Məhkəmə qərarları › İş №2(051)-2136/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2136/2025

24.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2136/2025 24.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat ümumilikdə 500 (beş yüz) manat alimentin təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh iİə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X6 və xx.xx.2016-cı il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə ailə həyatı qurduqdan sonra ilk vaxtlarda münasibətləri normal olmuşdur. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozulmuşdur. Hal-hazirda iddiaçını və uşaqları tərk edib gedib. Uşaqlara baxmaq üçün heç bir maddi yardım etmir. Bu səbəbdən aralarında problemlər baş verirdi. Həmçinin xarakterləri də bir-birinə uyğun gəlmir. Uşaqlara baxmaqda çətinlik çəkir. Ona görə də aliment təyin olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X6 və xx.xx.2016-cı il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Hazırda cavabdeh iddiaçını və uşaqları tərk edib getmişdir. Uşaqların saxlanması üçün heç bir maddi yardım göstərmir. İddiaçı hal-hazırda ata evində yaşayır. Tərəflər arasında olan nikah pozulmamışdır. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qeyd olunanlara əsasən cavabdehdən hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat ümumilikdə 500 manat alimentin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan “nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 08 oktyabr 2014-cü il tarixdə bağlanmış nikah 401 № ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlanıldıqdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X6 və xx.xx.2016-cı il tarixdə doğulmuş X4 adlı uşaqların atası Cavabdeh və anası İddiaçıdır. İşdə olan Mingəçevir 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞM/MT031/2025-00477 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməkdən yazılı şəkildə imtina etməsi səbəbindən mediasiya prosesi davam etdirilə bilməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Ağayeva X1 şəhəri, H.Əliyev prospekti, ev 35, mənzil 70 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 08 oktyabr 2014-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X6 və xx.xx.2016-cı il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Aralarında olan münasibətlər pozulduğu üçün onlar faktiki olaraq ayrılmışlar. Uşaqlar isə iddiaçının yanında qalmışdır. İddiaçı cavabdehdən uşaqların saxlanması aliment tələb edir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların mənafeyini, iddiaçının heç bir yerdə işləməməsini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən ərizə verildiyi, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, cavabdehdən hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025ci il üzrə minimum əmək haqqı məbləğinin 0,56 misli olmaqla, cəmi 1,12 misli həddində alimentin tutulması, uşaqların qanuni mənafelərinə uyğun gəlir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin daha artıq gəlirlərə malik olması barədə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il tarixdə X6 və xx.xx.2016-cı il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün 0,56 misli, iki uşaq üçün 1,1 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar