Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1549/2021 16.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh iddia ərizəsini verdiyi vaxtdan hesablanmaqla birgə nikahdan doğulmuş 25.07.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil məhkəmə iclasında izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 16 avqust 2005-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 28 sentyabr 2007-ci il təvəllüdlü Ramilə, 06 sentyabr 2010-cu il təvəllüdlü Turan və 25 iyul 2019-cu il təvəllüdlü Tuncay adlı uşaqları doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Onu da bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinə əsasən Ramilə və Turan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment təyin edilmişdir. Lakin, buna baxmayaraq Cavabdeh uşaqlarını saxlamağa köməklik etmir. İddiaçı uşaqlarını valideynlərinin köməkliyi ilə saxlayır. Onların ailə vəziyyətləri olduqca ağırdır. Heç bir yerdən gəliri yoxdur. Onu da bildirmişdir ki, cavabdeh nə birinci və ikinci uşaqlarına, nə də ki, üçüncü uşağına baxmır. Ona görə də məhkəməyə müraciət edərək, Cavabdeh iddia ərizəsini verdiyi vaxtdan hesablanmaqla birgə nikahdan doğulmuş 25.07.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, İddiaçı ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahdan 28.09.2007-ci il təvəllüdlü Ramilə, 06 sentyabr 2010-cu il təvəllüdlü Turan və 25 iyul 2019-cu il təvəllüdlü Tuncay adlı uşaqları doğulmuşdur. Mingəçevir şəhər Məhkəməsinin 09.07.2019-cu il tarixli qətnaməsinə əsasən Aynurə Hacıyevanın tələbi ilə 28.09.2007-ci il təvəllüdlü Ramilə, 06.09.2010-cu il təvəllüdlü Turan adlı uşaqlarımızın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa ayda 135 manat cəmi 270 manat aliment pulunun ondan tutulması müəyyən edilmişdir. Hazırda işsizdir, əlavə gəlir yeri yoxdur. Lakin çətinliklə olsada iki uşağının saxlanılması üçün hər ay 270 manat aliment pulunu ödəyir. İddiaçı üçüncü uşağımız Tuncayın yetkinlik yaşına açatana kimi saxlanılması üçün hər ay 200 manat məbləğində aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı bir uşağa görə 200 manat aliment tələbi ilə razı deyil və həmin tələb əsassız olduğu üçün etiraz edir. Onun işsiz və maddi durumunun ağır olduğunu iki uşağına hər ay 270 manat məbləğində aliment pulunu ödədiyini nəzərə alaraq, 25.07.2019-cu il təvəllüdlü Tuncay adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 30 manat (üm uşaq üçün cəmi 300) manat məbləğində aliment pulunun ondan tutulmasını müəyyən edən qətnamə qəbul edilməsini xahiş edir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, tərəflərin birgə münasibətlərindən 25.07.2019-cu il tarixdə X2 adlı uşağı olmuşdur. Həmin şəhadətnamədə uşağın atası kimi Cavabdeh, anası kimi İddiaçı göstərilmişdir. İşə əlavə olunmuş Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikaha 12.08.2019-cu il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 22.10.2020-ci il tarixdə 130 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051)-1084/2019 saylı, 09 iyul 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 28.09.2007-ci il təvəllüdlü Ramilə və 06.09.2010-cu il təvəllüdlü Turan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün 07 mart 2019-cu il tarixdən başlayaraq ondan hər ay hər uşağa 135 manat olmaqla, cəmi 270 manat miqdarında aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən olunmuşdur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçı uşağın yetkinlik yaşına çatana kimi aliment tələbində haqlıdır. Cavabdeh izahatından isə görünür ki, cavabdeh tələb olunan miqdarda alimenti ödəməyə imkanı yoxdur. İddiaçının etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil da izahatından görünür ki, o, cavabdehin hər ay 135 manat aliment ödəməsinə etiraz etmir. Ona görə də Tuncay adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 135 manat miqdarında aliment alınıb İddiaçı qızına verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin məhkəməyə müraciət olunduğu vaxtdan tutulması barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı 17 iyul 2021-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 25.07.2019-cu il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 135 (bir yüz otuz beş) manat sabit pul məblğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulmasına 17 iyul 2021-ci ildən başlansın. Alimentin ödənilməsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1549/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1549/2021
16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver