Məhkəmə qərarları › İş №2(051)-2137/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2137/2025

28.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2137/2025 28.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi - Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun, yəni İddiaçı Mingəçevir şəhər məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 8(051)-313/2025 saylı qərardadı ilə xx.xx.2017-ci il təvəllüdlü Ülkər adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin miqdarının minimum əmək haqqının 1.15 misli həddində edilmiş indeksasiyanın aşağı salınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun Cavabdeh ilə olan nikahından xx.xx.2017-ci il təvəllüdlü Ülkər adlı uşağı doğulmuşdur. Əfsanə Abdullayevə ilə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləmiş, aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və az yaşlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat məbləğdə alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra cavabdeh alimentin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 8(051)-313/2025 saylı qərardadına əsasən az yaşlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin miqdarı minimum əmək haqqının 1.15 misli həddində indeksasiya edilmişdir. Lakin, o, bununla qəti olaraq razı deyil. Onu da bildirir ki, o, xx.xx.2021-ci ildə X2 ilə ailə qurmuşdur və həmin nikahdan da 15 noyabr 2023-cü il tarixdə Aliyə adlı uşağı dünyaya gəlmişdir. Lakin, buna baxmayaraq Mingəçevir şəhər məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 8(051)-313/2025 saylı qərardadına əsasən xx.xx.2017-ci il təvəllüdlü Ülkər adlı uşağının yetkinlik yaşma çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin miqdarı minimum əmək haqqının 1.15 misli həddində indeksasiya edilmişdir. Həmin məbləğ isə 460 manat edir. Bu vəziyyətdə isə onun az yaşlı övladının saxlanılması üçün aliment ödəməyi mümkün deyildir. Belə ki, özü hazırda 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyir və aylıq 1557 manat əmək haqqı alır. Həmin məbləğ ilə o, Ülkər adlı uşağına 460 manat məbləğdə aliment ödəyə bilməz. Eyni zamanda da 2-ci nikahından olan Aliyə adlı uşağına və ailəsinə baxmalıdır. Əgər o, Ülkər adlı uşağına 460 manat məbləğdə aliment ödəsə, hazırki nikahından olan övladına və ailəsinə baxa bilməyəcəkdir. Hazırda yeni ailəsi ilə birgə kirayədə yaşayır, 330 manat kirayə haqqı ödəyir. Həyat yoldaşı tələbədir, illik 1400 manat təhsil haqqı ödəyir, kredit və digər borcları da vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və göstərmişdir ki, hazırda təyin edilmiş alimentin azaldılmasına zərurət yoxdur. Hesab edir ki, ilk aliment düzgün kəsilib. Alimentin azaldılması uşağın tələbatlarının ödənilməməsi deməkdir. Ona görə də alimentin miqdarının azaldılmamasını xahiş etmişdir. Sübutların tədqiqi: İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 8(051)-313/2025 saylı qərardadına əsasən xx.xx.2017-ci il təvəllüdlü Ülkər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1967/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 150 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,15 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. İşdə olan 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektləriinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyir və aylıq əmək haqqı 1557 manat təşkil edir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Həmin Məcəllənin 76.1.1-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016–cı il 28 mart tarixli, 8–2/2016 №–li Qərarının 8.14–cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Həmin Qərarın 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsindən müəyyən etmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü Ülkər adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1967/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə uşağı saxlanması üçün 150 manat məbləğində aliment təyin edilmişdir. Cavabdeh Həmzəyeva X1 Şəhər Məhkəməsinə müraciət edərək qeyd olunan aliment məbləğinin indeksasiya olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 8(051)-313/2025 saylı qərardadına əsasən xx.xx.2017-ci il təvəllüdlü Ülkər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1967/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 150 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,15 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. İddiaçı hazırda özünün 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektləriinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işlədiyini və aylıq 1557 manat əmək haqqı aldığını, Həmin məbləğ ilə onun Ülkər adlı uşağına 460 manat məbləğdə aliment ödəyə bilmədiyini, eyni zamanda da 2-ci nikahından olan Aliyə adlı uşağına və ailəsinə baxmalı olduğunu bildirmişdir. Əgər o, Ülkər adlı uşağına 460 manat məbləğdə aliment ödəsə, hazırki nikahından olan övladına və ailəsinə baxa bilməyəcəyinə və maddi vəziyyətinin aşağı olmasına istinad edərək indeksasiya olunmuş alimentin məbləğinin (mislinin) azaldılmasına dair iddia irəli sürmüşdür. Cavabdeh iddiaçının daha çox gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağladığından, hazırkı iddia tələbi üzrə alimentin miqdarının azaldılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, 2025–ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmiş, uşaqların saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1967/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 150 manat məbləğində tutulan alimentin, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,15 misli, həddində indeksasiya edilməsi iddiaçının ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. Ona görə məhkəmə hesab edir ki, alimentin miqdarının dəyişdirilib 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,97 misli (400 x 0,97 = 388 manat) həddində sabit pul məbləğində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Nəzərə alsaq ki, iddiaçının əmək haqqı 1557 manat məbləğindədir və Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmuş olsaydı, həmin alimentin miqdarı 389 manat etmiş olardı(1557x1/4 = 389 manat). Odur ki, məhkəmə, Ailə Məcəlləsinin tələblərinə əsasən alimentin hər iki tutulma üsulunu(sabit pul məbləğində və ya qazanca hissəvi yönəltmə) əlaqəli təhlil edərək hesab edir ki, gəldiyi nəticə gələcəkdə iddiaçının, alimentin cavabdehin əmək haqqına hissəvi yönəldilməsini tələb etmə ehtimalının olması baxımından da əlverişli və ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıdan hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,97 misli (400 x 0,97 = 388 manat) həddində sabit pul məbləğində alimentin tutulması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını əlverişsiz vəziyyətə salmır. Ona görə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq azaldılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2017-ci il tarixdə doğulmuş Ülkər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 8(051)-313/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilərək, hər təqvim ili üzrə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,97 misli həddində sabit pul məbləğində müəyyən edilsin və İddiaçı alınıb Cavabdeh verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar