Məhkəmə qərarları › İş №2(051)-1554/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1554/2025

29.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1554/2025 29.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq, İddia tələbi təmin olunmaqla Cavabdeh Salman oğlundan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 2012-ci ildə rəsmi nikah kəsdirib ailə qurmuşdur. Birgə nikah dövründə xx.xx.2012-ci ildə qızı X6 və xx.xx.2017-ci ildə qızı X5 anadan olmuşlar. Əvvəllər ailə münasibətləri yaxşı olmuş, son vaxtlar xasiyyəti düz gəlmədiyindən ər-arvad münasibətləri pozulmuş, onların birgə yaşamağı mümkün olmamış, azyaşlı uşaqlarla yuxarıda göstərilən ünvanda yaşayır. Cavabdeh xeyli müddətdir çıxıb getmiş, harada yaşadığını bilmir, uşaqların saxlanması üçün heç bir maddi yardım göstərmir. Özü isə heç bir yerdə işləmir. Cavabdehdən aliment tutulması barədə məhkəmə qətnaməsinə ehtiyacı vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək bildirdi ki, o , aliment ödəməkdən imtina etmir. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Özünün hazırda səhhətində ciddi problemlər vardır. İzahatında qeyd olunanları nəzərə alıb qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlar: İşdə olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 20 iyun 2012-ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 187 nömrə ilə nikah qeydə alınmışdır. Arvada Salmanlı soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 Eldar Sarvan oğlu və İddiaçı birgə nikahların doğulmuşdur. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Salmanlı X3 şəhəri M.ünvan 1 ünvanda qeydiyyatdadır. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumata əsasən Cavabdeh müharibə veteranı kimi 80 manat və yaşa görə 1362,64 manat pensiya təyin olunmuşdur. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər rəsmi nikah bağlamaqla evlənmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşağı doğulmuşdur. Hazırda iddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən aliment tələb edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Məhkəmə qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı təqvim ili ilə qətnamənin qəbul edildiyi təqvim ili arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqının müəyyən mislinə uyğun təyin edilməlidir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli olmaqla, cəmi 1,1 misli həddində sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, uşaqlar iddiaçının yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının yanında yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-cü il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli olmaqla, cəmi 1,1 misli həddində sabit pul məbləğində alimentin tutulması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Ona görə də məhkəmə alimentin məbləğinin iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşaqların mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində təyin edilməsini, işin həqiqi hallarına uyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 234 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər təqvim ili üzrə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli, cəmi 1,1 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar