Məhkəmə qərarları › İş №2(051)-1089/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1089/2025

05.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1089/2025 05.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşaqları xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin və mediasiya xərci olan 60 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh aylıq qazancı və başqa gəlirlərinin 1/3 hissəsindən tutulan alimentin dəyişdirilməsi və sabit pul məbləğində tutulması, yəni birgə nikahdan doğulan xx.xx.2012ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa görə 250 manat sabit pul məbləğində alimentin və mediasiya xərci olan 60 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 iddiaçının yanında saxlanmış, cavabdehin aylıq qazancı və başqa gəlirlərinin 1/3 hissəsindən aliment tutulması qət edilmişdi. Lakin son illər cavabdehdən tutulan aliment uşağın xərclərinə bəs etmir, həmçinin cavabdehdən tutulan alimentin miqdarı da artmır, halbuki cavabdehin ən azından maaşında artım olmuşdur. Bundan əlavə əmək haqqından əlavə gəlirlərinə də yönəltmə olmur və nəticədə onun rəsmi gəlirlərindən tutmalar da baş vermir. Hazırda iddiaçı iki azyaşlı övladı ilə birgə valideynlərinin yanında müvəqqəti məskunlaşmışdır. Heç bir gəliri yoxdur. Ara-sıra valideynləri ona və uşağına maddi dəstək göstərir. Uşaqların normal böyüməsi, təhsil alması, məişət və sağlamlıq qayğılarının çəkilməsi üçün maddi xərclər tələb olunur. Ona görə də, birgə nikahlarından doğulmuş azyaşlı uşaqlarının atası, Cavabdeh sabit məbləğdə aliment tələb edir. Cavabdeh hərbiçidir, rəsmi əmək haqqısı 1000 manatdır. Əmək haqqından əlavə ezam xərcləri və digər əlavələr də alır. Eyni zamanda, cavabdehin rəsmi əmək haqqı və gəlirlərindən əlavə, digər gəlirləri də var, belə ki, cavabdeh fərdi qaydada işlərlə məşğul olur, təsərrüfat idarə edir. Hazırda cavabdehin rəsmi və qeyrirəsmi gəlirləri bir ayda cəmi 1500-2000 manat təşkil edir. Cavabdehin gəlirlərinin qeyrimüntəzəm, dəyişən olmasını, uşaqların maddi və mənəvi tələbatlarını, ölkədə real iqtisadi vəziyyəti nəzərə alaraq cavabdehdən uşaqların saxlanması üçün hər birinə ayda 250 manat sabit pul məbləğində alimentin tutulmasını ağlabatan hesab edir. 11 aprel 2025-ci il tarixdə Mingəçevir şəhərində yerləşən 1 saylı X5 mediasiya prosesi baş tutdu, lakin prosesin davam etdirilməsi və barışıq əldə olunması mümkün olmadı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh ərizə təqdim edərək iddiaçı ilə aralarında olan nikah pozulması və aliment təyin olunduqdan sonra heç bir dəyişiklik olmamış, əksinə maddi vəziyyətində ağırlaşma olmuşdur. Aliment təyin olunan zaman və hazırda da hərbiçi işləyir və aylıq maaşı 545.20 manatdır. Həmin maaşdan başqa heç bir qazancı və ya gəliri yoxdur. İddiaçının tələb etdiyi məbləğ onun bütün əmək haqqını əhatə edir. Hərbiçinin ikinci işlə məşğul olması mümkün olmadığı kimi başqa bir qazancı da yoxdur. İkinci dəfə ailə qurmuş və himayəsində yoldaşı var. İşin faktiki halı : İddiaçı ilə Cavabdeh rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Nikahları Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 iddiaçının yanında saxlanmış, cavabdehin aylıq qazancı və başqa gəlirlərinin 1/3 hissəsindən aliment tutulması qət edilmişdir. İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etmədiyini, alimentin sabit pul məbləğində tutulmasına etirazını bildirmişdir. İş materialları : xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İ 482168 №li xx.xx.2025-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmiş, xx.xx.2023-cü il tarixdə 46 № ilə nikahın pozulması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. AZ-T 271392 №li xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Cavabdeh, anası X3r. AZ-T 271393 №li xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-337/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 X2 yanında qalması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh hər ay aylıq qazancı və başqa gəlirlərinin 1/3 hissəsi həcmində alimentin tutulub X4 verilməsi qət edilmişdir. “Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞM/MT031/2025-00148 nömrəli “Mediasiya sessiyasının davam etdirilməməsi barədə” arayışdan görünür ki, tərəflər mübahisə predmetləri ilə razılaşmadığı üçün proses davam etdirilməmişdir. İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissə tərəfindən xx.xx.2025-ci il tarixdə 34 № ilə verilmiş arayışdan görünür ki, hərbi qulluqçu çavuş Cavabdeh aylıq əmək haqqısı bütün vergilər tutulduqdan sonra 545.20 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 7-1-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat, Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2025-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi Məhkəmə uşaqların yetkinlik yaşına çatanadək iddiaçının cavabdehdən hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat məbləğində aliment tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin daha yüksək gəlirləri barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh ərizə verərək iddia tələbi ilə razı olmadığını, alimentin sabit pul məbləğində tutulmasına etiraz etdiyini qeyd etmişdir. Eyni zamanda uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması nəzərə alınmalı, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə məhkəmə işin hallarını və uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin aylıq qazancı və başqa gəlirlərinin 1/3 hissəsindən aliment tutulması dəyişdirilməli, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin aylıq qazancı və başqa gəlirlərinin 1/3 hissəsindən aliment tutulması dəyişdirilsin və xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar