Məhkəmə qərarları › İş №2(051)-1268/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1268/2024

01.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1268/2024 01.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən xx.xx.2008-ci il tarixdə doğulmuş Rifan, xx.xx.2009-cu il tarixdə doğulmuş Aişə və xx.xx.2014-cü il tarixdə doğulmuş Abidin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2.İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə nikahlarını xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhər qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə Rifan, xx.xx.2009-cu il tarixdə Aişə və xx.xx.2014-cü il tarixdə Abidin adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş, 3 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 120 manat olmaqla, cəmi 360 manat alimentin tutulması qət edilmişdir. Daha sonra Cavabdeh alimentin azaldılmasını tələb etmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı azaldılaraq 3 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 50 manat olmaqla, cəmi 150 manat alimentin tutulması qət edilmişdir. Daha sonra onlar aralarında razılığa gəlmiş, münasibətlərini bərpa etmək istəmişlər. Bu səbəbdən o, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək aliment tələbindən imtina etmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən aliment tələbindən imtinaya dair təqdimat təmin edilmişdir. Ona görə də həmin iş üzrə icraata xitam verilmişdir. Lakin cavabdehlə ailə münasibətləri yenidən korlanmış, ayrılmaq məcburiyyətində qalmışlar. Cavabdeh uşaqlara baxmaqda heç bir maddi yardım etməmişdir. O heç bir yerdə işləmir, uşaqları ilə kirayədə yaşayır. Ona və uşaqlarına pensiyaçı anası baxır. Cavabdehin rəsmi iş yeri olmasa da, fərdi işlə, yəni alverlə məşğul olur. Ata kimi öz üzərinə düşən vəzifələri könüllü yerinə yetirmir. Artıq övladları böyüyür, tələbatları günbəgün artır, cavabdeh ata kimi övladlarına maddi cəhətdən baxmağa borcludur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı iddianı qismən qəbul etdi və əlavə olaraq göstərdi ki, cavabdehə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış xx.xx.2024-cü il tarixli Məşğulluq haqqında arayışdan da göründüyü kimi xx.xx.2024-cü il tarixli müraciətinə əsasən işaxtaran statusu verilmiş, o, X12 Məşğulluq filialında qeydiyyatdadır. Cavabdeh xəstədir. Həmçinin cavabdehin anası X1 şəhəri, 1-ci Təbriz döngəsi 19 ünvanında yerləşən, ümumi sahəsi 0.0645 ha olan torpaq sahəsini nəvəsi X5 hədiyyə vermişdir. Bununla belə cavabdeh hər uşağa 120 manat olmaqla, cəmi 360 manat aliment ödəyə bilər. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

«Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanunu

“Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

«Uşaq hüquqları haqqında» Konvensiya

12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər.

Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında AR Qanunu

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2008-ci il tarixdə Rifan, xx.xx.2009-cu il tarixdə Aişə və xx.xx.2014-cü il tarixdə Abidin adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1416/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği azaldılaraq 01 yanvar 2008-ci il təvəllüdlü X7, 04 avqust 2009-cu il təvəllüdlü X8 və 01 avqust 2014-cü il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 50 (əlli) manat, cəmi 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-105/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1416/2021 saylı icra sənədi üzrə icraatda tələbkar olan İddiaçı tələbdən imtinası qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış xx.xx.2024-cü il tarixli Məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müraciətinə əsasən işaxtaran statusu verilmiş, o, X12 Məşğulluq filialında qeydiyyatdadır. İşdə olan xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X1 şəhəri, 1-ci Təbriz döngəsi 19 ünvanında yerləşən, ümumi sahəsi 0.0645 ha olan torpaq sahəsini nəvəsi olan hədiyyə alan X5 hədiyyə vermişdir. İşə Cavabdeh X2 Abdominal KT. İV kontrastlı müayinədən keçməsi ilə bağlı sənəd əlavə edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə Rifan, xx.xx.2009-cu il tarixdə Aişə və xx.xx.2014-cü il tarixdə Abidin adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1416/2021 saylı icra sənədi üzrə icraatda tələbkar olan İddiaçı tələbdən imtina etdiyini bildirmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən onun tələbdən imtinası qəbul edilmişdir. Hazırda iddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən aliment tələb edir. Cavabdeh tərəf isə iddianı qismən qəbul edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, uşaqlar iddiaçının yanında yaşayırlar və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının yanında yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin alınması uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Ona görə də məhkəmə alimentin məbləğinin iddiaçının tələb etdiyi və ya cavabdeh tərəfin təklif etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşaqların mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq təyin edilməsini, işin həqiqi hallarına uyğun hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı cavabdehin yüksək maddi vəziyyətə malik olması və hər ay kifayət qədər qazanc əldə etməsi ilə bağlı istinad etdiyi dəlilləri məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 234 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2008-ci il tarixdə doğulmuş Rifan, xx.xx.2009-cu il tarixdə doğulmuş Aişə və xx.xx.2014-cü il tarixdə doğulmuş Abidin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar