Məhkəmə qərarları › İş №2(051)-1486/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1486/2021

25.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1486/2021 25.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili- Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X4 Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili- Fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi və 19 iyun 2020-ci ildə anadan olmuş və onun himayəsində ola azyaşlı uşağı X1 üçün cavabdeh- xx xxxx 1994-cü ildə Azərbaycan Respublikası Yevlax rayonu, Hacıselli kəndində anadan olmuş və hazırda həmin kənddə qeydiyyatda olan və faktiki yaşayan Cavabdeh hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh 19 iyun 2020-ci il təvəllüdlü qızı Aysunun saxlanması üçün hər ay sabit pul məbləğində 200 manat, qızı Aysu 3 yaşa çatana qədər 19 iyun 2020-ci ildən başlamaqla ona 100 manat sabit pul məbləğində alimentin alınıb ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızının etibarnamə üzrə nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq təmsil etdiyi şəxsin adından danışaraq izahatında göstərdi ki, təmsil etdiyi şəxs Cavabdeh ilə ailə qurmaq məqsədilə nikahlarını Mingəçevir regional “Asan Xidmət” mərkəzində 18 avqust 2019-cu il tarixdə qeyd etdirməklə evlənmişdir. Nikahları qeyd olunan tarixdə 500 № ilə qeyd edilmiş, nikah şəhadətnaməsi AZ-T № 008392-dir və 23 noyabr 2019-cu il tarixdə verilmişdir. Bildirir ki, birgə nikahlarından 19 iyun 2020-ci ildə X12 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan bir müddət sonra həyat yoldaşı Cavabdehlə ailə münasibətləri getdikcə pisləşmiş və sonda bu münasibətlər onun ata evinə- Mingəçevir şəhərinə qayıtmağıyla nəticələnmişdir. Onlar uzun müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamırlar və birgə təsərrüfat idarə etmirlər. Ailə münasibətlərini bərpa etməyə dəfələrlə cəhdlər göstərməyinə baxmayaraq, hələlik bu münasbətləri bərpa etmək mümkün deyildir. Əlavə olaraq bildirir ki, uzun müddətdir ki, həyat yoldaşı Cavabdeh körpə uşağının maddi təminatı üçün aliment qismində pul tələb etməyinə baxmayaraq, ona heç bir maddi köməkdarlıq göstərmir, müxtəlif bəhanələrlə pul verməkdən qəsdən yayınır. Cavabdeh rəsmi iş yerinin olmadığını bəhanə edərək könüllü olaraq aliment ödəməkdən imtina edir. Bildirir ki, o özü də heç bir yerdə işləmir, ona və azyaşlı qızına qardaşı və valideynləri baxırlar. Ona görə də məhkəmədən azyaşlı uşağının saxlanması üçün nikahda olduğu Cavabdeh aliment tələb etmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də məhkəmədən Cavabdeh 19 iyun 2020-ci il təvəllüdlü qızı Aysunun saxlanması üçün hər ay sabit pul məbləğində 200 manat, qızı Aysu 3 yaşa çatana qədər 19 iyun 2020-ci ildən başlamaqla ona 100 manat sabit pul məbləğində alimentin alınıb ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X3 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, məhkəmədən aliment tələbinin qanuna müvafiq qaydada qismən təmin olunmasını və uşağın 3 yaşa qədər saxlanması üçün aylıq ödəniş tələbinin isə əsassız olduğundan rədd olunmasını xahiş edir. İşdə olan AZ-T № 008392 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah 18 avqust 2019-cu il tarixdə Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsində 500 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada ərin soyadı verilmişdir. İşə əlavə olunmuş AZ-İV № 446355 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19.06.2020-ci il təvəllüdlü X12 adlı uşağın atası kimi X10, anası kimi İddiaçı göstərilmişdir. İşə əlavə olunmuş 20 saylı Ərazi Məşğulluq Mərkəzi Fillialı tərəfindən verilmiş **********7 №li 11 avqust 2021-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh Fariz oğlunun 11.08.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X6” üzrə Elektron informasiya sistemində adına əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay hər uşağa ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar. Tərəflərin birgə nikahından olan 19.06.2020-ci il təvəllüdlü X12 adlı uşağın saxlanması üçün cavabdeh kömək göstərmir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin tələb olunan məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması sübut olunmadı. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün hər ay 130 manat aliment müəyyən edilməsi məqsədə uyğun sayır. Həmçinin iddiaçı tərəf cavabdehdən uşağın 3 yaşa qədər saxlanması üçün hər ay 100 manat məbləğində alimentin tutulmasına dair tələbini sübut edə biləcək heç bir dəlil irəli sürməmişdir. Ona görə də məhkəmə cavabdehdən uşağın 3 yaşa qədər saxlanması üçün hər ay 100 manat məbləğində alimentin tutulmasına dair tələbi hissəsini əsassız hesab edir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh oğlundan 19.06.2020-ci il təvəllüdlü X12 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat məbləğində aliment alınıb İddiaçı qızına verilməlidir. cavabdehdən uşağın 3 yaşa qədər saxlanması üçün hər ay 100 manat məbləğində alimentin tutulmasına dair tələbi rədd edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin yüksək maddi vəziyyətə malik olması, hər ay kifayət qədər qazanc əldə etməsi ilə bağlı iddiaçı istinad etdiyi dəlilləri məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulmasına 07 iyul 2021-ci ildən başlanmalıdır. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan 19.06.2020-ci il təvəllüdlü X12 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment alınıb İddiaçı qızına verilsin. Alimentin tutulmasına 07 iyul 2021-ci ildən başlansın. Alimentin ödənilməsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar