Məhkəmə qərarları › İş №2(051)-1968/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1968/2022

03.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1968/2022 03.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə 07 avqust 2008-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 28 avqust 2009-cu il təvəllüdlü Zəhra, 24 iyun 2011-ci il təvəllüdlü Ziya adlı iki uşaqları olmuşdur.Əvvəllər tərəflər arasında ailə münasibətləri normal olmuş və mehriban yaşamışlar. Lakin sonradan tərəflər 2018-ci ilin may ayında faktiki olaraq ayrı yaşayırlar. Həmin vaxtdan da uşaqlar iddiaçının yanında yaşayırlar və uşaqlara iddiaçı baxıb böyüdür. Cavabdeh isə uşaqların saxlanmasında iştirak etmir, heç bir maddi kömək göstərmir. Halbuki cavabdehin yaxşı gəliri var, maddi imkanı yaxşıdır. Belə ki cavabdehin mağazası var, kirayəyə mənzil vermişdir, avtomaşını var ki, taksi kimi də fəaliyyət göstərir. Ona görə də 28 avqust 2009-cu il təvəllüdlü X2, 24 iyun 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa 190 (bir yüz doxsan ) manat sabit pul məbləğində alimentin və ilkin mediasiya üçün mediasiya xərci kimi ödənilmiş 50 manat pulun alınıb iddiaçıya verilməsini xahiş edir. İddiaçı vəkili Vəkil da məhkəmə iclasında iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə rəsmi nikah münasibətinə girməklə ailə qurmuş, birgə nikahlarından 28 avqust 2009-cu il təvəllüdlü Zəhra, 24 iyun 2011-ci il təvəllüdlü Ziya adlı iki uşaqları olmuşdur. Hal-hazırda cavabdehlə münasibətləri pozulmuş və ayrılmışlar. Uşaqlarına baxmaqdan imtina etmir. Lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. Daimi iş yeri yoxdur, İİ qrup əlildir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş nikahın bağlanması haqqında arayışdan görünür ki, tərəflər arasında 7 avqust 2008-ci ildə Mingəçevir şəhər Nikah evində 224 № ilə nikah qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında arayışlardan görünür ki, 28 avqust 2009-cu il təvəllüdlü X2, 24 iyun 2011-ci il təvəllüdlü X3 valideynləri Cavabdeh və İddiaçıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları haqqında” Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sadalanan qanunların mənasından göründüyü kimi uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Həmin vəzifəni yerinə yetirməyən valideyndən uşaqların saxlanması üçün vəsaitin tutulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qaydasında isə aliment müəyyən edilərkən tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla bərabər, uşağın maddi təminatının səviyyəsinin maksimal saxlanması əsas tutulur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər arasında münasibətlər pozulmuş, ayrılmışlar. Tərəflərin birgə nikahlarından iki nəfər uşaqları olmuşdur. Uşaqlar iddiaçının yanında qalırlar. Uşaqların saxlanmasında tərəflər razılığa gələ bilməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment tutulması üçün cavabdehin maddi imkanı olması barədə sübut təqdim edilmədi. Odur ki, iddia qismən təmin edilməli, cavabdehdən hər ay hər uşağa 160(bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən mediasiya xərci kimi ödənilmiş 50(əlli) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 02 sentyabr 2022-ci il tarixdən tutulmalı və qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. 28 avqust 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 160 (bir yüz altmış) manat, 24 iyun 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 160 (bir yüz altmış) manat, cəmi 320(üç yüz iyirmi) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh alınaraq, İddiaçı verilsin. Mediasiya xərci kimi ödənilmiş 50(əlli) manat Cavabdeh alınıb İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 02 sentyabr 2022-ci il tarixdən tutulsun və qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar