahaiyyətindən məlum olur ki, iddiaçının qızı olan cavabdeh avtomobil idarə etmək üçün aldığı etibarnamə vasitəsilə anasına, yəni iddiaçıya məxsus əmlakları özgəninkiləşdirərək özünün mülkiyyətinə götürmüşdür. Hazırda isə iddiaçının mülkiyyətində heç bir əmlak yoxdur. İddiaçının doğma qızı olan cavabdeh həm onun adına olan ünvan 1 ünvanında yerləşən mənzildə ½ hissəni bağışlama yolu ilə əldə etmiş, sonra isə aldığı etibarnamə ilə anasının qalan bütün əmlaklarını öz mülkiyyətinə götürmüşdür. Bununla belə yenə də anası ilə 1 ilə yaxındır ki, maraqlanmır və Konstitusiya və Ailə Məcəlləsinin müvafiq normalarının tələbinə uyğun olaraq borcunu yerinə yetirmir. İddiaçının isə yaşamaq üçün sadəcə hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mübahisəli mənzil qalmışdır. Hazırda isə cavabdeh həmin mənzili hərrac yolu ilə satışa çıxartmaq üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh həmin hərəkəti ilə Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin V hissəsində və Ailə Məcəlləsinin 82.1-ci maddəsində göstərilən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olmasına dair tələbi pozmuşdur. Çünki cavabdeh keçmişdə iddiaçıya məxsus olan bütün əmlakları özgəninkişləşdirdiyindən, qeyd olunur ki, bir hissəsini öz mülkiyyətinə götürmüşdür. İddiaçının yaşaya biləcəyi yeganə yaşayış sahəsi ünvan 1 ünvanında yerləşən mənzildir və həmin mənzili cavabdeh hərrac yolu ilə satmaq üçün məhkəməyə müraciət etmişdir. Bütün bunlar isə son nəticədə qızına etimad edib evdə olan payını ona bağışlayan 81 yaşlı ananın yaşayış yerindən məhrum edilməsi ilə nəticələnə bilər. Lakin buna baxmayaraq, cavabdeh tərəf həmin evin satılmasında israrlıdır. Bununla da cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri iddiaçı, yəni hədiyyə verən barəsində kobudcasına pozmuşdur. Bu isə bağışlamanın motivini aradan qaldıran haldır. Bundan əlavə iddiaçının xx.xx.1943-cü il tarixdə doğulması və 81-dən çox yaşının olması, buna baxmayaraq, məhkəmə iclası zamanı cavabdehin doğma anası olan iddiaçıya “xanım” olaraq müraciət etməsi və hətta onunla kobud rəftar etməsi və həmin halın məhkəmə tərəfindən cavabdehə irad tutulması nəzər alınmalıdır. Məhkəmə, həmçinin iddia tələbinə münasibətdə müddətin ötməsi ilə bağlı cavabdeh tərəfin vəsatətinə münasibədtə qeyd edir ki, kəsici müddət kimi nəzərdə tutulmuş bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət iddiaçıya münasibətdə ötürülməmişdir. Belə ki, iddiaçı tərəfin imtinaya əsas verən halların ona məlum olduğu ilkin vaxt Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2127/2023 saylı qərarının çıxdığı xx.xx.2023-cü il tarixidir. Eləcə də cavabdehin 2024-cü ilin fevral ayında mübahisəli mənzilin açıq hərracdan satılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi də bağışlamaqdan imtinaya əsas olan hal olmuşdur. Bundan sonra bir il ərzində imtina haqqında bildirişi iddiaçı tərəf cavabdeh tərəfə göndərməli idi. İş materiallarında olan poçt qəbzindən aydın olur ki, xx.xx.2024-cü il tarixində ərizə, yəni bildiriş iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 673.3-cü maddəsində göstərilən müddət ötürülməmişdir. Odur ki, məhkəmə bu normaların tələbindən çıxış edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və Bakı şəhərin 9 saylı Notariat Kontorunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 4Ə-501 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən mənzildəki ½ hissə əmlak payının bağışlamaqdan imtinası qəbul edilməli və həmin müqavilə ləğv edilməlidir. Cavabdeh adına qeydə alınmış 18 avqust 2015-ci il tarixli, ********** nömrəli Çıxarış ləğv edilməlidir. Göstərilənlərə görə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357-370-ci maddələrini rəhbər tutaraq məhkəmə

Qət etdi: İddia tələbi təmin olunsun. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə olan ½ hissədə payını Cavabdeh bağışlamaqdan imtinası qəbul edilsin. İddiaçı ilə Cavabdeh arasında 30 iyul 2015-ci il tarixdə Bakı şəhərin 9 saylı Notariat Kontorunda bağlanmış, 4Ə-501 reyestr nömrəli reyestrdə qeydə alınmış ünvan 1 ünvanında yerləşən mənzildə olan ½ hissədə payının bağışlanmasına dair müqavilə ləğv edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə olan ½ hissədə payının xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********* nömrə ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarış (reyestr qeydi) ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar