Məhkəmə qərarları › İş №2(051)-1103/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1103/2023

08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1103/2023 08.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi,vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə faktiki nikah müasibətinə girməklə ailə qurmuş, nikahlarını 05 sentyabr 2009-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 21 avqust 2009-cu il təvəllüdlü Aynur, 29 avqust 2012-ci il təvəllüdlü Rizvan adlı iki uşaqları olmuşdur. xx.xx.2021-ci ildə ailə daxili mübahisələri olmuş, cavabdeh evdən qaçmış və bir daha qayıtmamışdır. Artıq 1 il 6 aydır ki, uşaqlarının bütün xərclərini tək qarşılayır,cavabdeh övladları ilə mütəmadi əlaqədə olmur,onların gələcək taleyi ilə maraqlanmır. 1 il 6 ay ərzində cavabdeh tərəfindən uşaqların məktəb ləvazimatlarını qarşılamaq məqsədilə 600 manat maddi yardım göstərilmiş və cavabdeh sadəcə olaraq bununla kifayətlənmişdir. Uşaqlar böyüdükcə onların tələbatları da artır və o, bu tələbatları qarşılamaqda çətinlik çəkir. Böyüdükcə uşaqların atasına olan ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün olduqca çətindir. Doğrudur, hazırda Rizvan adlı uşaq atasının yanında qalır. Ancaq 21 avqust 2009-cu il təvəllüdlü X4, 29 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa 220 manat alınıb ona verilməsini xahiş edir. Cavabdeh iddianı qismən qəbul edərək məhkəmə iclasında izahatında bildirdi ki, iddaçı ilə 05 sentyabr 2009-cu ildə nikahlarını rəsmi qeyd edtirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 21 avqust 2009-cu il təvəllüdlü Aynur, 29 avqust 2012-ci il təvəllüdlü Rizvan adlı iki uşaqları olmuşdur. Münasibətləri pozulmuş, faktiki olaraq ayrılmışlar. Ayrıldıqdan sonra uşaqların saxlanması üçün maddi kömək göstərmişdir. Sonra Rizvan adlı uşaq onun yanına gəlmiş, Aynur iə anasının yanında qalmışdır. Ona görə də hesab edir ki, iddiaçı Rizvana görə aliment tələbində haqlı deyil. Aynur adlı uşağın saxlanması üçün 100 manat aliment ödəyə bilər. Cavabdehin nümayəndəsi,Vəkil da məhkəmə iclasında Rizvan adlı uşaq hazırda atasının, cavabdehin yanında qaldığına,maddi tələbatını cavabdeh ödədiyinə görə iddianın Rizvan adlı uşaqala bağlı hissədə təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında 05 sentyabr 2009-cu ildə rəsmi nikah qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 21 avqust 2009-cu il təvəllüdlü X4, 29 avqust 2012-ci il təvəllüdlü X2 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə olunmuş MKT İstehsalat Birliyi tərəfindən verilmiş 342 №-li 08 may 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı 2009-cü il təvəllüdlü X4 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası “Uşaq Hüquqları haqqında” Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sadalanan qanunların mənasından göründüyü kimi uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Həmin vəzifəni yerinə yetirməyən valideyndən uşağın saxlanması üçün vəsaitin tutulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qaydasında isə aliment müəyyən edilərkən tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla bərabər, uşağın maddi təminatının səviyyəsinin maksimal saxlanması əsas tutulur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahından iki nəfər uşağı olmuşdur. Tərəflər ayrılmışlar. Ayrıldıqdan sonra Aynur adlı uşaq iddiaçının yanında qalmışdır. Birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün tərəflər razılığa gələ bilməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə cavabdehin maddi imkanı olması sübut edilmədi. Odur ki, məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən hər ay 160 (bir yüz altmış) manat aliment alınıb Aynur adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıya verilməlidir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, birgə nikahdan doğulmuş 29 avqust 2012-ci il təvəllüdlü Rizvan adlı uşaq atasının- cavabdehin yanında qalır, uşğın maddi tələbatnı da atası ödəyir. Ona görə də məhkəmə hesab edir ki, iddia Rizvan adlı uşağın saxlanılması üçün aliment tələbinə dair hissədə təmin olunmamalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 04 aprel 2023-cü il tarixdən tutulmalı və qətnamə dərhal icra edilməlidir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü və 119.2-ci maddələrinə əsasən cavabdehdən 39 manat məbləğində dövlət rüsumu tutulub dövlət budcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. 21 avqust 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 160(bir yüz altmış) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 04 aprel 2023-cü il tarixdən tutulsun və qətnamə dərhal icra edilsin. İddia 29 avqust 2012-ci il təvəllüdlü Rizvan adlı uşağın saxlanması üçün alient tələbinə dair hissədə təmin olunmasın. Cavabdeh 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar