Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1785/2022 03.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş X1 və X2 adlı uşaqların saxlanması üçün sabit pul məbləğində hər ay 200 manat miqdarında alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh birgə nikahdan doğulmuş X1 və X2 adlı uşaqların saxlanması üçün sabit pul məbləğində hər ay hər uşağa 120 manat, cəmi 240 manat miqdarında alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Cavabdeh ilə nikahlarını 19 iyul 2016-cı ildə Yevlax rayon Qeydiyyat Şöbəsində rəsmişləşdirmişlər. Onların birgə nikahından xx.xx.2016-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 adlı iki nəfər uşaqları olmuşdur. Nikahlarının ilk günlərində münasibətləri yaxşı olmuş, mehriban olmuşlar. Lakin sonra münasibətləri pozulmağa başlamışdır. Buna səbəb cavabdehin ailəsi ilə maraqlanmaması olmuşdur. Cavabdeh uşaqların saxlnaması üçün də maddi cəhətdən köməklik göstərmir. Hazırda uşağın saxlanmasında maddi çətinlik çəkir. Uşağına özü tək baxır. Cavabdehin uşağı ilə maraqlanmır. Onlar faktiki olaraq ayrı yaşayırlar. Ona görə də, Cavabdeh birgə nikahdan doğulmuş X1 və X2 adlı uşaqların saxlanması üçün sabit pul məbləğində hər ay hər uşağa 120 manat, cəmi 240 manat miqdarında alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 19 iyul 2016-ci ildə Yevlax rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 184 nömrə ilə dövlət qeydiyyatına alınmış, arvada Babayeva soyadı verilmişdir. İşə əlavə olunan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2016-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçı uşağın yetkinlik yaşına çatana kimi aliment tələbində də haqlıdır. Ona görə də Cavabdeh xx.xx.2016-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat miqdarında aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin məhkəməyə müraciət olunduğu vaxtdan tutulması barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nın 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2016-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulmasına xx.xx.2022-ci ildən başlansın. Alimentin ödənilməsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1785/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1785/2022
03.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver