Məhkəmə qərarları › İş №2(051)-2003/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2003/2025

30.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2003/2025 30.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Gülay adlı uşağın saxlanması üçün nəzərdə tutulmuş alimentin azaldılaraq hər ay 150 manat məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 19 iyun 2012-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 22 avqust 2012-ci il təvəllüdlü Gülay adlı övladları olmuşdur. Nikahın ilk dövrlərində ailə münasibətləri normal olmuşdur. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3128/2017 saylı 22 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən ondan hər ay 125 manat alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-107/2025 saylı, 03 mart 2025-ci il tarixli qərardadına əsasən isə təyin olunmuş alimentin miqdarı indeksasiya olunaraq bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli miqdarında müəyyən olunmuşdur. O, hazırkı vaxta kimi sözü gedən alimenti normal qaydada ödəmiş və heç vaxt qərəzli hərəkət etməmişdir. Lakin hazırda Ali Məhkəmənin qərarı üzrə müəyyən olunmuş alimentin indeksasiyası kimi bir anlayış çıxarılmışdır. Belə ki, bu qərar məhkəmələrdə hər il baş verən əsassız iddiaların sayının azaldılmasına yönəlmiş bir addımdır. Belə ki, illər üzrə minimum əmək haqqı nəzərə alınmaqla artımlar olduqca alimentin indeksasiyası nəzərdə tutulmuşdur. Bununla da hər il iddia verilməsinə ehtiyac olmayacağı qərara alınmışdır. Ali Məhkəmənin mövqeyi həmin qərarda yazılmış və tam aydındır. Lakin hazırda onun kimi bəzi şəxslərə gözlənilmədən uşaqlar üçün nəzərdə tutulmuş minimum əmək haqqının və uşaqlar üçün yaşayış minimunun 2 mislindən daha çox olan alimentin hesablanması baş vermişdir. Sözü gedən məsələ qətnamənin icrası qaydasında baxıldığı üçün alimentin azaldılması ən ağlabatan və qanuni tədbirdir. Ona aliment təyin olunarkən yəni 2017-ci il üçün uşaqlar üçün yaşayış minimumu 136 manat olmuşdur. Ona isə həmin il üçün nəzərdə tutulmuş uşaqlar üçün yaşayış minimumundan daha az yəni 125 manat aliment təyin olunmuşdur. Aliment təyin olunarkən o, uşağın dolanacaq xərclərini düşünüb alimentə etiraz etməmişdir. Bundan sonraki dövrlərdə alimenti müntəzəm ödəmişdir. Lakin hazırda daimi iş yeri var, ikinci dəfə ailə qurmaqla himayəsində qulluğa ehtiyacı olan azyaşlı xx.xx.2016-cı il təvəllüdlü Ramilə və xx.xx.2023-cü il təvəllüdlü Ramil adlı uşaqları var. "xxxx" ASC-də işləyir və əmək haqqından tutulmalar olmadan 400 manat təşkil edir. Lakin təyin olunmuş aliment 428 manat təşkil edir. Məlum olduğu kimi ikinci işlə məşğul olmağı mümkün deyil və əmək haqqından başqa gəliri də yoxdur. Əmək haqqının 70 faizi belə 280 manat edir. Özünün də dolanışı üçün müəyyən məbləğ lazımdır. Bundan əlavə ikinci dəfə ailə qurmuş və himayəsində iki azyaşlı uşağı var. 400 manat əmək haqqı alan bir şəxs 428 manat aliment ödənilirsə və burada uşağın üstün mənafeyi götürülürsə digər iki uşaqların üstün mənafeyi necə olur? Üç övladı var və 1 yerdən əmək haqqı ala bilir. Sözügedən müəssisədə uzun müddətdir işləyir və iş yeri formal xarakterli deyil. Əmək haqqından əlavə qazancı yoxdur. Başqa gəlirinin olmaması və ikinci nikahdan olan yoldaşı və iki azyaşlı övladına baxmağı səbəbindən alimenti ödəməkdə çətinlik çəkir. Ona görə elə bir aliment təyin olunmalıdır ki, sözügedən məbləğ ödənilə bilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili Vəkil məhkəmə iclasında izahat verərək, alimentin azaldılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materialları : Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-107/2025 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3128/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər uşağa 125 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-3128/2017 saylı qətnaməsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3504/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, İddiaçı Cavabdeh xeyrinə hər ay 125 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X1 xx.xx.2016-cı il tarixdə, X4 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. AZ-İİ № 103137 saylı xx.xx.2016-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 arasında xx.xx.2016-cı il tarixdə Mingəçevir şəhər Nikah evində rəsmi nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 35 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə- Xəlilov, arvada- Xəlilova soyadı verilmişdir. “Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞM/MT031/2025-00314 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış xx.xx.2025-ci il tarixli iş yerinə dair arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən "xxxx" ASC-də frezerçi vəzifəsində işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. İşin faktiki halı : İddiaçı Cavabdeh ilə rəsmi nikaha girməklə ailə qurmuşlar. Rəsmi nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün onlar yetkinlik yaşına çatanadək atadan 125 manat aliment alınaraq anaya ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 03 mart 2025-ci il tarixli qərardadı ilə aliment indeksasiya olunaraq iddiaçıdan hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,07 misli həddində tutulması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-də frezerçi vəzifəsində işləyir. Aylıq əmək haqqısı 400 manat təşkil edir. İddiaçı xx.xx.2016-cı il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuş, həmin birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur və hazırda həmin uşaqlar da iddiaçının himayəsindədir. İddiaçı cavabdehə ödədiyi alimentin azaldılmasını xahiş edir. Cavabdehin vəkili iddia tələbinin təmin edilməsinə qarşı fikir bildirməmişdir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli Qərarı Bənd 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bənd 13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü Gülay adlı uşaq yetkinlik yaşına çatanadək atadan (hazırki iddia üzrə iddiaçıdan) 125 manat aliment alınaraq anaya (hazırki iddia üzrə cavabdehə) ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 03 mart 2025-ci il tarixli qərardadı ilə alimentin indeksasiya tələbi ilə bağlı ərizə təmin edilərək xx.xx.2012-ci il təvəllüdlü Gülay adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3128/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 125 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. İddiaçı "xxxx" ASC-də frezerçi vəzifəsində işləyir. Aylıq əmək haqqısı 400 manat təşkil edir. İddiaçı xx.xx.2016-cı il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuş, həmin birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur və hazırda həmin uşaqlar da iddiaçının himayəsindədir. Uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, iddiaçının ikinci dəfə nikah bağladığını və həmin nikahdan da himayəsində iki azyaşlı uşağının olmasını, 2025-ci il üçün yaşayış minimum məbləğinin ölkə üzrə uşaqlara görə 246 manat müəyyən olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində indeksasiya olunmalıdır. Beləliklə məhkəmə işin hallarını və uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh xeyrinə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-107/2025 saylı qərardadı ilə tutulan alimentin indeksasiyası dəyişdirilməli, xx.xx.2012-ci il təvəllüdlü Gülay adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-107/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar