Məhkəmə qərarları › İş №2(051)-1398/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1398/2022

01.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1398/2022 01.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə nikahlarını 23 noyabr 2019-cu ildə rəsmi qeyd etirməklə ailə qurmuşdur. Birgə nikahlarından 30 sentyabr 2020-ci ildə Dilək adlı bir uşağı olmuşdur. Ailə qurduqdan iki ay sona cavabdeh ona aid olan bütün qızıl-zinət əşyalarını zorla əlindən alıb qumara qoymuşdur. Hətta cavabdeh dəfələrlə onu döyümüş, bu səbəbdən də onu döyməsi barədə polis şəbəsinə müraciət etmişdir. Cavabdehlə hal-hazırda rəsmi nikahda olsalar da cavabdeh ailəsinə qarşı soyuq münasibət bəsləyir, maddi cəhətdən təmin etmir. Özü heç bir yerdə işləmir, maddi durumu çətindir. Uşağına baxmaqda çətinlik çəkir. Cavabdeh Mingəçevir şəhər Yaşıllaşdırma idarəsində bağban işləyir,əlavə olaraq işdən sonra usta yanında fəhləlik edir. Ona görə də 30 sentyabr 2020-ci ildə X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 193 manat alimentin və uşağın 3 yaşına çatana kimi saxlanması üçün 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili Vəkil oğlu da məhkəmə iclasında iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək məhkəmə iclasında izahatında bildirdi ki, o, uşağını saxlamaqdan imtina etmir. Ancaq tələb olunun qədər aliment ödəməyə maddi imkanı yoxdur. Yaşıllaşdırma idarəsində fəhlə işləyir. Aylıq əmək haqqısı 312 manat, tutulmalardan sonra cəmi 272 manat əmək haqqı alır ki, həmin puldan da həm də kredit borcu ödəyir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 23 noyabr 2019-cu ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində nikah qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 sentyabr 2020-ci ildə X2 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsinin 28 iyun 2022-ci il tarixli 07 №-li arayışdan görünür ki, Mirzəyev X1 şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsində işləyir və aylıq əmək haqqı 312 manat təşkil edir. Tutulmalardan sonra qalan əmək haqqı 272 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları haqqında” Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sadalanan qanunların mənasından göründüyü kimi uşağa qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Həmin vəzifəni yerinə yetirməyən valideyndən uşağın saxlanması üçün vəsaitin tutulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qaydasında isə aliment müəyyən edilərkən tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla bərabər, uşağın maddi təminatının səviyyəsinin maksimal saxlanması əsas tutulur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər faktiki ayrılmışlar. Ayrıldıqdan sonra uşaq iddiaçının yannda qalmışdır. Uşağın saxlanmasında tərəflər razılığa gələ bilməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə cavabdehin maddi imkanı olması sübut edilmədi. Odur ki, məhkəmə tərəflərin maddi vəziyyətini, uşağın yaşını nəzərə alaraq hesab edir ki, iddia uşağın saxlanması üçün aliment tələbinə dair hissədə qismən təmin edilməli, cavabdehdən hər ay 130 manat aliment alınıb uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıya verilməlidir. Azərbaycan RespublikasıAilə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə cavabdehin maddi imkanını nəzərə alaraq hesab edir ki, iddia uşağın 3 yaşına çatana kimi aliment tələbinə dair hissədə də qismən təmin olunmalı, cavabdehdən uşağın 3 yaşına çatana kimi saxlanması üçün hər ay 30 manat alınıb iddiaçıya verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 27 may 2022-ci il tarixdən tutulmalı və qətnamə dərhal icra edilməlidir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulub dövlət budcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. 30 sentyabr 2020-ci ildə X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatana qədər hər ay 30 (otuz) manat məbləğində pulun Cavabdeh tutularaq, İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 27 may 2022-ci il tarixdən tutulsun və qətnamə dərhal icra edilsin. Cavabdeh 30(otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar