Məhkəmə qərarları › İş №2(051)-2166/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2166/2024

16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2166/2024 16.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2024-cü il tarixli 2(103)- 1229/2024 saylı qətnaməsinə əsasən, 22 avqust 2021 -ci il tarixdə anadan olmuş qızı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirlərək ( azaldılaraq ) ondan aylıq əmək haqqının 1/4 hissəsi qədər aliment tutulması barədə qətnamə qəbul edəsiniz. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə 12 avqust 2021-ci il 1 saylı Bakı “ASAN XİDMƏT” mərkəzində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından 22 avqust 2021-ci il tarixdə azyaşlı qızları X4 anadan olmuşdur. Bildirir ki, xasiyyətlərinin uyğun gəlməməsi nəticəsində ailələrində tez-tez mübahisələr yaranmağa başladı və cavabdehlə bir müddətdən sonra aralarında münasibətləri qeyri - səmimi olmağa başladı və buna görə də onun iddia ərizəsi əsasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 2(001)-1499/2023 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2024-cü il tarixli 2(103)-1229/2024 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş Apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli 2(001)-1499/2023 saylı qətnaməsi uşağın yaşayış yerinin müəyyən edilməsi ilə bağlı hissədə ləğv edilmiş və birgə nikahlarında doğulmuş 22 avqust 2021-ci il təvəllüdlü X1 Cavabdeh yanında qalması müəyyən edilmiş və uşağın ondan alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 19 fevral 2024-cü il tarixli 2(103)-11229/2024 saylı qətnaməsi icraya yönəldilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən 06 avqust 2024-cü il tarixdə qətnamə icra edilərək azyaşlı qızları X4 məndən alınaraq Cavabdeh verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2024-cü il tarixli 2(103)-1229/2024 saylı qətnaməsinə əsasən, 22 avqust 2021-ci il təvəllüdlü övladları X3 cavabdehin himayəsinə verilməsi və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdeh X2 ödənilməsi qət edilmişdir. O, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən çay evlərinin birində aylıq əmək haqqım 345 (üç yüz qırx beş ) manat olmaqla vaxtamuzd ofisiant işləyir. Maddi durumu çox çətindir. Aldığı həmin məvacib gündəlik tələbatını ödəmir Məhkəmənin təyin etdiyi 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimenti ödəmək ixtidarında deyil. Cavabdeh ilə aralarında alimentin ödənilməsi barədə saziş yoxdur. Mingəçevir 1 saylı Mediasiya təşkilatı tərəfindən 16 sentyabr 2024-cü il tarixdə keçirilən ilkin Mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Aralarında olan mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmayıb. Ona Mingəçevir 1 saylı Mediasiya təşkilatı tərəfindən ilkin Mediasiya Sessiyasından sonra prosesin davam etdirilməməsi barədə 16 sentyabr 2024-cü il tarixli MŞM/MT031/2024- 00558 saylı arayış verilmişdir. Ona görə də alimentin miqdarının azaldılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında göstərmişdir ki, 235 manat aliment verir. Əvvəl aldığı əmək haqqı məbləği çox idi. Hazırda ofisiant işləyir və aldığı əmək haqqı məbləği 235 manatdır. Əvvəl usta işləyirdi. Həmin vaxt aylıq gəliri 600-700 manat olmuşdur. Hazırda ofisiant işləyir və 345 manat maaş alır. Aliment məbləği 150 manat məbləğində müəyyən edilərsə ödəyə bilər. Xahiş etdiyi məbləğdə tutularsa ¼ hissə 80-90 manat olacaqdır. O, uşaq tələbi ilə də müraciət etmişdir. Müvəqqəti görüş də tələb etmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan AZ-İV seriyalı 648304 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə doğulmuşdur. Atası İddiaçı anası Cavabdehdır. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1499/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 12 avqust 2021-ci il tarixində 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1840 № ilə qeydə alınmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X1 atası cavabdeh İddiaçı yanında qalması müəyyən edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İşdə olan AZ-İ seriyalı, 496254 №li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1229/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1499/2023 nömrəli qətnaməsi “uşağın yaşayış yerinin müəyyən edilməsi” ilə bağlı hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmişdir. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 iddiaçı Cavabdeh yanında qalması müəyyən edilmiş, uşaq cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilmişdir. xx.xx.2021-ci il təvəllüdlü X1 iddiaçı Cavabdeh verildiyi gündən başlayaraq yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı 235 manat məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İşdə olan Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı çay evində ofisiant peşəsində çalışır. Onun aylıq əmək haqqı məbləği 345 manatdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanaqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi mövcuddur. İşdə olan Mingəçevir 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh iştirak etməməsi səbəbəbindən ilkin mediasiya sessiyası keçirilə bilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 21 nömrəli arayışdan görünür ki, mülki işçi İddiaçı xx.xx.2024-cü il tarixdən N nömrəli hərbi hissədə işləyir və aylıq vəzifə maaşı 374 manat ödənilir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il tarixdə Mələk adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması nəticəsində tərəflər ayrılmışlar, ayrıldıqdan sonra uşaq cavabdehin yanında qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)-1229/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 iddiaçı Cavabdeh yanında qalması müəyyən edilmiş, uşağın cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilmişdir. xx.xx.2021-ci il təvəllüdlü X1 iddiaçı Cavabdeh verildiyi gündən başlayaraq yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı 235 manat məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda iddiaçının iş yeri, vəzifəsi və nəticədə əmək haqqı məbləği dəyişdiyindən, yəni azaldığından alimentin miqdarının azaldılmasına dair iddia irəli sürmüşdür. Məhkəmə işin yuxarıda göstərilən hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi əssassızdır. Ona görə də rədd olunmalıldır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə isə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li Qərarının 8.7-ci bəndində deyilir ki, aliment ödəyən şəxsin digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin azaldılması üçün yuxarıda göstərilən əsasların heç biri mövcud deyil. Belə əsasların mövcud olmadığı, eyni zamanda iddiaçının işləməsi və əmək haqqı alması halında aliment məbləğinin azaldılması, yəni 374 manat əmək haqqının ¼ hissəsi təxminən 94 manat məbləğ edir ki, bu miqdarda aliment məbləği qanunvericiliyin tələbinə zidd olmaqla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinin aşağı düşməsinə səbəb olacaqdır. Digər tərəfdən məhkəmə nəzərə alır ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Odur ki, məhkəmə qeyd olunanlar əsasında belə nəticəyə gəlir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı tərəflərin ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğundur. Alimentin miqdarının aşağı salınması üçün əsasların olduğu iş materialları ilə təsdiq olunmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar