Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1529/2022 01.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2015-ci il tarixdə doğulmuş Əntiqə, xx.xx.2017-ci il tarixdə doğulmuş Təranə və xx.xx.2019-ci il tarixdə doğulmuş Dəniz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı ilə cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdurlar. Birgə nikahdan xx.xx.2015-ci il il tarixdə Əntiqə, xx.xx.2017-ci il tarixdə Təranə və xx.xx.2019-ci il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması zəminində cavabdehlə faktiki olaraq ayrılmış və ayrılarkən azyaşlı uşaqları onun yanında qalmışdır. Mövcud vəziyyətdə azyaşlı uşaqlarnın saxlanmasında tək başına çətinlik çəkir. Belə ki, özü heç bir yerdə işləmir, əlavə hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşaqlar böyüdükcə onların tələbatları da artır və maddi imkanı olmadığından uşaqlarının tələbatlarını qarşılaya bilmir. Cavabdeh isə ayrıldıqları vaxtdan etibarən uşaqlar üçün heç bir maddi yardım göstərmir. Halbuki, cavabdehin rəsmi iş yeri olmasa da, kommersiya fəaliyyəti ilə məşğul olur və yaxşı qazanc əldə edir. Onun aliment ödəmək üçün kifayət qədər maddi imkanı vardır. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2015-cü il tarixdə Mingəçevir Şəhər Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 196 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2015-ci il il tarixdə Əntiqə, xx.xx.2017-ci il tarixdə Təranə və xx.xx.2019-ci il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından xx.xx.2015-ci il il tarixdə Əntiqə, xx.xx.2017-ci il tarixdə Təranə və xx.xx.2019-ci il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Cavabdeh uşaqların İddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən aliment tələb edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaq ananın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 150 manat olmaqla, 450 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin yüksək maddi vəziyyətə malik olması, hər ay kifayət qədər qazanc əldə etməsi ilə bağlı iddiaçı istinad etdiyi dəlilləri məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il tarixdə doğulmuş Əntiqə, xx.xx.2017-ci il tarixdə doğulmuş Təranə və xx.xx.2019-ci il tarixdə doğulmuş Dəniz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1529/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1529/2022
01.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver