Məhkəmə qərarları › İş №2(051)-1311/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1311/2025

14.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1311/2025 14.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə məhkəmədə iddia qaldıraraq, birgə nikahdan doğlulmuş uşağı xx.xx.2025-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 246 manat sabit pul məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2024-cü il tarixində nikaha daxil olaraq evlənmişlər. Birgə nikahlarından xx.xx.2025-ci il tarixində X7 doğulmuşdur. Evləndikdən sonra da ilk günlərdən Cavabdeh ilə aralarında olan münasibət soyuq idi. Bu soyuqluq onun, yəni Cavabdeh tərəfindən daha da artmağa başlamışdı. Belə ki, artıq ailə üzvləri olan Elvinin atası, anası və bacısı tərəfindən haqsız olaraq hər işinə yersiz müdaxilə edilərək, səbəbsiz olaraq onunla ərinin arasında olan soyuq münasibəti daha da gərginləşdirməyə çalışmışlar. Hər dəfə aralarında yaranan söz-söhbətin əsas səbəbkarları Elvinin anası və ya bacısı olmuşdur. Elvin isə onu addımbaşı onların gözü qarşısında alçaldaraq, hətta döyərək küçə söyüşləri ilə təhqir edirdi. O Elvinin ailəsi olsa da, bir dəfə də olsun onun haqlı olduğu halda onu müdafiə etmədi. Elvinin atası X9, anası X5, bacısı X8 tərəfindən təhqirlərə dəfələrlə məruz qalsa belə Elvin də evə gələndə onların sözünə qüvvət verib iddiaçını döyürdü. Hətta bir dəfə uşaq bətnində ola-ola onu huşunu itirənəcən döydü. Belə ki, onu boğmaqdan belə çəkinmirdi. Ona yaşatdıqları bu acımasız davranışlarına artıq tab gətirə bilməyib, onlara iddiaçını anasının yanına yəni Azərbaycana yollamalarını xahiş etsə də, ona rişxənd edərək –“ananın canı çıxsın gəlsin səni Ukraynada Odessa şəhərindən özü aparsın. Ukraynada gedən döyüşlərə görə anası özü gələ bilmədi ancaq onun üçün yola sərf olunan bütün xərci o, cümlədən bilet pulunu ödədi. O gəlməzdən əvvəl qaynatası və qaynanası toyda onun adına alınan və hədiyyə kimi ona alınan qızıl və zinət əşyalarını zor tətbiq edərək əlindən aldılar. Qaynanası bağıraraq dedi ki, bu qızılları hədiyyə olaraq ona verilmiş qızılları ona verməyəcəkdir. xx.xx.2024-cü il tarixdə o artıq Azərbaycanda anasının evində idi və o gəldiyi gündən bu günə kimi nə onunla, nə də ki yeni doğulmuş uşağı ilə maraqlanmadılar. Cavabdeh onların maddimənəvi vəziyyətləri ilə maraqlanmır, heç bir köməklik göstərmir. O isə işsizdir, heç bir yerdən müavinət almır. Bir tək anası az miqdarda maaş alır, bu vəsaitlə özlərinin təminatını ödəməkdə xeyli çətinlik çəkirlər. Cavabdeh diş həkimliyi üzrə Universitet bitirmiş və hal - hazırda da gəlirli alverlə məşğul olmasına baxmayaraq ona uşağın böyüdülüb, boya-başa çatdırılmasında köməklik edilməsindən imtina edirlər. Onu da məhkəməyə bildirmək istəyirəm ki, oğlu Hüseyn doğulandan bəri başına görə güclü həkim nəzarəti altındadır. Uşaq ana südü ilə qidalanmadığı üçün hazır uşaq qida yemləri ilə qidalanır. Bunun da kasib ailə üçün bu bahalıqda nə demək olduğu aydındır. Odur ki, bütün bunların nəzərə alınaraq sabit pul məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə doğulmuş X7 adlı uşağın atası Cavabdeh və anası İddiaçıdır. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X10 xx.xx.2024-cü il tarixdə Bərdə Regional “ASAN Xidmət” X2 rəsmi nikah qeyd etdirmişlər və 410 № ilə qeyd olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Bəşirzadə” soyadı verilmişdir. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bəşirzadə X6 şəhəri, Ş.İ.Xətai küçəsi ev 1, mənzil 40 ünvanında qeydiyyatdadır. İşdə olan X4 iştirak bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər göstərilən mübahisə perdmetləri ilə razılaşmadığı üçün mediasiya prosesinin davam etdirilməsi mümükün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2024-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2025-ci il tarixində X7 doğulmuşdur. İddiaçı ilə cavabdeh faktiki olaraq ayrılmışlar. Ayrı yaşayırlar. İddiaçı uşaqla maraqlanmır. Onun heç bir maddi və ya mənəvi tələbatını ödəmir. Hazırda iddiaçı yenidən sabit pul məbəğində aliment təyin edilməsi ilə bağlı Məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların mənafeyini, cavabdehin iddia tələbinə etiraz etmədiyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, uşaq yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının ərizə verildiyi, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,50 misli həddində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından xx.xx.2025-ci il tarixində doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment alınıb iddiaçı üçün İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar