Məhkəmə qərarları › İş №2(051)-1314/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1314/2025

23.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1314/2025 23.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Mingəçevir Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayə Komissiyası müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı Cavabdeh qarşı uşağın ananın yanında saxlanması və aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq, tərəflərin birgə nikahından doğulmuş X3 və X2 onun himayəsinə verilməsini, tərəflərin birgə nikahından doğulmuş uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat miqdarında alimentin Cavabdeh tutulmasını, 60 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsi üzrə tələbin nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment tələbi kimi oxunmasını, bu tələb üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2020-ci ildə ailə qurmuş və nikahları xx.xx.2020-ci il tarixdə 443 №-li akt qeydi ilə Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsində rəsmi qeydə alınmışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2020-ci il tarixdə X3 və xx.xx.2022-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə faktiki ayrılmışlar. Qazancı normal olsa da uşaqlara baxmır. Ona görə də cavabdehdən hər ay sabit pul məbləği ilə hər uşaq üçün 250 manat aliment tutulub ona ödənilməlidir. Müraciəti əsasında xx.xx.2025-ci il tarixdə məsələyə ilkin mediasiya şurasında baxılmışdır. Lakin cavabdeh gəlmədiyindən razılıq əldə edilməmişdir. Ona görə də Mediasiya Şurası tərəfindən xx.xx.2025-ci il tarixli MŞM/MT031/2025-00166 №-li arayış verilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmuna uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək, tələb olunan aliment məbləğinin yüksək olduğunu, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sübutlar: xx.xx.2025-ci il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2020-ci il tarixdə Mingəçevir regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış və nikahın bağlanması haqqında 443 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə - Abdullayev, arvada- Abdullayeva soyadı verilmişdir. AZ-T 311483 №li xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. AZ-T 311482 №li xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2025-ci il tarixli, MŞM/MT031/2025-00166 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İMS-da iştirak etməmişdir. İMS xərci İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı Fadayıl qızı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2025-ci il tarixli, 5-3-3/2-107/25 saylı rəyi ilə Damla və Nazimə adlı uşaqların anaları İddiaçı yanında qalması uşaqların mənafeyinə uyğun hesab edilmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyir, aylıq əmək haqqısı 400 manatdır. İşin müəyyən olunmuş halı: Tərəflər xx.xx.2020-ci il tarixdə Mingəçevir regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsində rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrılmışlar. İddiaçı nikahın pozulmasını və uşağın onun yanında qalmasını, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində aliment tutulmasını istəyir. Həmçinin mediasiya xərci və dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsini tələb edir. Məhkəmə tərəfindən barışıq üçün tərəflərə 3 ay vaxt verilmişdir. Barışıq əldə olunmamışdır. Cavabdehin nümayəndəsi tələbə etiraz etməmiş, aliment hissəsində qismən təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyir, aylıq əmək haqqısı 400 manatdır. Məhkəmədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilmiş, Qəyyumluq və Himayəçilik orqanının rəyi alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmədə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 73.1. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. 73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib - keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 3.4. Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərə barışıq üçün 3 ay vaxt vermişdir. Tərəflər arasında barışıq olmamışdır. İddiaçı nikahın pozulmasını təkid etdiyindən və qadınla kişinin nikahı könüllülük prinsipinə əsaslandığından tərəflər arasında bağlanmış rəsmi nikah qeydi pozulmalıdır. Uşağın tərbiyəsi ilə əlaqədar aidiyyəti üzrə qəyyumluq və himayəçilik komissiyasının rəyi alınmış və uşaqların anaları ilə qalmasının onların mənafeyinə uyğun olduğu göstərilmişdir. Uşaqlardan birinin 3 digərinin 5 yaşı var. Onlar hazırda anaları ilə qalır. BMT Baş Məclisinin 1386 (XİV) nömrəli 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür: ananın psixi xəstəliyi; narkomaniya; alkoqolizm; ağır xəstəlikdən əziyyət çəkməsi; uşaqla qəddar rəftara yol verməsi; uşaqlara qarşı psixi və fiziki zor tətbiq etməsi; valideynlik hüquqlarından suiistifadə etməsi və s. İşin faktiki hallarından və məhkəmə araşdırması zamanı müəyyən olunanlardan görünür ki, hazırkı mülki iş üzrə İddiaçı şəxsiyyətini xarakterizə edən halla və.s kimi digər hallar da nəzərə alınmaqla, ona münasibətdə yuxarıda qeyd edilən hallardan hər hansı biri mövcud deyil, o cümlədən bunun əksini təsdiq edə biləcək hər hansısa dəlil məhkəməyə təqdim edilməmişdir. Göstərilənlər nəzərə alınaraq uşaqlar anasının yanında saxlanmalıdır. İddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər uşağa görə 250 manat, cəmi 500 manat məbləğində aliment tələb edir. Cavabdeh "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyir, aylıq əmək haqqısı 400 manatdır. Bununla belə, iddiaçı cavabdehin yüksək gəlirləri barədə sübutlarını təqdim etməmişdir. Eyni zamanda uşaqların analarının himayəsinə verilməsi, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğısının çəkilməsinin ananın üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsasdır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verildiyi vaxtdan hesablanmaqla tərəflərin birgə nikahından doğulmuş Damla və Nazimə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində (2025-ci ilə görə bir uşağa görə 200, cəmi 400 manat) sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu və mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Tərəflərə nikah pozulduqdan 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə bağlı iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsində bağlanmış və 443 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək anaları İddiaçı yanında saxlanılsın. xx.xx.2025-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində (2025-ci ilə görə bir uşağa 200 (iki yüz iyirmi), cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat və mediasiya xərcinin əvəzi 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Tərəflərə nikahın pozulması haqqında hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 3 il müddətində birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın bölünməsi tələbinə dair iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar