Məhkəmə qərarları › İş №2(051)-1737/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1737/2023

23.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1737/2023 23.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İddiaçı: İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqları ilə ünsiyyətdə olmaq üçün maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı uşaqları ilə ünsiyyətdə olmaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh 29 avqust 2020-ci il təvəllüdlü Nəzmi adlı uşağı ilə onun hər həftənin şənbə günü saat 12:00-dan bazar günü saat 12:00dək onun yaşadığı ünvanda qalmaq şərti ilə bayram və ad günlərində saat 11:00-dan 16:00-dək heç bir müdaxilə olmadan Cavabdeh iştirakı, müdaxiləsi olmadan, onun nəzarətinə verilməklə ünsiyyət hüququnun təmin olunması və görüş yeri və vaxtlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Esmira Əfəndiyeva ilə 2019-cu ildə ailə qurmuşlar. Onların birgə nikahdan 29 avqust 2020-ci ildə Nəzmi adlı uşaqları olmuşdur. Esmira Əfəndiyeva ilə onun arasında olan nikah Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan başqa onlar nikah pozulmazdan əvvəl mediasiya prosesində iştirak etmiş və aliment, uşaqla görüş barədə barışıq sazişi bağlamışlar. O, vətən müharibəsi iştirakçısı və Qarabağ qazisidir. Aralarındakı nikah münasibətləri pozulduğundan cavabdeh barışıq sazişinə əməl etməyərək uşağının onunla tək görüşməsinə imkan yaratmır. Dəfələrlə uşağını özü ilə aparıb gəzdirmək istəsəndə ana buna imkan vermir. Belə ki, o ünvan 1 ünvanda yaşayır. Cavabdeh onun yanından əl çəkmir. Bu isə onların arasında münaqişələrə səbəb olur və nəticədə övladı bunun şahidi olur. Odur ki, məhkəmədən cavabdeh 29 avqust 2020-ci il təvəllüdlü Nəzmi adlı uşağı ilə onun hər həftənin şənbə günü saat 12:00-dan bazar günü saat 12:00-dək onun yaşadığı ünvanda qalmaq şərti ilə bayram və ad günlərində saat 11:00-dan 16:00-dək heç bir müdaxilə olmadan Cavabdeh iştirakı müdaxiləsi olmadan, onun nəzarətinə verilməklə ünsiyyət hüququnun təmin olunması və görüş yeri və vaxtlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 29 avqust 2020-ci il təvəllüdlü Nəzmi adlı uşağı ilə onun hər həftənin şənbə günü saat 12:00-dan bazar günü saat 12:00-dək, həmçinin bayram və ad günlərində saat 11:00-dan 16:00-dək Cavabdeh iştirakı və müdaxiləsi olmadan, uşaq sərbəst şəkildə onun nəzarətinə verilməklə ünsiyyət hüququnun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat və qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və göstərdi ki, iddiaçı ilə faktiki nikahlarından 29 avqust 2020-ci il təvəllüdlü Nəzmi adlı uşaq hazırda anası ilə birgə yaşayır. O, iddiaçının uşağı ilə görüşməsinə etiraz etmir. Lakin hesab edir ki, iddiaçının tələbində göstərdiyi görüş saatları və günlərinin müddəti çoxdur. Uşağın az yaşlı olması, eyni zamanda onun davamlı müalicə alması səbəbindən onun başqa yerdə qalması uşağa təsir edəcəkdir. Uşaq beş yaşına çatdıqdan sonra tələbində qeyd etdiyi qaydada uşaqla görüşməsinə etiraz etmir. Lakin hazırkı məqamda iddiaçının tələbdə qeyd olunduğu kimi uşaqla görüşməsi mümkün deyil. Odur ki, məhkəmədən izahatında qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və ərizələrini, işdə olan sənədləri, və digər iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə Nəzmi adlı uşağın atası İddiaçı, anası isə Cavabdehdır. İşdə olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022ci il taixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə görülmüş tədbirlər nəticəsində müəyyən edilmiş günlərdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində eləcə də digər məkanlarda uşağı ilə görüşün keçirilməsi təmin edilmişdir. Lakin uşaqla ünsiyyət zamanı onun anasının, X1 iştirak edib-etməməsi barədə nə barışıq sazişində, nə də ki məhkəmə qətnaməsində ayrıca bənd kimi hər hansı qeyd olunmamışdır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 16 may 2022-ci ildə pozulmuşdur. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-1116/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X3 arasında mediasiya prosesi nəticəsində xx.xx.2021-ci il tarixdə bağlanmış, İddiaçı xx.xx.2020-ci il təvəllüdlü Nəzmi adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində alimentın alınaraq X2 ödənilməsinə, həmçinin həftə sonları hər dəfə 2 saat olmaqla, qısa bayram günləri bir təqvim 2 saat, uzun bayram günləri qarşılıqlı razılaşma ilə 4 saatdan çox olmayaraq, İddiaçı uşaqla gürüşünün X3 tərəfindən təmin edilməsinə dair barışıq sazişi təsdiq edilmişdir. İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023–cü il tarixli 5-3-3/2-130/2023 nömrəli rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyası İddiaçı xx.xx.2020-ci il təvəllüdlü Nəzmi adlı uşağı ilə ünsiyyətdə olmasını uşağın mənafeyinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddiaçının öz uşaqları ilə görüşməsi, onunla ünsiyyətdə olması və uşaqların tərbiyəsi ilə məşğul olması Azərbaycan Respublikasının Ailə qanunvericiliyi ilə valideyn kimi ona məxsus hüquqlarının dairəsinə daxildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1–ci maddəsinə görə uşaq valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.3–cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1–ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1–ci maddəsinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.3–cü maddəsində nəzərdə tutulmuşdur ki, valideynlər uşaqlarının tərbiyyəsində digər şəxslərlə müqayisədə üstün hüquqlara malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1–ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.3–cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onlardan birinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Ona görə də məhkəmə sadalanan hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçının yetkinlik yaşına çatmayan uşağı ilə ünsiyyət yaratmaq, uşaqlarının tərbiyəsi ilə məşğul olmaq və bu qayda ilə valideynlik hüquqlarını həyata keçirmək istəyinə dair iddiası qismən əsaslıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş Nəzmi adlı uşaq hazırda az yaşlıdır və onun ana qayğısına daha çox ehtiyacı vardır. Ona görə də iddiaçının az yaşlı uşağı Nəzmi iddia tələbində qeyd etdiyi günlərdə və saatlarda görüşməsi cavabdehin eyni günlərdə uşaqlarının tərbiyəsi ilə məşğul olmaq hüququ ilə uzlaşmır. Eyni zamanda məhkəmə hesab edir ki, bayram və ad günlərində uşaqları ilə birgə istirahət etmək, onların qayğısına qalmaq və digər valideynlik hüquqlarını həyata keçirmək hüququ iddiaçı ilə bərabər cavabdehə də məxsusdur. Ona görə iddiaçının tələbində qeyd etdiyi günlər və saatlar istərsə də bayram və ad günlərinin bütün hissəsinin iddiaçının valideynlik hüquqlarının həyata keçirilməsinə sərf olunması valideynlər arasında elə bölünməlidir ki, belə bölgü onların hər ikisinin hüquqlarını həyata keçirməyə xidmət etsin və birinin digərinə münasibətdə hüquqlarını məhdudlaşdırmasın. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011–ci il tarixli 6/2011 saylı qərarının 1–ci bəndində göstərilmişdir ki, ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib–getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibəti, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin Qərarın 3–ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. Odur ki, məhkəmə tərəflərin izahatını, uşağın yaşayış şəraitini, yaşını, istirahət vaxtını, xüsusən uşağın mənafelərini, o cümlədən onun azyaşlı olmasını, valideynlərdən hər birinə olan bağlılığını nəzərə alaraq hesab edir ki, İddiaçı 29 avqust 2020-ci il tarixdə doğulmuş Nəzmi adlı uşağı ilə ünsiyyətdə olma hüququ hər həftənin şənbə günləri saat 10:00–dan 17:00–dək, bayram və ad günlərində günlərində 1 gün saat 11:00–dan 16:00–dək anası, Cavabdeh iştirakı və müdaxiləsi olmadan müəyyən edilməlidir, qalan hissədə iddia təmin edilməməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı 29 avqust 2020-ci il tarixdə doğulmuş Nəzmi adlı uşağı ilə ünsiyyətdə olma hüququ hər həftənin şənbə günləri saat 10:00–dan 17:00–dək, bayram və ad günlərində 1 gün saat 11:00–dan 16:00–dək anası, Cavabdeh iştirakı və müdaxiləsi olmadan müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verilidiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar