Məhkəmə qərarları › İş №2(051)-1802/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1802/2023

02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1802/2023 02.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə , İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı 31 dekabr 2012-ci ildə anadan olmuş İlqar və 26 noyabr 2014-cü ildə anadan olmuş Nihat adlı uşaqların “serebral iflic” xəstələri olduqlarına görə Cavabdeh hər ay hər uşağa 300 manat olmaqla, cəmi 600 manat məbləğdə əlavə xərcin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2012-ci ildə Cavabdeh ilə el adəti üzrə toy edərək ailə qurublar. Nikahlarını isə 16 aprel 2013-cü ildə rəsmiləşdirmişdirlər. Onların birgə nikahlarından 31 dekabr 2012-ci ildə İlqar və 26 noyabr 2014-cü ildə Nihat adlı uşaqları doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmişdir. Onlar faktiki olaraq cavabdehlə ayrı-ayrıyaşayırlar. Lakin, buna baxmayaraq Cavabdeh uşaqlarını saxlamağa köməklik etmirdi. Elə buna görə də, o,aliment tələbi ilə məhkəməyə müraciət etdi. Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsi ilə az yaşlı uşaqlarının saxlanması üçün hər ay hər uşağa 170 manat məbləğdə aliment təyin olunmuşdur. Lakin, 31 dekabr 2012-ci il təvəllüdlü İlqar və 26 noyabr 2014-cü il təvəllüdlü Nihat adlı uşaqları xəstədir. Belə ki, onların hər ikisi “serebral iflic” xəstəliyindən əziyyət çəkirlər. O, övladlarını daimi müalicə etdirir. Ançaq müalicə külli miqdarda vəsait hesabına başa gəlir. Övladlarını tək başına müalicə etdirməyə imkanı yoxdur. Belə ki, övladlarının 1 kurs müalicəsi 1500-2000 manat arasındadır. Bu məbləği isə ödəmək onun imkanın xaricindədir. O, övladlarını valideynlərinin köməkliyi ilə müalicə etdirir. Hesab edir ki, cavabdeh uşaqların atası olduğu üçün o, əlavə xərclərə cəlb olunmalıdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı İddiaçı iddiasına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, gəlməməsi barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan AZ-İİİ seriyalı 021840 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 31 dekabr 2012-ci il tarixdə X3 doğulmuşdur. İşdə olan AZ-İİİ seriyalı 413513 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 26 noyabr 2014-cü il tarixdə X4 doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-634/2023 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il tarixdə doğulmuş İlqar və xx.xx.2014-cü il tarixdə doğulmuş Nihat adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət etmişdi. İşdə olan Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X3 “mərkəzi sinir sisteminin irsi degeneratik xəstəliyi” diaqnozu qoyulmuşdur. İşdə olan Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X4 “mərkəzi sinir sisteminin irsi degeneratik xəstəliyi” diaqnozu qoyulmuşdur. “Azemis” informasiya sisteminə verilmiş sorğuya əsasən Cavabdeh işəgötürən X1 yanında sürücü, yük avtomobili vəzifəsində çalışır və vəzifə maaşı 350 azn məbləğindədir və işəgötürən X2 yanında operator, kran/traktor vəzifəsində çalışır və vəzifə maaşı 300 azn məbləğindədir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən aliment tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqında ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclər ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə yekunda həm iş materiallarının, həm də verilmiş izahatların tədqiqi nəticəsində belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdehin birgə nikahından olan hər iki uşağa “mərkəzi sinir sisteminin irsi degeneratik xəstəliyi” diaqnozu qoyulmuşdur və onların hər birinin xüsusi baxıma ehtiyac olduğu müəyyən olunmuşdur. Belə olan halda, iddia tələbi qismən təmin edilməli, yəni cavabdehdən Cavabdeh hər ay hər uşağa görə 50 (əlli) manat məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə rədd edilməldir. Belə ki, iddiaçı tərəfindən cavabdehin əlavə gəlirlərinin olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 31 dekabr 2012-ci ildə anadan olmuş İlqar və 26 noyabr 2014-cü ildə anadan olmuş Nihat adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat məbləğdə əlavə xərcin tutulub Cavabdeh İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar