Məhkəmə qərarları › İş №2(051)-2059/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2059/2025

18.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2059/2025 18.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun, yəni İddiaçı xeyrinə 300 manat sabit pul məbləğində alimentin ərizə məhkəməyə daxil olduğu gündən tutulub ona ödənilməsi və xx.xx.2025-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını xx.xx.2023-cü il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların xx.xx.2025-ci il təvəllüdlü X3 adlı uşağı dünyaya gəlmişdir. Uşaq doğulduqdan sonra cavabdehlə ayrı yaşayırlar. Cavabdeh ondan ayrıldıqdan sonra ailəsi ilə maraqlanmamış, uşağına maddi cəhətdən köməklik etməmişdir. Ona görə, məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini mümkün hesab etmişdir. Sübutların tədqiqi: İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü ildə Mingəçevir Regional «Asan Xidmət» mərkəzində Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 661 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2025-ci il təvəllüdlü X3 doğulmuşdur. İşdə olan 4 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Babayeva X2 şəhəri, Əkinçi küçəsi ev 33 ünvanında yaşayır. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumata əsasən İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “satıcı-nəzarətçi, kassir” vəzifəsi üzrə 406,86 manat əmək haqqı təyin olunması müəyyən olunmuşdur. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə, iddiaçının izahatını, iş materiallarını və işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə tərəflərin izahatını, ərizələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə, qanunvericiliyin tələblərinə əsasən hər iki valideynin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment cavabdehin tələb etdiyi miqdarda deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq təyin edilməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların üstün mənafelərini və iddiaçının himayəsində yaşamasını və digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, ərizə verildiyi, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, cavabdehdən hər ay bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,48 misli həddində alimentin və uşaq 3 yaşına çatanadək iddiaçıya maddi kömək məqsədi ilə onun xeyrinə, hər ay 50 manat alimentin tutulması, uşağın və iddiaçının qanuni mənafeyinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Alimentlə bağlı tələb qalan hissədə təmin edilməməlidir. Belə ki, uşaq iddiaçının yanında yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, həmçinin iddiaçı tərəfindən ödənilir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehin daha artıq gəlirə malik olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə aliment məbləğinin cavabdehin tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və diqqətəlayiq hallara uyğun olaraq (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində təyin edilməsini, həmçinin iddiaçıya maddi kömək məqsədi ilə onun xeyrinə təyin edilmiş aliment məbləğini işin həqiqi hallarına uyğun hesab edir. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, işdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş övladı xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sonrakı artımlar (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə) nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment və həmin uşaq 3 (üç) yaşına çatana kimi iddiaçıya maddi kömək məqsədi ilə hər ay əlavə olaraq 50 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İlkin mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar