Məhkəmə qərarları › İş №2(051)-1779/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1779/2021

29.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1779/2021 29.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və vəkili Vəkil Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi ziyan əvəzi 1000 manat, mənəvi ziyan əvəzi olaraq 10000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh arvadı ilə birlikdə qonşuluqda yaşayan qayınanasının evində yaşayır. Cavabdehin qayınanası daima onu və anasını təhqir edib. Elə cavabdehi də üzərlərinə salan qayınanası olmuşdur. Cavabdeh 08 noyabr 2020-ci il tarixdə, saat 13:00 radələrində ona qarşı “sağ əlində sağ said və qarın nahiyəsində sıyrıqlar, sağ sağrı və sol bazu nahiyəsində qançırlar bərk, alt çənədə sol ön birinci paradantozu dişin travmatik düşməsi” ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə fiziki zor tətbiq etmişdir. Cavabdeh həmin hadisə ilə əlaqədar Gəncə Hərbi Məhkəməsinin 16 mart 2021ci il tarixli, 3-1(095)-37/2021 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Cavabdeh ona həm mənəvi, həm də maddi ziyan vurmuşdur. Belə ki, o, ali təhsillidir. Qadın olduğu üçün yad kişinin onu vurması ona ağır iztirab vermişdir. Dişinin təmir olunması üçün 100 manat əlavə xərc çəkmişdir. Ahıl anasının və azyaşlı uşağının yanında köməksiz vəziyyətdə qalıb cavabdeh tərəfindən döyülməsi onu çox incitmişdir. Cavabdeh qarşısında acizliyi və müdafiəsizliyi səbəbindən iztirab çəkmişdir. Cavabdehin cəzalandırılması üçün Mingəçevir şəhər Polis Şöbəsinə, Zaqatala rayon Prokurorluğuna, Gəncə Hərbi Məhkəməsinə dəfələrlə xərc çəkib getmişdir. Pandemiya səbəbi ilə avtobuslar işləmədiyindən o, taksi tutmağa məcbur qalmışdır. Cavabdeh etdiyi əməldən peşman olmamış, ona vurduğu ziyanın aradan qaldırılmasına çalışmamış, əksinə təhdidlərini artırmışdır. Eləcə də cavabdehin zərbəsi nəticəsində onun bir ədəd dişi düşmüşdür. Düşən bir dişin bərpa olunması üçün üç ədəd dişin qoyulması tələb olunur ki, bunun üçün də ona 450 manat məbləğində vəsait lazımdır. Odur ki, cavabdehdən maddi ziyan əvəzi 1000 manat, mənəvi ziyan əvəzi olaraq 10000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək təmsil etdiyi şəxsin izahatına uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, iddiaçının söylədikləri yalandır. O, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi çavuş hərbi rütbəsində xidmət edir. O, heç kimi döyməmişdir. İddiaçı dəlidir. Psixonevroloji dispanserdə qeydiyyatdadır. Günorta evə gələndə işıq sayğacına kart vasitəsilə pul yükləyən zaman iddiaçı mənzilindən çıxıb onu söymüş və təhqir edərək üzünə tüpürmüşdür. Bundan sonra qayınanası araya keçən vaxt iddiaçı onu döymüş və bədənini cırmaqlamışdır. Arvadı onları araladıqdan sonra evlərinə qayıtmışlar. O, iddiaçıya əl qaldırmamışdır. Buna görə də ziyan ödəməməlidir. İddiaçı onları döydüyü halda onlardan gedib şikayət etmişdir. İddiaçının dişinin hansı şəraitdə düşməsi qeyrimüəyyəndir. Hesab edir ki, iddiaçının dişi çürüdüyü üçün düşmüşdür. Hazırda iddiaçının ondan əsassız olaraq 1000 manat maddi ziyan və 10000 manat mənəvi ziyan tələb etməsi, həm qərəzli münasibətin təsirindən, həm də əsassız gəlir əldə etməkdən irəli gəlmişdir. Hesab edir ki, iddiaçının maddi və mənəvi ziyan tələbinə dair iddiası əsassız və qanunsuzdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Zaqatala Hərbi Prokurorluğunun 08 fevral 2021-ci il tarixli, HP- 23/166 saylı məktubundan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, çavuş Cavabdeh İddiaçı qarşı dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə fiziki zor tətbiq etməsi faktı qüvvədə olan qanunvericiliyə əsasən cinayət sayılmadığından 08 fevral 2021ci il tarixli qərarla çavuş Cavabdeh barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan Zaqatala Hərbi Prokurorluğunun 08 fevral 2021-ci il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, çavuş Cavabdeh İddiaçı qarşı dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə fiziki zor tətbiq etməsi faktı üzrə çavuş Cavabdeh barəsində Azərbaycan Respublikası İXM–in 157–ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. İşdə olan Gəncə Hərbi Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 3-1(095)-37/2021 saylı qərarından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, çavuş Cavabdeh İddiaçı qarşı dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə fiziki zor tətbiq etməsi faktı üzrə o, Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən stomatoloq həkimlərlə aparılmış sorğu əsasında verilmiş 18.11.2021-ci il tarixli, 255 nömrəli rəydən görünür ki, bir ədəd yeri boş dişin bərpa olunması üçün üç ədəd diş qoyulmalıdır. Bir ədəd “keramikazirkon” dişin qiyməti 150 manat olmaqla, üç ədəd dişin qiyməti 450 manat təşkil edir. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh qonşudur. Cavabdeh 08.11.2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında blokda aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı iddiaçıya qarşı sağ əlində, sağ said və qarın nahiyəsində sıyrıqlar, sağ sağrı və sol bazu nahiyəsində qançırlar bərk, alt çənədə sol ön birinci paradantozlu dişin travmatik düşməsinə səbəb olan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə fiziki zor tətbiq etmişdir. Ona görə də cavabdeh Gəncə Hərbi Məhkəməsinin inzibati xəta haqqında qərarı ilə Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Bu hallar məhkəmə iclasında tədqiq edilən, mötəbər mənbələrdən əldə edilmiş sənədlərlə sübuta yetirildiyindən, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin hazırkı mübahisə üzrə iddiaçıya maddi ziyana görə 1000 manat və mənəvi ziyana görə isə 10.000 manat məbləğində zərər vurulması barədə tərəflərin izahatları ziddiyyətli olduğundan, məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə iddiaçının 1000 manat məbləğində maddi ziyana və 10.000 manat məbləğində mənəvi zərərə məruz qalmasını, yəni almış olduğu maddi ziyanın və mənəvi zərərin cavabdehin hüquqazidd təqsirli hərəkətlərindən sonra baş verməsini, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını və onun nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini, həmçinin həmin iztirab nəticəsində fiziki əzab çəkməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 139.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 1–ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”-nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115–ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçının cavabdeh tərəfindən döyülməsi, yəni dərəcəsi təyin edilməyən bədən xəsarəti alması nəticəsində o, fiziki əzab çəkməklə iztirab keçirmişdir. Bununla da iddiaçı mənəvi zərərə, həmçinin sağlamlığına dəyən zərərin aradan qaldırılması üçün maddi ziyana məruz qalmışdır. Belə ki, inzibati xətanın törədilməsi ilə əlaqədar iddiaçının alt çənədə soldan 1–ci ön dişi düşmüşdür. Bir ədəd yeri boş dişin bərpa olunması üçün üç ədəd Almaniya istehsalı olan keramika-zirkon dişin hazırlanması üçün zəruri olan 450 manat məbləğində vəsaiti maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Bütün bu hallar onu deməyə əsas verir ki, iddiaçı cavabdehin hüquqazidd hərəkəti nəticəsində maddi ziyana məruz qalmışdır. Cavabdeh isə sağlamlığa vurduğu ziyana görə iddiaçıya maddi yardım etməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçıya maddi ziyan inzibati xətanın təqsirli olaraq törədilməsi ilə əlaqədar vurulmuşdur. Ona görə də iddiaçının sağlamlığının pozulması, yəni alt çənədə sol ön birinci paradantozlu dişin bərpa olunması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, dava–dərman alınmasına, protezləşdirməyə çəkdiyi xərclərinin əvəzi ödənilməlidir. Məhkəmə, iddiaçının sağlamlığının pozulması ilə əlaqədar olaraq vurulmuş zərərin ödənilməsi həcmini müəyyənləşdirərkən öz qənaətini belə əsaslandırır ki, iddiaçı sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər, o cümlədən müalicəyə, əlavə qidalanmaya və dava–dərman alınmasına dair mötəbər sənədlər təqdim etməsə də, qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən qəsdən törədilmiş inzibati hüquqpozma nəticəsində iddiaçının alt çənədə sol ön birinci paradantozlu dişi düşmüşdür. Həmin dişin bərpa olunması üçün iddiaçının 3 ədəd dişinin üzərinə Almaniya istehsalı olan keramika-zirkon diş qapaqları qoyulmalıdır. Həmin zirkon keramik diş qapaqlarının 1 ədədinin hazırkı vaxta orta bazar qiyməti, Mingəçevir şəhərində yerləşən "xxxx" MMC-nin stomatoloq həkimlərlə aparılmış sorğu əsasında verdiyi rəyə görə 150 manat təşkil edir. Ona görə də məhkəmə iddianın maddi ziyana aid hissəsinin 450 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iddianın mənəvi zərər hissəsi ilə bağlı qeyd edir ki, döyülmə nəticəsində iddiaçı dərəcəsinin təyin olunmayan bədən xəsarəti almış, onun sağ said və qarın nahiyəsində sıyrıqlar, sağ sağrı və sol bazu nahiyəsində qançırlar bərk, alt çənədə dişin travmatik düşməsi ilə nəticələnən zədə almışdır. Nəzərə alınsa ki, iddiaçının qabaq dişinin travmatik düşməsi, onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Belə ki, bu hal başqa–başqa şəxslərlə ünsiyyətdə olan zaman iddiaçının narahatçılıq keçirməsinə və özünə inam hissini itirməsinə səbəb olmuşdur. Eləcə də iddiaçı xəsarət aldığı və ondan sonra kəskin ağrılar keçirməklə fiziki əzab çəkmişdir. Bu isə iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olan mənəvi sarsıntı keçirməsinə, həmçinin sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkdiyinə görə iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə mənəvi zərərə görə 10000 manat məbləğində pul tələbi ilə bağlı o qənaətdədir ki, inzibati xəta nəticəsində iddiaçının sağ said və qarın nahiyəsində sıyrıqlar, sağ sağrı və sol bazu nahiyəsində qançırlar bərk, alt çənədə dişin travmatik düşməsi ilə nəticələnən zədə əmələ gəlmiş, şübhəsiz ki, iddiaçının çəkdiyi fiziki əzab nəticəsində keçirdiyi iztirab və sarsıntı onun şüurunda mənfi reaksiyaya səbəb olmuşdur. İddiaçı müalicə və müayinə olunmaqla sağlamlığını tam şəkildə bərpa etsə də, həmin müddət ərzində iddiaçı əvvəlki fəal həyat tərzindən məhrum olduğundan, mənəvi zərərə məruz qalmış, lakin zərərin məbləğinin 10000 manat həcmində olması, işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına uyğun deyildir. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, iddiaçının dərəcəsi təyin edilməyən bədən xəsarəti almasını, həmçinin cavabdehin maddi, əmlak vəziyyətini və digər diqqətə layiq halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin məbləğinin 200 manat, maddi zərərin məbləğinin isə 450 manat miqdarında müəyyən edilməsi qanuni, əsaslı, ədalətli və işin həqiqi hallarına uyğundur. Ona görə də iddiaçının mənəvi zərərə görə 10.000 (on min) manat və maddi zərərə görə 1000 (min) manat məbləğində tələb etdiyi iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdehdən vurulmuş mənəvi zərərə görə 200 manat, maddi zərərə görə isə 450 manat pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdehin iddiaçıya qarşı etdiyi hərəkət zorakılıqdır. Hər bir zorakılıq isə xəsarətin dərəcəsindən asılı olmayaraq, hüquq pozuntusudur. Hər bir hüquq pozuntusunun, yəni istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizliyin törədilməsi, zərərçəkən şəxsə mənəvi zərərin vurulmasına səbəb olur. Bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad olunan qərarlarında da öz əksini tapmışdır. Belə olan halda zərərçəkənin istənilən formada xəsarət alması, yəni onun cavabdeh tərəfindən döyülməsi və zəif tərəf kimi zorakılığına məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bu da iddiaçının mənəvi zərərə məruz qalması üçün yetərlidir. Həmin vaxt iddiaçının işləməsi və yaxud evdar qadın olması, onun mənəvi zərərə məruz qalmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Bu hallar yalnız mənəvi zərərin məbləği zamanı nəzərə alınır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 450 (dörd yüz əlli) manat, mənəvi ziyanın əvəzi olaraq 200 (iki yüz) manat, cəmi 650 (altı yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar