Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1604/2021 25.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı vəkili – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X2 Cavadeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Mənəvi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurulmuş mənəvi ziyan əvəzi olaraq 20000 manat vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh 20 aprel 2017-ci ildə hər iki dırnaqları ilə onun baş, sinə, boyun və sağ qol nahiyyəsinə cırmaq ataraq onu döymüşdür. Səbəb isə bu olmuşdur ki, o onun oğlundan borcunu tələb etmişdir. Həmin vaxt məhkəmə tibb ekspertizasından keçmiş və ekspertin rəyinə əsasən bədənində bu: alın nahiyyəsində, sağ bazu nsahiyyəsində hər iki diz oynaqlarında qançırlar, ənsə nahiyyəsində hematoma və döş qəfəsinin ön səthində sıyrıqlar müəyyən edilmişdir. 3 uşaq anasıdır və bu münaqişədən, onun döyüşməsindən onun uşaqları da təsirlənmişdir. Bundan əlavə o özü də haqsız yerə belə vəziyyətə düşməyindən mənəvi iztirab keçirmişdir. Qadın olmaqla bərabər həmin anda onun qarşısında acizliyi səbəbindən və özünü müdafiəsiz gördüyündən iztirab çəkmişdir. Onun ona qarşı törətdiyi əməllə əlaqədar onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat cərimə edilmişdir. Ona görə də məhkəmədən Cavabdeh ona vurulmuş mənəvi ziyan əvəzi olaraq 20000 manat vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili X4 məhkəmə iclası zamanı məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı mütəmadi olaraq bu cür iddialar verməklə məkhəməni yanıltmaq və onun özünü müdafiə etmədiyi halda bu cür iddiaları udmaqla ondan müəyyən miqdarda pul əldə etmək niyyətindədir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq analoji iddialar verməklə məhkəmə onsuzda çox olan işini artırmaq qanunvericiliklə də qanunsuzdur. İddiaçının bu cür hərəkətləri nəticəsində o həm maddi, həm də mənəvi ziyan çəkir. Hamının da bildiyi kimi məhkəmədə şəxsə qarşı bu cür iddiaların qaldırılması və həmin iddialarda cavabdeh olmaq hansı əsəb və streslərə səbəb olur. Lakin iddiaçı bu cür iddia qaldırılmaqla öz niyyətinə nail olmaq istəyir. Bu cür halların qarşısının alınması məqsədi ilə MPM-in 120-ci maddəsini rəhbər tutub iddiaçı barəsində müəyyən tədbirlərin görülməsini onunvə ya dövlətin xeyrinə məbləğ tutulması mütləqdir. Ona görə də göstərilənləri nəzərə alaraq İddiaçı ona qarşı mənəvi ziyan tələbinə dair mülki iş üzrə MPM-in 120-ci maddəsini rəhbər tutub iddiaçıdan onun və ya dövlətin 2000 (iki min) manat məbləğində pulun tutulmasını xahiş edir. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, cavabdehin ərizəsi əsassızdır. Belə ki, hazırki mübahisə iddiaçının cavabdeh tərəfindən fiziki zərər yetirilərək çəkdiyi mənəvi zərərlə bağlıdır. Lakin işə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnamələrindən görünür ki, bundan əvvəlki mülki işlər iddiaçının cavabdeh tərəfindən təhqir olunması və xəbəri olmadan kəbin kəsdirməsi ilə əlaqədar çəkdiyi mənəvi zərərlə bağlı olmuşlar. Belə ki, işə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1434/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh və X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(051)-152/2019 nömrəli qətnaməsi qismən – yəni ilk iddia tələbi üzrə “X3 münasibətdə təmin edilməməsi” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qəbul edilmiş, ilk iddia tələbi cavabdeh X3 münasibətdə qismən təmin edilmiş və cavabdeh X1 mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi və Mingəçevir şəhər Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(051)-152/2019 nömrəli qətnaməsi ilk iddianın “Cavabdeh münasibətdə təmin edilməməsi” hissəsində, həmçinin qarşılıqlı iddiaçıların şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 182/2020 saylı qətnaməsindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(051)-152/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmış və İddiaçı, cavabdehlər Cavabdeh və X5 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 3(051)-494/2017 saylı Qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəclləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənəvi zərər vurma ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh 20 aprel 2017-ci ildə hər iki dırnaqları ilə onun baş, sinə, boyun və sağ qol nahiyyəsinə cırmaq ataraq onu döymüşdür. Buna görə də o, Mingəçevir şəhər Məhkəməsinin 3(051)-494/2017 saylı Qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəclləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İddiaçı bildirir ki, həmin hadisə ilə əlaqədar mənəvi iztirablar çəkmiş sarsıntı keçirmişdir. Zərər vuran şəxsin hərəkətləri zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçıya cavabdeh tərəfindən verilmiş fiziki zərər nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir, mənəvi zərərin tələb olunan məbləğdə deyil, 500 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən aslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Belə ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcələləri üzrə Avropa Məhkəməsinin yuridiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 4-cü bəndində göstərilir ki, Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 8-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericliyin müddəları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfusunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 500 (beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1604/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1604/2021
25.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver