Məhkəmə qərarları › İş №2(051)-2048/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2048/2022

27.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2048/2022 27.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı Cavabdeh və etibarnamə üzrə vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədən xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay cavabdehin aylıq qazancının ¼ hissəsinin və uşağın 3 yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində 200 manat alimentin və mediasiya xərci kimi ödədiyi 60 manat pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikah bağlayıb, xx.xx.2022-ci il tarixdə Mələk adlı uşaqları doğulmuşdur. Onların ailə münasibətiləri ilk vaxtlar yaxşı olsa da, sonradan münasibət pozulmuşdur. Artıq ailə münasibətlərinin bərpa olunması qeyri-mümkündür. Uşağın xüsusi diqqətə ehtiyacı var. Buna görə də, cavabdehdən aliment tutulmasına ehtiyac vardır. Cavabdeh 8 saylı Ekologiya Nazirliyində mühüm vəzifə tutur və hazırki alimenti ödəmək üçün kifayət qədər imkanı çatır. Odur ki, xx.xx.2022-cı il təvəllüdlü Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay cavabdehin aylıq qazancının ¼ hissəsinin və uşağın 3 yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində 200 manat alimentin və mediasiya xərci kimi ödədiyi 60 manat pulun tutulması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsini müdafiə etdi və təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul etdi və məhkəməyə ərizə ünvanlaraq göstərdi ki, o, 8 saylı Ekologiya və Təbii Sərvətlər Nazirliyində aparıcı məsləhətçi vəzifəsində işləyir. İddiaçı özü kimya müəllimidir və aylıq əmək haqqı 734 manatdır. Hər ay əmək haqqının ¼ miqdarında alimentin tutulmasına və 60 manat mediasiya xərcinin tutulmasına razıdır. Ancaq uşağın 3 yaşına çatanadək saxlanması üçün əlavə olaraq hər ay 200 manat ödənilməsi ilə razı deyildir. Odur ki, məhkəmədən izahatında göstərilən hallara uyğun qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh etibarnamə üzrə vəkili və nümayəndəsi Vəkil məhkəmə iclası zamanı təmsil etdiyi şəxsin hüquqlıarını müdafiə etdi və göstərdi ki, yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının himayəsindədir. Uşaqla r böyüdükcə onların xərcləri də artır. Hesab edir ki, h əmək haqqının ¼ miqdarında alimentin tutulmasına qanunidir, ancaq uşağın 3 yaşına çatanadək saxlanması üçün əlavə olaraq hər ay sabit pul məbləğində 200 manat ödənilməsi əsassızdır. Odur ki, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, iddiaçı, cavabdehin və Cavabdeh etibarnamə üzrə vəkili və nümayəndəsi Vəkil izahatlarını, ərizələri, iş materiallarını və işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qalan hissədə təmin edilməməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Belə ki, işdə olan AZ- İİ seriyalı 455278 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci ildə Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 707 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan AZ-İV seriyalı 728891 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2022-cı il tarixdə Məliksoy Fərid qızı doğulmuşdur. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, hər ay əmək haqqının ¼ hissəsi məbləğində alimentin ödənilməsinə razıdır, ancaq uşağın 3 yaşına çatanadək hər ay 200 manat ödənilməsi hissəsi ilə razı deyil. İşdə olan xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, iddiaçı Şəki tam orta məktəbində kimya müəllimi işləyir. xx.xx.2022-ci il tarixdən yenidən işə başlamışdır. Aylıq gəliri 734,50 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaqların tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay cavabdehin aylıq qazancının ¼ hissəsi və mediasiya xərci kimi ödədiyi 60 manat pulun tutularaq İddiaçı ödənilməlidir, qalan hissədə isə təmin edilməməlidir. Belə ki, uşağın doğulduğu gündən 3 il ərzində arvadın saxlanması üçün ödənilməsi tələb edilən pulun miqdarı ilə bağlı qeyd olunmalıdır ki, Ailə Məcəlləsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Hazırki iş üzrə iş materiallarından da göründüyü kimi iddiaçı özünü saxlamaq üçün yetəri qədər vəsaitə malikdir və əməkhaqqı alır. Eyni zamanda ailə qanunvericiliyinə əsasən bu tələb nikah pozulduqdan sonra verilə bilər. Belə olan halda onun saxlanması üçün əlavə olaraq uşağın 3 yaşına çatanadək hər ay 200 manat alimentin tələb olunması üçün əsas aradan qalxmış hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022ci il təvəllüdlü Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay əmək haqqının ¼ hissəsi məbləğində aliment və mediasiya üçün çəkilmiş 60 manat xərc cavabdehdən tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar