Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-192/2022 01.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı nəvələri ilə ünsiyyətdə olmaq üçün maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nəvələrlə ünsiyyətdə olmaq üçün maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 04.10.2018-ci il tarixdə doğulmuş Pərvin (Azər) və 01.02.2020–ci il tarixdə doğulmuş Nilay adlı nəvələri ilə hər həftənin bazar günləri saat 10:00–dan 14:00–dək yaşadığı Mingəçevir şəhəri, Energetika ünvanında görüşməklərinin təmin olunması üçün maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək göstərdi ki, X1 onun oğludur. O, İkinci Qarabağ müharibəsində şəhid olmuşdur. Bundan sonra isə cavabdeh onun nəvələri ilə ünsiyyət yaratmasına mane olur. O, doğma nəvələri ilə ünsiyyət yarada bilmir və onların tərbiyəsi ilə məşğul ola bilmir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsi ona nəvələri ilə ünsiyyət yaratmaq hüququ vermişdir. Cavabdeh isə onun həmin hüququnu məhdudlaşdırmışdır. O, dəfələrlə nəvələri ilə görüşmək, onların qayğısına qalmaq və tərbiyəsi ilə məşğul olmaq istiqamətində müəyyən cəhdlər etsə də, cavabdeh uşaqları ondan yayındırmış və görüşməsinə imkan verməmişdir. Hesab edir ki, onun nəvələri ilə öz evində görüşmək hüququ vardır. Cavabdeh tərəfindən ona edilən maneə aradan qaldırılmalıdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri, qəyyumluq və himayəçilik orqanının rəyini və digər iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir regional “ASAN xidmət” Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X1 ilə Cavabdeh birgə nikahından 04.10.2018–ci il tarixdə Pərvin və 01.02.2020-ci il tarixdə Nilay adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının 06.07.2021–ci il tarixli 98 nömrəli Qərarından görünür ki, İddiaçı 04.10.2018–ci il tarixdə doğulmuş Pərvin (Azər) və 01.02.2020-ci il tarixdə doğulmuş Nilay adlı nəvələri ilə hər həftənin bazar günləri saat 10:00–dan 14:00–dək görüşməsinə icazə verilməsi qərara alınmışdır. İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının 24.01.2022–ci il tarixli 17 nömrəli rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyası İddiaçı Pərvin (Azər) və Nilay adlı nəvələri ilə ünsiyyətdə olmasını məqsədə müvafiq hesab etmişdir. İşdə olan İkinci Qarabağ müharibəsində şəhid olan Azərbaycan əsgər, gizir və zabitlərinin məlumatlarını əks etdirən siyahıdan görünür ki, X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddiaçının öz nəvələri ilə görüşməsi, onlarla ünsiyyətdə olması və uşaqların tərbiyəsi ilə məşğul olması, Azərbaycan Respublikasının Ailə qanunvericiliyində onlara məxsus hüquq kimi təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.1–ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.3–cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Ona görə də məhkəmə sadalanan hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçının nəvələri ilə ünsiyyət yaratmaq, nəvələrinin tərbiyəsi ilə məşğul olmaq istəyinə dair iddiası əsaslıdır. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011–ci il tarixli 6/2011 saylı qərarının 4–cü bəndində göstərilmişdir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Həmin qərarın 10–cu bəndində göstərilmişdir ki, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Odur ki, məhkəmə iddiaçının izahatını, uşaqların yaşayış şəraitini, yaşını, istirahət vaxtını, Qəyyumluq və Himayəçilik Orqanının rəyini və xüsusən uşaqların mənafelərini, o cümlədən onların qidalanma rejimini, asudə vaxtını nəzərə alaraq hesab edir ki, iddiaçının Pərvin və Nilay adlı nəvələri ilə ünsiyyətdə olma hüququ hər ayın bazar günləri saat 10:00–dan 14:00–dək iddiaçının yaşadığı Mingəçevir şəhəri, Energetika ünvanında görüşməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 04.10.2018–ci il tarixdə doğulmuş Pərvin və 01.02.2020-ci il tarixdə doğulmuş Nilay adlı uşaqlarla ünsiyyətdə olma hüququ hər ayın bazar günləri saat 10:00–dan 14:00– dək iddiaçının yaşadığı Mingəçevir şəhəri, Energetika ünvanında görüşməsi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-192/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-192/2022
01.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver