Məhkəmə qərarları › İş №2(051)-1500/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1500/2022

13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1500/2022 13.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib edilərək həqiqətə uyğun olmayan hesab edilməsi, cavabdehin ondan yazılı üzr istəməsi, vurulmuş mənəvi zərərə görə cavabdehdən 8000 manat məbləğində mənəvi ziyanın və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh hazırda Mingəçevir şəhər Yaşıllaşdırma, Sanitar Təmizlik İdarəsində dalandarlar üzrə briqadir işləyir. Cavabdeh iki il öncə səlahiyyət həddini aşaraq ona məxsus binanın qarşısında olan yaşılllıq üçün saldığı və qulluq etdiyi bağ sahəsinə icazəsiz daxil olub oradan üzüm yarpaqlarını yığmış, o isə cavabdehə irad bildirən zaman həmin vaxtdan onunla ədavəti qalmışdır. Həmin vaxtdan isə o, dalandarlara bağının qarşısını süpürmələri və təmizlik etmələri barədə şifahi göstəriş vermişdir. O da dəfələrlə bu barədə İdarənin rəhbəliyinə bildirsə də, lakin, buna məhəl qoymamışlar. Sonuncu dəfə, 2022-ci ilin may ayının 12-də dalandarlar yenə binanın qarşısında digər hissələri süpürüb-təmizləsələr də, ona məxsus bağın ətrafını təmizləməmişlər. O da sübut kimi telefonla çəkiliş edən zaman dalandarlar bu barədə cavabdehə bildirmişlər. Cavabdeh isə o, yuxarı qalxıb mənzilində olan zaman aşağıdan yuxarıya onu söyüb təhqir edərək şərəf və ləyaqətini alçatmışdır. O da sübut olaraq həmin anları özünü müdafiə üçün mobil telefon vasitəsi ilə çəkmişdir. Həmin gün də polisə bu barədə ərizə ilə müraciət etmişdir. Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılmış və ona məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməmiş və göstərmişdir ki, o, Mingəçevir şəhər Yaşıllaşdırma, Sanitar Təmizlik İdarəsində dalandarlar üzrə briqadir işləyir. 2022-ci ilin may ayında rəhbərlik etdiyi dalandarlar binaların qarşısında təmizlik edən zaman İddiaçı mobil telefon vasitəsi ilə onları çəkdiklərini görmüş və bu barədə ona məlumat vermişlər. bundan sonra isə o, belə hərəkət etdiyinə görə iddiaçının ünvanına təhqiredici ifadələr işlətmişdir. Hesab edir ki, iddia tələbi tam şəkildə əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən yalan məlumatların yayılması nəticəsində iddiaçının mənəvi zərərə məruz qalmasını, yəni həmin məlumatların məhz cavabdeh tərəfindən yayılmasını, həmin məlumatların yalan olmasını, habelə iddiaçının maddi və mənəvi zərərə məruz qalmasını, həmin zərərin cavabdehin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsini, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını və onun nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini, həmçinin həmin iztirab nəticəsində fiziki əzab çəkməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Yayılmış məlumatların həqiqətə uyğun olmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan səs yazısından görünür ki, cavabdeh iddiaçının ünvanına onun şərəf və ləyaqətini alçaldan təhqiredici ifadələr işlətmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Məhkəmə tərəflərin izahatlarının, habelə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh Mingəçevir şəhər Yaşıllaşdırma, Sanitar Təmizlik İdarəsində dalandarlar üzrə briqadir işləyir. Onun rəhbərlik etdiyi dalandarlar iddiaçının yaşadığı binanın qarşısında təmizlik işləri aparmadıqları üçün iddiaçı onları mobil telefon vasitəsi ilə çəkmişdir. Bu səbəbdən də tərəflər arasında narazılıq yaranmışdır. Bundan sonra cavabdeh tərəfindən iddiaçının ünvanına alçaldıcı və təhqiredici ifadələr işlədilmişdir. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə təqdim etdiyi CD diskdə olan səs yazısına istinad etmiş, cavabdeh tərəf isə iddiaçının bildirdiklərini təkzib etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçının mənəvi ziyana məruz qalması, cavabdeh tərəfindən onun ünvanına yüksək səslə işlətdiiyi alçaldıcı və təhqiredici ifadələrdə öz əksini tapdığından, cavabdeh tərəf isə həmin ifadələrin onun tərəfindən işlədilməsini etiraf etdiyindən, həmçinin həmin ifadələr ləyaqəti alçaldan açıq təhqir formasında işlədildiyindən, iddiaçının mənəvi ziyanın mövcudluğunu sübut etmək vəzifəsi aradan qalxmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin əsası olan və cavabdeh tərəfindən iddiaçının ünvanına təhqiredici və alçaldıcı ifadələr işlətməsi iddiaçının şərəf və ləyaqətini ləkələyən ifadələr kimi müəyyən edilmiş və həmin ifadələr iddiaçının şüurunda mənfipsixoloji reaksiyanın yaranmasına səbəb olmuşdur. Nəticədə, iddiaçı sarsıntı və iztirab keçirmişdir. Belə ki, sözügedən ifadələr əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaratdığından, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisədən göründüyü kimi, hazırki mülki iş üzrə mübahisə tərəflər arasında gərgin münasibətlər zəminində yaranmış mübahisə ilə əlaqədar işlədilən şəxsin şərəf və ləyaqətini ləkələyən sözlərdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ bəndinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsindən bəhs edən 23.1–ci maddəsində göstərilmişdir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Eləcə də, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999–cu il tarixli 7 nömrəli qərarının 3–cü bəndində göstərilmişdir ki, yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal–təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı–ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri–müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçı haqqında cavabdeh tərəfindən ifadə edilən əxlaq prinsiplərinə zidd olan nalayiq ifadələr onun şərəf və ləyaqətini ləkələmiş, onun haqqında mənfi rəyin formalaşmasına, habelə yaşadığı ərazidə onu tanıyanlar arasında nüfuzunun sarsılmasına səbəb olmuşdur. Bu hal isə iddiaçının şərəf və ləyaqətini ləkələmişdir. Həmin məlumatların şərəf və ləyaqəti alçaldan məlumatlar olması məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla, həmçinin tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində iztirab və sarsıntı keçirdiyindən, mənəvi zərərə məruz qalmışdır. Belə olan halda cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23–cü maddəsinə əsasən mülki məsuliyyət daşıyır. Belə olan halda İddianın mənəvi zərərə görə 8000 manat məbləğində mənəvi ziyanın cavabdehdən alınması hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM–nin 23.4–cü maddəsində göstərilmişdir ki, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da vardır. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999–cu il tarixli 7 nömrəli qərarının 6–cı bəndində göstərilmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Eyni zamanda “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 2–ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İddianın mənəvi zərərə görə 8000 manat məbləğində pul tələbinə dair hissəsinə münasibətdə məhkəmə o qənaətə gəlir ki, cavabdehin heç bir əsas olmadan iddiaçının şərəf və ləyaqətini alçaldan məlumatları yayması şübhəsiz ki, iddiaçının yuxarıda sadalanan yüksək mənəvi–əxlaqi keyfiyyətləri, cəmiyyət arasında olan nüfuzu, həmçinin yaşayış yerindən müsbət xarakterizə olunması ilə bir araya sığmadığına görə onun şüurunda mənfi reaksiyaya səbəb olmuş, cavabdeh heç bir əsas olmadan iddiaçını nüfuzdan salan alçaldıcı və təhqiredici ifadələr işlətməklə iddiaçını mənəvi zərərə məruz qoymuşdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərər tələbi qismən əsaslıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 8000 manat mənəvi zərərə görə pul tələbi işin hallarına, yayılan alçaldıcı və təhqiredici ifadələrin xarakterinə, həmin ifadələrin kəskin mənfi nəticələrə səbəb olmamasına görə kifayət qədər yüksək, açıq–aşkar ədalətsiz pul tələbidir. Belə ki, mülki işə məhkəmədə baxılarkən, iddiaçı cavabdehin şərəf və ləyaqətini ləkələyən məlumatları yaydığını və keçirdiyi mənəvi sarsıntıları sübuta yetirsə də, fiziki iztirab nəticəsində sağlamlığının pozulması ilə bağlı həmin məbləğdə zərər dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, nə də iş materiallarından da belə bir sübutun olması görünmür. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin hüquqa zidd hərəkətləri iddiaçının şüurunda müəyyən mənfi–psixi reaksiyaya səbəb olsa da, o, tələb etdiyi həcmdə mənəvi zərərə məruz qalmamışdır. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, tərəflərin maddi, əmlak vəziyyətini, həmçinin digər diqqətə layiq halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin məbləğinin 1000 manat miqdarında müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdehin hüquqa zidd hərəkətlərinin təhlükəlilik dərəcəsi iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri, yəni cavabdehin həmin hərəkətləri törətməkdə təqsirli olması, habelə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, onun qanunla qorunan hüquqlarının pozulması ilə müşayiət olunduğundan, iddiaçı tələb etdiyi məbləğdə deyil, 1000 manat miqdarında mənəvi zərərə məruz qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddianın mənəvi zərərin əvəzinə 8000 manat məbləğində pul verilməsinə aid hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdehdən 1000 manat mənəvi zərərə görə pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə iddianın şərəf və ləyaqəti alçaldan məlumatların təkzib olunaraq həqiqətə uyğun olmayan hesab edilməsi ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının ünvanına şifahi formada söylədiyi ifadələr ləyaqəti nalayiq formada alçaldan təhqiredici söyüşlər olduğuna görə həmin ifadələrin təkzib edilməsinə və yaxud onun məzmununun araşdırılmasına zərurət yoxdur. Çünki təhqir və söyüşlə əhatə olunan ifadələr cəmiyyətdə təşəkkül tapmış mənəvi-əxlaqi dəyərlərlə bir araya sığmadığına görə özlüyündə yolverilməzdir və bütün hallarda ləyaqəti alçaldan ifadə kimi qəbul edilmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqəti nalayiq formada alçaldılmışdır. Ona görə də cavabdeh vurduğu mənəvi zərərin əvəzini iddiaçıya kompensasiya verməklə ödəməlidir. Bununla da iddiaçının pozulmuş hüquqları bərpa olunur. Belə olan halda cavabdehin üzərinə şərəf və ləyaqəti alçaldan məlumatların (söyüş və təhqirlərin) təkzib olunması, həmçinin həmin məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi ilə bağlı əlavə vəzifələrin qoyulması, işin həqiqi hallarının mahiyyətinə ziddir. Ona görə də iddianın həmin hissəsi təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin cavabdehin iddiaçıdan yazılı üzr istəməsi hissəsi ilə bağlı ı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddələrinə əsasən hər bir fərd universal xarakterli–yəni vətəndaşlıq münasibətindən asılı olmayan ifadə azadlığına malikdir. Üstəlik, ifadə - fikir və söz azadlığının təmin olunması cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən hesab olunur. Şəxsin yaydığı və digər şəxsin bu informasiyanın özünün şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələdiyini hesab etdiyi məlumatlar məhz ifadə azadlığı kontekstində yayılır. Bu mənada, “digər şəxsin hüquqlarını poza, onun nüfuzunu ləkələyə biləcəyi ehtimalı” ilə şəxsin qanuni ifadə azadlığını məhdudlaşdırmaq ağlabatan olmazdı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il-ci il tarixli Qərarı ilə formalaşan hüquqi mövqedə də əksini tapdığı kimi, şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Nəzərə alınmalıdır ki, bu hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Bu baxımdan ağlabatan olmayan "hüquqi profilaktika” tədbirlərinin daha böyük zərərə yol aça biləcəyi qəbul edilərək, şəxsin məzmunundan asılı olmayaraq özünüifadəsinə imkan yaradılmasında problem olmamalıdır. Çünki, zərərli məzmuna malik özünüifadəyə görə şəxsin həm mülki, həm də cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər oturuşmuş həm beynəlxalq, həm də dövlətdaxili hüquq təcrübəsi mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1, 23.4 və 23.6-cı maddəsinin məzmununa əsasən,şəxs özü, yaxud marağı olan şəxslər onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan, habelə natamam dərc edilən faktik məlumatların məhkəmə qaydasında təkzib olunmasını, nəticədə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Göründüyü kimi, Mülki Məcəllənin qeyd edilən maddələrində üzr istəməyə dair hüquqi formul müəyyən edilməmişdir. Lakin Mülki Məcəllənin 23.2-ci maddəsi başqa bir situasiya, şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatların kütləvi informasiya vasitələrində yayılması məsələsinə əlahiddə yanaşır. Aidiyyati sahəvi normativ hüquqi akt, "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunun 44-cü maddəsində isə qeyd edilir ki, kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Göründüyü kimi sahəvi qanun “üzr istənilməsini tələb etmək” imkanını mümkün sayır. Bu müddəa eyni zamanda Mülki Məcəlləyə zidd olmadığı üçün, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun “mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir” məzmunlu 2.5-ci maddəsinin tətbiqi prespektivi də qalmır. Lakin məhkəmə hesab edir ki, bu məqamda “üzr istəmək” felinin leksik mahiyyətinə nəzər salınmalıdır. Azərbaycan dilinin izahlı lüğətində “üzr” sözü - edilən bir qəbahət və ya qüsurun qeyri-ixtiyari və məcburiyyət qarşısında edildiyini sübuta çalışaraq bağışlanması üçün irəli sürülən bəhanə səbəb kimi şərh edilir. Göründüyü kimi, burada könüllülük və “zərərvuranın” fəal hərəkətləri nəzərə çarpır. Yəni şəxs özünün səhv etdiyini, yaxud istəmədən və məcburiyyət qarşısında səhv etdiyini könüllü etiraf edərək, öz təşəbbüsü ilə bağışlanmasına çalışır. Kütləvi informasiya vasitəsində təkzib və ya cavabın dərc edilməsi, yaxud oxunması isə şərəf və ləyaqətin müdafiəsi tədbiri kimi tətbiq olunur, yəni, sözügedən mövzuda məhkəmə çəkişmələrində adətən şəxs ümumiyyətlə nəinki səhv etməməsi, hətta ifadə azadlığının fonunda özünün şəxsi qənaətinin bu olduğunu müdafiə edərək, məhkəmə mübahisələndirməsini davam etdirməklə “rəyində qalmaq” əzmini fəal surətdə nümayiş etdirir. 1950-ci il tarixli Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində də təsbit olunmuşdur ki, öz rəyində qalmaq ifadə azadlığının ayrılmaz tərkib hissəsidir. 1966-cı il “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakta görə isə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Başqa formada desək, şərəf və ləyaqət əslində insanın bütün digər hüquqlarının əsas məqsədidir. Bu mənada insan ləyaqəti onun hüquq və azadlıqlarının mənbəyidir. Ləyaqət cəmiyyət tərəfdən sosial dəyərlərin tanınması, konkret insanın unikallığı, insan cəmiyyətinin üzvi kimi hər bir şəxsiyyətin mühüm dəyəridir. Deməli bu halda, “rəyində qalmaq imkanı”-nı məhdudlaşdırmaqla digər şəxsin ləyaqətinin qorunması, birincinin ləyaqətinə təcavüzə çevrilmiş olur, baxmayaraq ki, bu “imkan” demokratik cəmiyyətin mövcudolma tələbidir. Azərbaycan Respublikasında mövcud məhkəmə təcrübəsində isə müvafiq məhdudiyyət və ya sanksiyaların tətbiqi imkanlarının sərhədləri konkretləşdirilmiş, Ali Məhkəmənin Plenumunun 14 may 1999-cu il “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” və 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarları ilə məhkəmələrə şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin ödənilməsi, mülki məsuliyyətin yaranması əsaslarını müəyyən edilməsi istiqamətində konkret tövsiyyələr müəyyən edilmişdir. Beləliklə, şəxsin ifadə azadlığına toxunmadan, mülki mühakimə icraatında təkzib və cavabla yanaşı zərərin əvəzinin ödənilməsi ilə (yaxud tərəflərin barışığı) problemin həllinə nail olmaq olar. Şəxsin üzərinə “üzr istəmək” öhdəliyinin qoyulması isə Konstitusiyanın və Azərbaycan respublikasınının tərəfdar çıxdığı beynəlxlaq sənədlərdə imperativ qaydada müəyyən olunmuş ifadə azadlığının məhdudlaşdırılması, şəxsin ləyaqətinin alçaldılması kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin cavabehin yazılı qydada üzr istəməsi hissəsi təmin edilməməlidir. Dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 30 manat məbləğində hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Mənəvi zərərə görə Cavabdeh 1000 (min) manat məbləğində pul alınıb İddiaçı verilsin. Dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 30 manat məbləğində hissəsi Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar