Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1783/2022 13.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmaqla, barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilməklə və təqsirləndirilən şəxs qismində cəlb edilməklə əlaqədar vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs barəsində Mingəçevir şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 1(051)-139/2021 saylı hökmü ilə bəraət verilmişdir. Sonradan iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Rəsulova Səlimə apelyasiya şikayəti ilə müraciət edərək Mingəçevir şəhər Məhkəməsinin həmin qərarından şikayət vermişdir. X6 Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(107)-381/2021 saylı qərarı ilə Mingəçevir şəhər Məhkəməsinin sözügedən hökmü qüvvədə qalmış və şikayət rədd edilmişdir. Qərardan narazı qalan zərərçəkmiş şəxs X4 müdafiəçisi X1 qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2022-ci il tarixli 1(102)-826/2022 saylı qərarı ilə zərər çəkmiş şəxs X4 vəkili X2 verdiyi şikayət təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin həmin qərarı qüvvədə qalmışdır. Həmin müddət ərzində təmsil etdiyi şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi, barəsində “başqa yerə getməmək barədə” iltizam tənbeh tədbiri tətbiq edildiyi və təqsirləndirilən şəxs qismində cəlb edildiyi müddətdə mənəvi iztirab keçirtmişdir, onun şərəf və ləyaqəti ləkələnmişdir. Beləliklə təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymiş, cəmiyyətə hörmətdən düşmüşdür. Bu dövrdə də dərin psixoloji və mənəvi sarsıntı keçirmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi və 30.000 manat məbləğində mənəvi zərərin əvəzinin dövlət büdcəsindən tutulmasıhaqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi iştirak etdiyi əvvəlki məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bidirdi ki, iddiaçı şərəf və ləyaqətinin alçaldığını iddia edərkən və bunun nəticəsində ona psixoloji təsir olduğunu irəli sürərkən, bu zərərin qarşılığı olaraq cavabdehdən tələb etdiyi 30.000 manat mənəvi zərərin məbləğinin bu həddə olmasını dəqiq əsaslandırmamışdır və bununla bağlı hər hansı bir dəlil təqdim etməmişdir. Ona görə də tələb olunan məbləğ ağlabatan deyil. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə 30.000 manat mənəvi zərərə məruz qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Mingəçevir ŞPŞ-nin İB-nin 20 may 2021-ci il tarixli qərarına əsasən iddiaçı AR CMnin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmim maddə ilə ittiham elan edilmişdir. Mingəçevir ŞPŞ-nin İB-nin 20 may 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərara əsasən iddiaçı barəsində “başqa yerə gertməmək hqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 1(051)- 139/2021 saylı hökmündən görünür ki, İddiaçı arəsində CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işinə cinayət tərkibnin əlaməıtləri olmaması əsası ilə bəraət verilmişdir.. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(107)-381/2021 saylı qərarı ilə, zərərçəkmiş şəxs tərəfindən Mingəçevir şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 1(051)-139/2021 saylı hökmündən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və qüvvədə qalmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2022-ci il tarixli 1(102)-826/2022 saylı qərarı ilə zərər çəkmiş şəxs X4 vəkili X2 verdiyi şikayət təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin həmin qərarı qüvvədə qalmışdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının, habelə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Daha sonra Mingəçevir şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 1(051)-139/2021 saylı hökmü il İddiaçı barəsində CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işinə cinayət tərkibinin əlamətləri olmaması əsası ilə bəraət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(107)-381/2021 saylı qərarı ilə, zərərçəkmiş şəxs tərəfindən Mingəçevir şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 1(051)-139/2021 saylı hökmündən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və qüvvədə qalmışdır. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2022-ci il tarixli 1(102)-826/2022 saylı qərarı ilə zərər çəkmiş şəxs X4 vəkili X2 verdiyi şikayət təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin həmin qərarı qüvvədə qalmışdır. Beləliklə, məhkəmə tərəfindən yekun olaraq şəxsin təqsirsiz olduğu qənaətinə gəlinmiş və şəxs qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş və şəxs barəsində əsassız olaraq qətimkan tədbiri seçilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4–cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub–olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56–cı maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 61.1–ci maddəsinə əsasən cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Həmin Məcəllənin 61.2–ci maddəsinə əsasən bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. Həmin Məcəllənin 58.2–ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Həmin Məcəllənin 63–cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1–ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 6–ci maddəsinə əsasən bu Qanunun 5–ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5–ci maddəsinin 1–ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçıya dəymiş maddi ziyanının cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində baş verməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmündə öz əksini tapmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş həmin hökmü hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4–cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub– olmaması və ya bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Ona görə də məhkəmə hesab edir ki, iddianın, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi zərərə görə 30.000 (otuz min) manat məbləğində kompensaiya ödənilməsinə dair hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməli və iddiaçıya vurulmuş maddi ziyana görə 1.000 manat məbləğində kompensasiya ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinə məruz qalması mənəvi ziyan vurulmuşdur. Həmin halın aradan qaldırılması, yəni iddiaçının pozulmuş hüququnun bərpa olunması, vurulmuş mənəvi ziyana görə pul kompensasiyası ödənilməsi yolu ilə mümkündür. Belə olan halda məhkəmə iddianın mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən əsaslıdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində iddiaçının barəsində mənfi fikrin formalaşmış, onu əhatə edən şəxslərlə münasibətləri pisləşmiş, onun haqqında mənfi fikir formalaşmış, yəni onu tanıyan şəxslərin hamısı ondan qaçmış və qınamışdır. Bununla da iddiaçıya mənəvi ziyan dəymişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7–ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui–istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12–ci maddəsinə əsasən bu Qanunun 5–ci maddəsinin 1–ci, 2– ci və 4–cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 1–ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7–ci bəndində göstərilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115–ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 30.000 manat mənəvi zərərə görə kompensasiya tələbi işin hallarına, onun keçirdiyi mənəvi sarsıntı və fiziki iztirabın xarakterinə, həmin iztirab və sarsıntının kəskin mənfi nəticələrə səbəb olmamasına görə kifayət qədər yüksək, açıq–aşkar ədalətsiz pul tələbidir. Belə ki, mülki işə məhkəmədə baxılarkən iddiaçı tələb etdiyi məbləğdə mənəvi zərərə məruz qalmasına dair əlavə sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından da belə sübutların olması görünmür. Ona görə də məhkəmə hesab edir ki, iddianın, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində kompensasiya ödənilməsinə dair hissəsi qismən təmin edilməli və iddiaçıya vurulmuş mənəvi zərərə görə 1.000 manat məbləğində kompensasiya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bəraət almış İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına mənəvi zərərə görə 1.000 (min) manat məbləğində pul ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1783/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1783/2022
13.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver