Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1543/2021 17.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Yaqub oğlunun etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Yaqub oğlunun Cavabdeh qarşı «Alimentin» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Yaqub oğlu iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 29.04.2008-ci il təvəllüdlü Raifə adlı övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 175 manat məbləğində alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Yaqub oğlunun məhkəmə iclasında iddia tələbinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, təmsil etdiyi şəxs Cavabdeh ilə 29.06.2007-ci il tarixdə rəsmi qaydada ailə qurmuşdur. Birgə nikahlarından 29.04.2008-ci il təvəllüdlü Raifə və 11.06.2010-cu il təvəllüdlü Rauf adlı övladları olmuşdur. Cavabdehin günahı ucbatından ailə münasibətləri pozulmuşdur. Məhkəmənin 05.03.2021-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və 29.04.2008-ci il təvəllüdlü Raifə adlı qızları onun, 11.06.2010-cu il təvəllüdlü Rauf adlı övladları cavabdehin yanında qalmışdır. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, onun da işləməsinə və qazancı olmasına baxmayaraq, onun himayəsində qalan Rauf adlı övladının saxlanması üçün Şəki Apellyasiya Məhkəməsinin 08.07.2021-ci il tarixli qərarına əsasən ondan alimentin tutulması qət edilmişdir. Yəni onun qazancının bir çox hissəsi cavabdehin himayəsində qalan övladları üçün tutularsa onun yanında qalan övladının saxlanması üçün maddi imkanı çatmır. Yəni cavabdeh onun yanında qalan övladını düşünmür. Bu səbəbdən o da onun yanında qalan övladları Raifənin saxlanması üçün cavabdehdən alimentin tutulmasını və onun xeyrinə ödənilməsini istəyir. Hazırda qız övladı onun himayəsində olduğu üçün, özü baxır və o, azyaşlı olduğu üçün əlavə işə gedə bilmir. Cavabdehin himayəsində qalmış övladlarının saxlanması üçün ondan aliment tutulduğu halda yanında qalan övladının tam maddi tələbatını ödəməkdə çətinlik çəkir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də məhkəmədən Cavabdeh 29.04.2008-ci il təvəllüdlü Raifə adlı övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 175 manat məbləğində alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Cavabdeh ilə 29.06.2007-ci il tarixdə rəsmi qaydada ailə qurmuşdur. Birgə nikahlarından 29.04.2008-ci il təvəllüdlü Raifə və 11.06.2010-cu il təvəllüdlü Rauf adlı övladları olmuşdur. Sonradan ailə münasibətləri pisləşmiş və Mingəçevir şəhər Məhkəməsinin 05.03.2021-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və Raifə adlı uşaq iddiaçının, Rauf adlı uşaq isə onun yanında qalmışdır. Hal-hazırda iddiaçı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, o, kirayə evdə qalır və aylıq məvacibinin hamısını da o kirayəyə ödəməli olur. Məvacibindən qalan pul isə heç onu və himayəsində olan Rauf adlı uşağa baxmağa kifayət etmir. Ona görə də məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş edir. İşə əlavə olunmuş AZ-İİ № 096923 saylı Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, 29.04.2008-ci il təvəllüdlü X4 adlı uşağın atası kimi İddiaçı və anası kimi isə Cavabdeh göstərilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 05.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan 29 iyun 2007-ci ildə Mingəçevir şəhər Nikah evində bağlanmış 154 №-li nikah qeydinin pozulması və birgə nikahdan doğulmuş 29 aprel 2008-ci il təvəllüdlü X4 atanın- iddiaçı X2, 11 iyun 2010-cu il təvəllüdlü X5 ananın- cavabdeh X3 yanında qalmaları müəyyən edilməsi qət edilmişdir. Məhkəmə təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar. Tərəflərin birgə nikahından olan 29.04.2008-ci il təvəllüdlü X4 adlı uşağın saxlanması üçün cavabdeh kömək göstərmir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin tələb olunan məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması sübut olunmadı. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün hər ay uşaq üçün 120 manat məbləğdə aliment müəyyən edilməsi məqsədə uyğun sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulmasına 16 iyul 2021-ci ildən başlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29.04.2008-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutularaq İddiaçı Yaqub oğluna verilsin. Alimentin tutulmasına 16 iyul 2021-ci ildən başlansın. Alimentin ödənilməsi dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1543/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1543/2021
17.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver