Məhkəmə qərarları › İş №2(051)-1460/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1460/2021

03.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1460/2021 03.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı qızı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 08 dekabr 2006-cı il təvəllüdlü X2 və 01 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək ayrılıqda hər bir övlad üçün hər ay 175 manat məbləğində aliment tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş iddia ərizəsinə əlavədən görünür ki, məhkəmədən “...hər bir övlad üçün hər ay 175 manat məbləğində...” ifadəsinin “... hər bir uşaq üçün hər ay 175 manat sabit pul məbləğində...” ifadəsi ilə əvəz edilməsini və işə əlavə edilmiş sənədlərin təsdiqi üçün xərclədiyi 17 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnaməyə əlavə edilməsini xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, O. 8 fevral 2005-ci il tarixdə Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahdan azyaşlı qız övladları: 8 dekabr 2006-cı ildə X5 və 01 avqust 2011-ci ildə X3 dünyaya gəlmişdir. Həyat yoldaşı Cavabdeh ailəsinə baxmır. Tez-tez Rusiyaya gedir, oradan da boş qayıdır. Mingəçevirdə olanda da 02:00-03:00 radələrində evə gəlir səhərə kimi telefonla oynayır, gündüz saat 11:00- 12:00 radələrində yuxudan ayılır. Atanın belə hərəkətləri də uşaqların tərbiyəsinə, təhsilinə və səhhətinə pis təsir göstərir. Ona görə də bildirir ki, onun uşaqları Nəbiyeva Röya və Nəbiyeva İlhanə adlı uşaqları saxlamaqda çox çətinlik çəkir. Onları maddi cəhətdən təmin edə bilmir. Bu da uşaqların normal inkişafına və onların problemlərinin həllinə imkan vermir. Ona görə də məhkəmədən Cavabdeh 08 dekabr 2006-cı il təvəllüdlü X2 və 01 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək ayrılıqda hər bir uşaq üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulub onun xeyrinə ödənilməsinə və işə əlavə edilmiş sənədlərin təsdiqi üçün xərclədiyi 17 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İşdə olan AZ-İ № 069494 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 08 fevral 2005-ci il tarixdə 28 nömrə ilə Mingəçevir şəhəri Nikah evində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada ərin soyadı verilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin sürətlərindən görünür ki, 08 dekabr 2006-cı il təvəllüdlü X5 və 01 avqust 2011-ci il təvəllüdlü X3 adlı uşaqların atası kimi Cavabdeh Füzuli oğlu, anası kimi Nəbiyeva Vüsalə Qənbər qızı göstərilmişdir. İşə əlavə olunmuş 14 nömrəli MİS-nin ailə vəziyyəti haqqında arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı himayəsində 2006-cı il təvəllüdlü X5 və 2011-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. Məhkəmə cavabdehin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay hər uşağa ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar. Tərəflərin birgə nikahından olan 08 dekabr 2006-cı il təvəllüdlü X5 və 01 avqust 2011-ci il təvəllüdlü X3 adlı uşaqların saxlanması üçün cavabdeh kömək göstərmir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin tələb olunan məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması sübut olunmadı. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün hər ay hər uşaq üçün 130 manat aliment müəyyən edilməsi məqsədə uyğun sayır. İddianın işə əlavə edilmiş sənədlərin təsdiqi üçün xərclədiyi 17 manat məbləğində pul tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin xərclər məhkəmə xərclərinə aid deyildir, belə ki MPM-in 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçının tələb etdiyi xərc isə işə baxılması ilə əlaqədar olan məsrəflərə daxil deyildir. Ona görə də məhkəmə iddiaçının işə əlavə edilmiş sənədlərin təsdiqi üçün xərclədiyi 17 manat məbləğində pul tələbi hissəsini əsassız hesab edir. Odur ki, Cavabdeh oğlundan 08 dekabr 2006-cı il təvəllüdlü X5 və 01 avqust 2011-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat məbləğində aliment alınıb İddiaçı qızına verilməlidir. İşə əlavə edilmiş sənədlərin təsdiqi üçün xərclədiyi 17 manat məbləğində pul tələbi rədd edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin yüksək maddi vəziyyətə malik olması, hər ay kifayət qədər qazanc əldə etməsi ilə bağlı iddiaçı istinad etdiyi dəlilləri məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulmasına 05 iyul 2021-ci ildən başlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan 08 dekabr 2006-cı il təvəllüdlü X5 və 01 avqust 2011-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Alimentin tutulmasına 05 iyul 2021-ci ildən başlansın. Alimentin ödənilməsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar