Məhkəmə qərarları › İş №2(051)-1217/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1217/2021

12.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1217/2021 12.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 05.02.2017-ci il tarixdə doğulmuş Ləman adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay tutulan 120 manat məbləğində alimentin miqdarının azaldılaraq, 60 manat məbləğində müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə rəsmi nikahlarından 05.02.2017-ci il tarixdə Ləman adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikləri ilk illərdə ailə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pozulmuşdur. Nəticədə cavabdehlə ayrılmışlar və məhkəmə qaydasında boşanmışlar. Ayrıldıqdan sonra uşaq cavabdehin yanında qalmışdır. Həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 30.04.2019-cu il tarixli qətnaməsi ilə ondan hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət edilmişdir. Baxmayaraq ki, uşağın onun olmamasını mübahisələndirmiş, lakin hələlik sübuta yetirə bilməmişdir. Qeyd edir ki, onun indiki vəziyyəti ağırdır. Heç bir yerdə iş tapıb işləyə bilmir. Dalandar işləyib güc-bəla ilə dolanan anasının aldığı az əmək haqqı hesabına yaşayırlar və təyin olunmuş alimenti də anasının əmək haqqı hesabına ödəyir. Dəfələrlə iş üçün məşğulluq mərkəzinə və digər müəssisələrə müraciət etsə də, işlə təmin olunmamışdır. Səhhətində də problemlər vardır. Bütün bunlara görə də o, təyin olunmuş 120 manat pulu ödəyə bilmir. Hesab edir ki, onun heç bir yerdə işləyə bilməməsi, xəstə olmağı, yaşlı anasının əmək haqqı hesabına dolanmağı nəzərə alınmaqla alimentin miqdarı azaldılmalıdır. Odur ki, 05.02.2017-ci il tarixdə doğulmuş Ləman adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulan hər ay 120 manat miqdarında alimentin miqdarının azaldılaraq, 60 manata miqdarında müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı ilə birgə nikahlarından 05 fevral 2017-ci il tarixdə Ləman adlı uşaqları doğulmuşdur. Aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 30.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Hazırda iddianı qəbul etmir, alimentin məbləğinin azaldılmasına razı deyildir. Özü İİİ qrup əlildir, tam işləmək qabiliyyətinə malik deyildir. Eləcə də, uşaq böyüdükcə onun tələbatı da artır. Uşağın təminatının azaldılması isə onun inkişafına mənfi təsir göstərir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mingəçevir Məhkəməsinin qanuni qüvvəyə minmiş 30.04.2019-cu il tarixli 2(051)–1147/2019 saylı qətnaməsindən görünür ki, 05 fevral 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat sabit pul miqdarında aliment hər ay İddiaçı tutulub, Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan 20 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən verilmiş 18.05.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı adına 18.05.2021-ci il tarixə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2» üzrə Elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 05.02.2017-ci il tarixdə Ləman adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması nəticəsində tərəflər ayrılmışlar, ayrıldıqdan sonra uşaq cavabdehin yanında qalmışdır. Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 30.04.2019-cu il tarixli 2(051)– 1147/2019 saylı qətnaməsi ilə 05 fevral 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat sabit pul miqdarında aliment hər ay İddiaçı tutulub, Cavabdeh verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının azaldılmasına dair iddia irəli sürmüşdür. Məhkəmə işin yuxarıda göstərilən hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi əssassızdır. Ona görə də rədd olunmalıldır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə isə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd olunmalıdır ki, azyaşlı uşaqların yaşayış səviyyəsi əvvəlki məhkəmə qətnaməsinə uyğun olaraq iddiaçının aylıq gəlirinin üzərində qurulmuşdur. Həmin məbləğin daha aşağı həddə salınması təsvir olunan qanun normasının da tələbləri ilə kəskin ziddiyyət təşkil edir, yəni uşaqların əvvəlki təminatının səviyyəsinin aşağı düşməsinə səbəb olur. Həmçinin, əvvəllər aliment işinə baxan məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini nəzərə alaraq aliment təyin etmişdir. Digər tərəfdən məhkəmə nəzərə alır ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Ən azı bu baxımdan iddiaçının 60 manat məbləğində aliment ödəmək istəyi həm qeyd olunan qanunun, həm də azyaşlı uşağın mənafeyi ziddinədir ki, məhkəmə bunu yolverilməz hesab edir və əsassız olduğu nəticəsinə gəlir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Odur ki, məhkəmə qeyd olunanlar əsasında belə nəticəyə gəlir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı tərəflərin ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğundur. Alimentin miqdarının aşağı salınması üçün əsasların olduğu iş materialları ilə təsdiq olunmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı 05.02.2017-ci il tarixdə doğulmuş Ləman adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay tutulan 120 manat alimentin miqdarının azaldılaraq, 60 manat məbləğində müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar