Məhkəmə qərarları › İş №2(051)-226/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-226/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-226/2021 22.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Cavabdeh: Cavabdeh etbarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pulun qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli AN 1 № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin dəyəri olan 22360 manat, 258 manat vergi məbləği, sənədlərin rəsmiləşdirilməsi üçün ödənilmiş 78 manat və 30 manat dövlət rüsumu cəmi 22726 manat pulun cavabdeh Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, xx.xx.2019-cu il tarixli AN 1 № ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpağın naturada geri qaytarılması və ya torpaq sahəsinin dəyəri olan 22360 manat, 258 manat vergi məbləği, sənədlərin rəsmiləşdirilməsi üçün ödənilmiş 78 manat və 30 manat dövlət rüsumu cəmi 22726 manat pulun cavabdeh X1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X6 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, təmsil etdiyi şəxs cavabdeh X4 ilə xx.xx.2019-cu il tarixdə razılaşaraq ona mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri, Gəncə şosesi, 21 A ünvanda yerləşən ümumi sahəsi 4000 kv.metr torpaq bir hissəsini (430 kv.m) ona alqı-satqı müqaviləsi ilə 3500 manata satmışdır. Mingəçevir ASAN Xidmət Mərkəzinin Notariat ofisində xx.xx.2019-cu il tarixli AN1 1 №0728266 saylı alqı-satqı müqaviləsi nin rəsmiləşdirilməsi ilə bağlı olan 258 manat pulu da o ödəmişdir. Cavabdeh razılaşdıqları kimi torpaq sahəsinin pulunu ona bir ay ərzində qaytarmalı idi. Lakin o indiyədək müqavilə üzrə torpaq sahəsinin qiymətləndirilmiş 3500 manat pulu, eləcə də 258 manat vergi məbləği, sənədlərin rəsmiləşdirilməsi üçün ödənilmiş 78 manat məbləğində xərci qaytarmamışdır. Torpaq bazarında mübahisələndirilən torpaq sahəsinin 1 kv.m qiyməti 50 manatdır. Cavabdehə verilmiş 430 kv.metr torpaq sahəsinin real bazar qiyməti 22360 manat dəyərindədir və bu pulun cavabdehdən alınmasını tələb edir. İddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə hesab edir ki, xx.xx.2019-cu il tarixli AN1 1 № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, torpaq sahəsi ona qaytarılmalıdır. Lakin həmin torpaq sahəsində sökülməsi çətin olan obyektlərin tikilməsi torpağın naturada qaytarılmasını məhdudlaşdırır. Bu səbəbdən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda cavabdeh onun dəyərini pulla ödəməlidir. Məhkəmədən xx.xx.2019-cu il tarixli AN 1 № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin dəyəri olan 22360 manat, 258 manat vergi məbləği, sənədlərin rəsmiləşdirilməsi üçün ödənilmiş 78 manat və 30 manat dövlət rüsumu cəmi 22726 manat pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh etbarnamə üzrə nümayəndəsi və vəkili X5 məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin əsassız olduğu üçün rədd olunmasını xahiş etdi. İşə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 430 kv.m torpaq sahəsini İddiaçı 3.500 manata almışdır. Satıcı İddiaçı 430 kv.metr sahə üçünn 0.5 manat vergi dərəcəsi ilə 1.2 əmlak əmsalı ilə 258 manat sadələşdirilmiş vergi tutulmuşdur. Məhkəməyə təqdim olunmuş DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Gəncə şosesi 21A yerləşən 0.40 ha torpaq sahəsi tam, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2016-cı il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş xx xxxx 2020-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 430 kv.m torpaq sahəsini salmanov Samir Nazir oğluna 2.500 manata satmışdır. Satıcı Cavabdeh 430 kv.metr sahə üçünn 0.5 manat vergi dərəcəsi ilə 1.2 əmlak əmsalı ilə 258 manat sadələşdirilmiş vergi tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, İddiaçı özünə məxsus torpaq sahəsini Cavabdeh satmışdır. Tərəflər arasında bu barədə notarial qaydada müqavilə bağlanmışdır. Müqavilə öhdəlikləri tam aydın göstərilmişdir. Tərəflər müqavilə öhdəliklərini notariusun iştirakı ilə imzalamış və bütün öhdəlikləri qarşılıqlı olaraq qəbul etmişlər. İddiaçı müqavilənin onun iradəsindən asılı olmayan səbəbə görə yəni qoca olması ilə əlaqələndirsə də bu hall müqavilənin etibarsız sayılması üçün əsas ola bilməz. Belə ki, iddiaçı fəaliyyət qabiliyyətlidir və mülki hüquq və vəzifələrini öz adından tam icra edir. Tərəflər arasında bağlanmış müqavilənin etibarsız sayılması üçün heç bir əsas müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsız hesab edilməsi ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324-cü maddəsinin tələbinə görə: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Mülki Məcəllənin 329.1-ci maddəsinin tələbinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 331.1-ci maddəsinin tələbinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin Məhkəmə iş materiallarını və iddiaçının izahatlarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi tam əsassızdır. Belə ki, müqavilənin etibarsız sayılması üçün heç bir əsas müəyyən olunmamışdır. Əksinə iş materiallarında olan sənədlərdən və notariat kontoru tərəfindən göndərilən sənədlərdən də göründüyü kimi müqavilə tam əsaslıdır və tərəflərin iradə ifadəsi kimi müqavilə bütün tərəflər tərəfindən imzalanmışdır. İddiaçı öz tələbinə əsaslandıran lazımi sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı qeyd olunan əqdin etibarsız olması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pulun qaytarılması tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar