Məhkəmə qərarları › İş №2(051)-2292/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2292/2025

27.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2292/2025 27.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 250 manat məbləğində alimentin tutulması və ödənilmiş 60 manat mediasiya xərcinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(051)-689/2021 saylı qətnaməsinə əsasən, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub onun xeyrinə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Aralarındakı nikah 2021-ci ildə məhkəmə qaydasında pozulmuşdur. 22 aprel 2024-cü ildə boşanma ilə əlaqədar cavabdehlə aralarında barışıq sazişi bağlanmış və cavabdehin ona hər uşağa görə 175 manat olmaqla 350 manat aliment ödəməsinə razılaşmışdır. Hazırda alimentin artırılması ilə bağlı mövqe olduğundan alimentin artırılması tələbi verə bilmir. Barışıq sazişi isə faizlə müəyyən edilmədiyindən məhkəmə barışıq sazişini təsdiq edə bilməyəcəkdir. Uşaqları məktəb yaşlı olduğundan və təlabatları yüksək olduğundan baxmaqda çətinlik çəkir. İddiaçı özü işləyir, aylıq 600 manat əmək haqqı alır. Bu məbləğlə uşaqlara baxmaq mümkün deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Firuddun oğlu izahat verərək, aliment ödənişi daimi etdiyini bildirmişdir. Hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat məbləğində tələb olunan alimentə etiraz etdiyini, ödəməyə imkanının olmadığını qeyd etmişdir. İş materialları : AZ-İ 439274 №li xx.xx.2022-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Firuddun oğlu ilə X4 arasında bağlanmış nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmiş, nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 106 № ilə qeyd edilmişdir. AZ-İİİ 413381 №li xx.xx.2014-cÜ il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Cavabdeh, anası X1r. AZ-İİİ 245205 №li xx.xx.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Cavabdeh, anası X1r. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-689/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat, cəmi 300 manat alimentin tutulub X2 verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər arasında uşaqların saxlanması üçün aliment ödənilməsi və uşaqlarla görüş vaxtının müəyyən edilməsi barədə razılıq əldə olunmuşdur. “Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞM/MT031/2025-00522 nömrəli “X3 iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh İMS-da iştirak etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 398 №li arayışdan görünür ki, Cavabdeh həqiqətən də Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzində xx.xx.2021-ci il tarixdən parazitoloq həkim köməkçisi vəzifəsində işləyir. 2025-ci il ərzində aldığı əmək haqqısı ortalama olaraq 586,5 manat təşkil etmiş, ümumilikdə 7062 manat olmuşdur. İşin faktiki halı : İddiaçı Cavabdeh ilə rəsmi nikah qeyd etdirərək ailə həyatı qurmuş və birgə yaşadıqları dövrdə xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)- 689/2021 saylı qətnaməsi ilə Cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat, cəmi 300 manat aliment tutulub X2 verilməsi qət edilmişdir. Uşaqlar iddiaçının himayəsindədir. Daha sonra tərəflər arasında xx.xx.2024-cü il tarixli Barışıq Sazişi bağlanmış və uşaqların saxlanması üçün aliment ödənilməsi və uşaqlarla görüş vaxtının müəyyən edilməsi barədə razılıq əldə olunmuşdur. İddiaçı hazırda uşağının təlabatlarını ödəməkdə çətinlik çəkdiyini qeyd etmişdir. Cavabdeh Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzində parazitoloq həkim köməkçisi vəzifəsində işləyir. Aldığı əmək haqqısı ortalama olaraq 586,5 manat təşkil etmiş, ümumilikdə 2025-ci il üzrə 7062 manat olmuşdur. İddiaçı 600 manat əmək haqqı alır. İddiaçı cavabdehdən övladları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü Umarov Murad oğlu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 250 manat, cəmi 500 manat məbləğində alimentin tutulub ona ödənilməsini xahiş edir. Cavabdeh iddia tələbinə etiraz edir, təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı 1-ci bəndinə əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2025-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmənin mövqeyi: xx.xx.2021-ci il tarixdə cavabdehin iddiaçıya aliment ödəməsinə dair məhkəmə qətnaməsi çıxarılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə tərəflər arasında cavabdehin iddiaçıya hər bir uşağa görə 175 manat cəmi 350 manat alimentin ödənilməsinə dair barışıq sazişi bağlanmışdır. İddiaçı bağlanmış barışıq sazişindən sonra həmin barışıq sazişinin uşaqların mənafeyinə uyğun gəlmədiyini bildirərək yenidən aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmiçinin iddiaçı barışıq sazişinin məcburi qaydada icrası üçün onun təsdiqi barədə məhkəməyə ərizə verməmişdir. Beləliklə barışıq sazişi uşaqların mənafeyinə uyğun gəlmədiyindən və iddiaçı barışıq sazişinin məcburi icrası üçün məhkəməyə ərizə vermədiyindən barışıq sazişi ləğv edilmiş sayılır. Məhkəmə aliment tələbinə dair hazırki iddiaya münasibətdə qeyd edir ki, uşağı saxlamaq vəzifəsi daşıyan valideynin gəlirlərinin az olması onu uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İddiaçı özü Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında peşəkar tibb bacısı vəzifəsində işləyir və aylıq əmək haqqısı 600 manatdır. Cavabdeh Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzində parazitoloq həkim köməkçisi vəzifəsində işləyir. 2025-ci il ərzində aldığı əmək haqqısı ortalama olaraq 586,5 manat təşkil etmiş, ümumilikdə 7062 manat olmuşdur. Məhkəmə uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların saxlanması üçün Cavabdeh hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,51 (2025-ci il üçün hər uşağa 204 manat) misli, cəmi 1,02 misli həddində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Ödənilmiş mediasiya xərcinin əvəzi 50 (əlli) manat Cavabdeh Firuddin oğlundan alınaraq İddiaçı verilməlidir. Məhkəməyə ödənilməmiş dövlət rüsumunun qalığı 19 (on doqquz) manat (204x2x12=4896, 68,96-50=18,96≈19) cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,51 misli olmaqla, cəmi 1,02 misli həddində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Ödənilmiş mediasiya xərcinin əvəzi 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Məhkəməyə ödənilməmiş dövlət rüsumunun qalığı 19 (on doqquz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar