Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1269/2021 06.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan 10.10.2011-ci il təvəllüdlü Hüseyn və 28.11.2013-cü il təvəllüdlü Sevgi adlı övladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmisinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, Cavabdeh ilə 17 avqust 2010-cu ildə rəsmi qaydada nikahlarını qeyd etditməklə ailə qurmuşdur. Birgə nikahdan 10.10.2011-ci il təvəllüdlü Hüseyn və 28.11.2013-cü il təvəllüdlü Sevgi adlı övladları olmuşdur. Cavabdeh onunla evli olduğu müddətdə 3 dəfə başqa şəxsə qoşulub qaçmışdır. Mingəçevir şəhər Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə onların aralarındakı nikah pozulmuş və uşaqların hər ikisi onun yanında saxlanılmışdır. Ona görə də məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan 10.10.2011-ci il təvəllüdlü Hüseyn və 28.11.2013-cü il təvəllüdlü Sevgi adlı övladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlunun etibarnamə üzrə nümayəndəsi-vəkili X2 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, birgə münasibətlərindən 10.10.2011-ci il təvəllüdlü Hüseyn və 28.11.2013-cü il təvəllüdlü Sevgi adlı uşaqlar Mingəçevir şəhərində anadan olmuşdur. Həmin şəhadətnamələrdə uşaqların atası kimi İddiaçı, anası kimi Cavabdeh göstərilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 17 avqust 2010-cu ildə 323 № ilə Mingəçevir şəhər Qeydiyyat şöbəsində qeydə alınmışdır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulması 19.02.2020-ci ildə 33 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə anadan olmuşdur. İşə əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(107)- 148/2021 nömrəli qətnaməsi ilə (hakim Ayaz Mahmudov) iş üzrə Mingəçevir şəhər Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(051)-185/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, tərəflər arasında ailə münasibətləri pozulmuş onlar faktiki olaraq ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra birgə nikahdan doğulmuş uşaqlar İddiaçı yanında yaşayır. İddiaçı uşaqların yetkinlik yaşına çatana kimi aliment tələbində də haqlıdır. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment təyin edilməsi üçün cavabdehin kifayət qədər gəlirə malik olması sübut olunmamışdır. Ona görə də Hüseyn və Sevgi adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa 120 manat cəmi 240 manat miqdarında aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin məhkəməyə müraciət olunduğu vaxtdan tutulması barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı 08 iyun 2021-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10.10.2011-ci il təvəllüdlü X3 və 28.11.2013-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat aliment tutulub İddiaçı verilsin. Alimentin tutulmasına 08 iyun 2021-ci ildən başlansın. Alimentin ödənilməsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: imza var Ələkbər Hüseynov Düzdür: Mingəçevir şəhəri məhkəməsinin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1269/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1269/2021
06.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver