Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1328/2023 07.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh nitq və eşitmə qüsurlu olduğundan maddi köməyə ehtiyacı olduğu üçün əlavə xərc olaraq 200 (iki yüz) manat və 60 (altmış) manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun atasıdır. Anası Nümayəndə ilə Cavabdeh 2002-ci ildə ailə qurmuşlar, münasibətləri pozulduğu üçün nikahları ləğv edilmişdir. Ayrıldıqdan sonra anasının yanında qalmış və məhkəmənin 06 aprel 2015-ci il tarixli qətnaməsinə əsasən xəstəliyi ilə əlaqədar onun müalicə xərcləri üçün cavabdehdən 30 manat miqdarında əlavə xərcin tutulması qət edilmişdir. Lakin həmin məbləğ onun müalicəsi üçün kifayət etmir. Belə ki, həm nitq, həm də eşitmə, həm də görmə qüsurludur, eyni zamanda əməliyyat olunmuşdur. Müayinə və müalicə üçün hər dəfə Bakı, Bərdə və Şəki şəhərinə getməli olur. Qulluğa ehtiyacı olduğu üçün anası ona görə heç yerdə işləyə bilmir. Cavabdeh bir ata kimi xəstə uşağına qayğı və maddi yardım göstərməyə borcludur. Ona görə də cavabdehin əlavə xərclərə cəlb olunmasını, iddia tələbinin təmin olunmasını, cavabdehdən əlavə xərc olaraq 200 (iki yüz) manat və 60 (altmış) manat mediasiya xərcinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2003-cü il tarixdə Cavabdeh ilə X2 birgə nikahından doğulmuşdur. İşə əlavə olunmuş tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı anadangəlmə lal-kar olduğuna görə üçüncü dərəcəli əlildir. İşə əlavə olunmuş, «X1»ın epikrizlərindən görünür ki, İddiaçı «Retinitis piqmentoza uwer sindromu» və «Miopiya» diaqnozları ilə ödənişli müalicə kursu keçmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 06 aprel 2015-ci il tarixli, 2(051)- 637/2015 saylı qətnaməsindən görünür ki, xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı müalicəsi üçün Cavabdeh hər ay 30 (otuz) manat miqdarında əlavə xərcin alınaraq, iddiaçı X3 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı valideynləri 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından xx xxxxxx 2003-cü il tarixdə Arzu doğulmuşdur. Ailə münasibətləri pozulmuş və ayrıldıqdan sonra Arzu anası ilə qalmışdır. İddiaçı nitq, eşitmə və görmə qüsurlu olduğu üçün onun müalicəsi ilə əlaqədar cavabdehdən Mingəçevir şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən hər ay 30 manat miqdarında əlavə xərcin tutulub, Nümayəndə xeyrinə ödənilməsi qət edilmişdir. Ondan sonra iddiaçıda bir neçə yanakı xəstəliklər baş qaldırdığında, o, görmə qabiliyyətinin çox hissəsini itirmişdir. Ona görə də onun xəstəliyi ilə əlaqədar üzərində cərrahi əməliyyat aparılmışdır, əməliyyat uğursuz olduğundan, onun hər an kənar yardıma, qayğı və qulluğa ehtiyacı vardır. Hazırda onun üzərində əlavə cərrahi əməliyyatın aparılmasına və mütəmadi müalicəsi və baxılması üçün daha yüksək xərclərin çəkilməsi zərurəti yaranmışdır. O səbəbdən də təkrarən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən,18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə cavabdehin əlavə xərclərə cəlb edilməsi ilə bağlı iddia tələbini qismən əsaslı hesab edərkən öz qənaətini onunla əsaslandırı ki, iddiaçı anadangəlmə lal-kar olduğuna görə əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və imkanını qismən itirmişdir. Buna müvafiq olaraq onun anadangəlmə, xəstəlikdən yaranan fiziki qüsurlarına görə həyat fəaliyyəti məhdudlaşmışdır. Ona görə də iddiaçının hazırda sosial yardıma və müdafiəyə ehtiyacı vardır. Eləcə də yaranmış digər yanaşı xəstəliklərin aktivləşməsinə görə iddiaçının mütəmadi olaraq müalicə kursu keçməsinə və görmə qabiliyyətinin qismən bərpa olunması üçün üzərində cərrahiyə əməliyyatı aparılmasına zərurət yaranmışdır. Bu hallar təqdim edilmiş ödəniş qəbzləri ilə öz təsdiqini tapmışdır. Bu hallar, yəni yetkinlik yaşına çatmış iddiaçının ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan hesab edilməsi, iddiaçıya münasibətdə cavabdehin əlavə xərclərdə iştirakının əsasını təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Məhkəmə Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 06 aprel 2015-ci il tarixli, 2(051)-637/2015 saylı qətnaməsi ilə təyin edilmiş əlavə xərclərin miqdarı dəyişdirilməli, bu xərclərin miqdarı tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan 150 manat sabit pul məbləğində müəyyən edilməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə, həmçinin iddiaçının ödədiyi 60 manat mediasiya xərcinin cavabdehdən tutulub ona ödənilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 60 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiyaya çəkilmiş xərc tam məbləğində cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx xxxxxx 2003-cü il tarixdə doğulmuş yetkinlik yaşına çatmış İddiaçı müalicəsi ilə əlaqədar Cavabdeh əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 06 aprel 2015-ci il tarixli, 2(051)-637/2015 saylı qətnaməsi ilə tutulan əlavə xərclərin miqdarı dəyişdirilərək, hər ay 150 (yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddiaçı qızının ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 60 (altmış) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1328/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1328/2023
07.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver