Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2261/2025 14.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşaqlarının saxlanması üçün hər uşağa görə 500 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2023-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Cavabdeh ilə ailə həyatı qurduqdan sonra ilk vaxtlarda münasibətləri normal olmuşdur. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozulmuşdur. Hal hazırda ayrı yaşayırlar. Cavabdeh uşağa baxmaq üçün heç bir maddi yardım etmir. Uşağına baxmaqda çətinlik çəkir. Ona görə də aliment təyin olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etdi ki, Mingəçevir Dövlət Universitetinin 4-cü kursunda təhsil alır. Kirayədə yaşayır. Təhsilinə və uşağı körpə olduğuna görə işləmir. Cavabdeh onu tərk edib getmişdir. Cavabdehə dəfələrlə zəng edib uşağın saxlanması üçün köməklik etməsini xahiş etsə də, cavabdeh imkanının omadığını bildirmişdir. Cavabdeh Dövlət Vergi Xidmətində işləyir. Yüksək əmək haqqı alır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları : AZ-T 056844 №li xx.xx.2024-cü ildə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2021-ci ildə Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsində rəsmi nikah bağlamış, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 122 № ilə qeyd edilmişdir. AZ-İV 939348 №li xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. “Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞM/MT031/2025-00519 nömrəli “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. 0027/402/147 saylı Azərbaycan Təhsil Kartından görünür ki, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı 2022-ci ildə Mingəçevir Dövlət Universitetinə daxil olmuş, 2026-cı ildə bitirəcəkdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən dövlət vergi orqanlarında xidmət edir və hazırda 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyir. Onun aylıq əmək haqqı məbləği 1954 manat, xalis əmək haqqı 1557 manat təşkil edir. İşin faktiki halı : İddiaçı ilə Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeydi etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikah dövründə 15 noyabr 2023-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrılmışlar. Uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün 500 manat aliment tutulmasını xahiş edir. İddiaçı universitet tələbəsidir. Cavabdeh uşağın saxlanmasında iştirak etmir. Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyir. Cavabdehin aylıq əmək haqqı məbləği 1954 manat, xalis əmək haqqı 1557 manat təşkil edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: İddiaçı ilə Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeydi etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 15 noyabr 2023-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. İddiaçı universitetdə təhsil alır. Cavabdeh uşağın saxlanmasında iştirak etmir. Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyir. Onun aylıq əmək haqqı 1954 manat, xalis əmək haqqı 1557 manat təşkil edir. İddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində aliment tələb etmişdir. Lakin cavabdehin aylıq qazancına münasibətdə tələb edilən aliment məbləği yüksəkdir. Məhkəmə təyin edilən alimentin məbləğini uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum xərclərdən az olmaması, işin hallarını və uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,97 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,97 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-2261/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2261/2025
14.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver