Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1550/2021 16.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Kəmaləddin qızının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Kəmaləddin qızının Cavabdeh qarşı «alimentin alınması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Kəmaləddin qızı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh X4 və X6 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə aliment tutulub verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Kəmaləddin qızının etibarnamə üzrə nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək, hər ay hər uşaq üçün 100 manat məbləğində aliment pulunun tutulmasının təmin edilməsini xahiş etmişdir. İddiaçı Kəmaləddin qızının etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, təmsil etdiyi şəxs Cavabdeh ilə 2018-ci ildə qeyri-rəsmi ailə qurmuşdur. Birgə evlilikdən 30 sentyabr 2018-ci ildə X4 adlı, 16 yanvar 2020-ci ildə X6 adlı övladları olmuşdur. Ona görə də məhkəmədən Cavabdeh X4 və X6 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay hər uşaq üçün 100 manat məbləğində aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə cavabdelə telefonoqram vasitəsi ilə əlaqə saxlandığı zaman bildirmişdir ki, o, aliment tutulmasına etiraz etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Belə ki, işə əlavə olunmuş AZ-İ 352480 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, İddiaçı Kəmaləddin qızından doğulmuş 30 sentyabr 2018-ci il təvəllüdlü X2 atasıkimi Cavabdeh müəyyən edilmişdir. İşə əlavə olunmuş AZ-İ 352611 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, İddiaçı Kəmaləddin qızından doğulmuş 16 yanvar 2020-ci il təvəllüdlü X3 atası kimi Cavabdeh müəyyən edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin sürətlərindən görünür ki, 30.09.2018-ci il təvəllüdlü X4 və 16.01.2020-ci il təvəllüdlü X6 adlı uşaqların atası kimi Cavabdeh və anaları kimi isə İddiaçı Kəmaləddin qızı qeyd olunmuşdur. Məhkəmə təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar. Tərəflərin birgə münasibətlərindən olan 30.09.2018-ci il təvəllüdlü X4 və 16.01.2020-ci il təvəllüdlü X6 adlı uşaqların saxlanması üçün cavabdeh kömək göstərmir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat məbləğdə aliment müəyyən edilməsini məqsədə uyğun sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulmasına 17 iyul 2021-ci ildən başlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: Cavabdeh 30.09.2018-ci il təvəllüdlü X4 və 16.01.2020-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat məbləğində aliment tutularaq İddiaçı Kəmaləddin qızına verilsin. Alimentin tutulmasına 17 iyul 2021-ci ildən başlansın. Alimentin ödənilməsi dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1550/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1550/2021
16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver