Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1454/2020 29.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, onun vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı cavabdehdən mənəvi ziyana görə 25000 manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 25000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, həyat yoldaşı X1 bıçaqla ağır xəsarət yetirilməsi ilə əlaqədar Mİngəçevir şəhər Polis şöbəsində onun haqqında xx.xx.2020-ci il tarixdə Azərbaycan respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq o xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın gedişində həmin cinayətin törədilməsində onun heç bir təqsiri olmadığından müstəntiqin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin barəsində olan hissəsinə xitam verilmiş cə o həbsdən azad edilmişdir. İstintaq nəticəsində Mətanət Şirinova Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə o, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir. Cinayət məsuliyyətinə cəlb olunmağı və barəsində vinayət təqibi aparılması ona mənəvi istirab vermişdir. Barəsində müxtəlif şaiyələr gəzmiş, cinayətkar kimi şərəf və ləyaqətini ləkələyən informasiyalar yayılmışdır. Beləliklə təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş və cəmiyyət içində hörmətdən düşmüşdür. Ona görə də qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 25000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsina baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1973-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi, əməlin tövsif edilməsi və aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə istintaq olunan ********* №-li cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam, barəsində xx xxxxxx 2020-ci il tarixdə seçilmiş “həbs” qətimkan tədbirinə xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin qismən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri şərəf və ləyaqətin müdafiəsi ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı xx xxxx 1973-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. İddiaçı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçuilmişdir. xx xxxxxx 2020-ci il tarixli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi, əməlin tövsif edilməsi və aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə istintaq olunan ********* №-li cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam, barəsində xx xxxxxx 2020-ci il tarixdə seçilmiş “həbs” qətimkan tədbirinə xitam verilmişdir. Onun barəsində ağır cinayət üzrə cinayət təqibi getdiyi və barəsində həbs qətimkan tədbiri seçildiyi üçün normal həyat şəraitindən uzaq düşümüş və mənəvi iztirab çəkmişdir. Cinayət təqibi ilə əlaqədar İddiaçı barəsində müxtəlif şayiələr gəzmişdir. Aparılan istintaq materialları doğru olmayan, şərəf və ləyaqətini ləkələyən məlumatlar formalaşmışdır. Beləliklə, iddiaçı təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, cəmiyyət içərisində hörmətdən düşmüşdür. Bütün bunların nəticəsində iddiaçı sarsıntı keçirmiş və bununla da ona mənəvi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkanı tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fıziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəlı şəxslərinin təqsirindən asılı, olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fıziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, 4 prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fıkrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfı nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir, mənəvi zərərin tələb olunan məbləğdə deyil, 4000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Belə ki, İddiaçı həbsdə cəmi 15 gün qalmışdırki bu halda onun iddia olunan 25000 manat məbləğində mənəvi ziyan tələbini qismən əsaslı sayır. Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən aslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Belə ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi xx xxxxx 2002ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcələləri üzrə Avropa Məhkəməsinin yuridiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericliyin müddəları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfusunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Oyalın Türkiyəyə qarşı işi üzrə xx xxxx 2010-cü il, nömrə 4864/05 tarixli X5 Məhkəməsinin qərarında deyilir; “Dövlət etiraz edərək bildirdi ki, mənəvi zərərlə bağlı tələb hədsiz çoxdur və ədalətsizdir. Dövlət daha sonra bildirdi ki, hər hansı məbləğdə mənəvi zərərin tutulması əsassız zənginləşməyə səbəb olacaqdır. Dövlətin təmin olunacaq məbləğin səbəbsiz zənginləşmə təşkil etməsi arqumentinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, şəxsin çəkdiyi əzab və istirab, sarsıntı heç bir məbləğlə, hətda ən yüksək məbləğlə belə kompensasiya edilə bilməz.” Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən iddiaçının qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar vurulmuş mənəvi ziyan kimi 4000 manat pul alınıb İddiaçı verilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1454/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1454/2020
29.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver