Məhkəmə qərarları › İş №2(051)-258/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-258/2022

25.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-258/2022 25.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 19.11.2013-ci il tarixdə doğulmuş Rəsul və 02.06.2015-ci il tarixdə doğulmuş Həzrət adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay tutulan alimentin azaldılaraq əmək pensiyasının 1/3 hissəsi miqdarında müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-148/2021 №-li, 29.01.2021 -ci il tarixli qərarına əsasən 15.09.2020-ci il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə 19.11.2013-cü ildə anadan olmuş oğlu X3 və 02.06.2015-ci ildə anadan olmuş oğlu X1 üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul miqdarında aliment tutulur. Qeyd edir ki, o, ikinci qrup ümumi səbəbdən əlildir. Gecikmiş doğuş travmasından sonrakı qalıq-epilepsiya-qıcolmanın artmasının orta dərəcədə ifadə olunması diaqnozu ilə uşaqlıqdan pensiya alır. Eyni zamanda epilepsiya nəticəsində şəxsiyyət dəyişiklikləri diaqnozu ilə Mingəçevir Psixo- Nevroloji Dispanserdə psixiatrik müşahidəyə götürülmüş və psixotrop dərmanlar qəbul etmək məcburiyyətində olduğu üçün bu dərmanları qəbul edir. 28.03.2019-cu il tarixdə ailə başçısı-atası X8 dünyasını dəyişmiş və ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 08.07.2019-cu il tarixli. 1203 nömrəli qərarı ilə 01.08.2019-cu il tarixdən 191.87 (yüz doxsan bir manat 87 qəpik) manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur. Həmçinin bildirir ki, himayəsində olan yaşlı anası (1955-ci il doğumlu) X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin 12.09.2017-ci il tarixli epikrizinə əsasən “düz bağırsağın orta və aşağı ampulyar hissəsinin xərçəngi-anal kanala sirayət" diaqnozu ilə yataq xəstəsidir və bu xəstəlik daim xüsusi müalicə tələb edir. Onun aylıq gəliri ayda 260 manatdan ibarətdir. Hal-hazırda öz xəstəliyinin şiddətlənməsi və anasının ağır xəstə olması səbəbilə heç bir yerdə fəhlə belə olsa işləyə bilmir, işləmək istəsə belə psixotrop dərmanlar qəbul etmək məcburiyyətində olan dispanser qeydiyyatlı birini heç bir sahibkar işlə təmin etməz. Kartına daxil olan 260 manatı hər çıxartdığında 240 manatını məcburən alimentə köçürür. Ona və anasına müalicə üçün pul qalmır, elə bu səbəbdəndir ki, xəstəlikləri bu qədər şiddətlənib. Qarşı tərəf özü də 3-cü qrup əlil üçün müəyyən olunmuş 110 manat müavinət alır. Eyni zamanda oğlu Rəsul Əsgərzadə uşaqlıqdan əlil olduğu üçün 150 manat aylıq müavinət alır. Bunları qeyd etməkdə məqsədi ondan ibarətdir ki, heç olmasa onların alimentdən əlavə 260 manat daxilolmaları var. Onun isə alimenti ödədikdən sonra cəmi 20 manat pulum qalır. Bu pulla nəinki müalicələrini apara bilər, heç qidalanmaq belə mümkünsüzdür. Odur ki, 05.02.2017-ci il tarixdə doğulmuş Ləman adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulan hər ay 120 manat miqdarında alimentin miqdarının azaldılaraq, 60 manata miqdarında müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X9 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaç ilə cavabdehin birgə nikahlarından 19.11.2013-cü ildə anadan olmuş oğlu X7 və 02.06.2015-ci ildə anadan olmuş oğlu X6 adlı uşaqları doğulmuşdur. Aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 29.01.2021-cu il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Hazırda iddianı qəbul etmir, alimentin məbləğinin azaldılmasına razı deyildir. Təyin edilmiş alimentlə hazırda uşaqların tələbatını belə ödəməkdə çətinlik çəkir. Eləcə də, uşaq böyüdükcə onun tələbatı da artır. Uşaqların təminatının azaldılması isə onların inkişafına mənfi təsir göstərir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mingəçevir Məhkəməsinin qanuni qüvvəyə minmiş 29.01.2021-ci il tarixli 2(051)–148/2021 saylı qətnaməsindən görünür ki, 19.11.2013-cü il təvəllüdlü X3 və 02.06.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat, cəmi 240 manat sabit pul miqdarında aliment hər ay İddiaçı tutulub, Cavabdeh verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 19.11.2013-cü il təvəllüdlü X3 və 02.06.2015-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması nəticəsində tərəflər ayrılmışlar, ayrıldıqdan sonra uşaq cavabdehin yanında qalmışdır. Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 29.01.2021-cu il tarixli 2(051)–148/2021 saylı qətnaməsi ilə 19.11.2013-cü il təvəllüdlü X3 və 02.06.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat sabit pul miqdarında aliment hər ay İddiaçı tutulub, Cavabdeh verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının azaldılmasına dair iddia irəli sürmüşdür. Məhkəmə işin yuxarıda göstərilən hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi əssassızdır. Ona görə də rədd olunmalıldır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə isə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd olunmalıdır ki, azyaşlı uşaqların yaşayış səviyyəsi əvvəlki məhkəmə qətnaməsinə uyğun olaraq iddiaçının aylıq gəlirinin üzərində qurulmuşdur. Həmin məbləğin daha aşağı həddə salınması təsvir olunan qanun normasının da tələbləri ilə kəskin ziddiyyət təşkil edir, yəni uşaqların əvvəlki təminatının səviyyəsinin aşağı düşməsinə səbəb olur. Həmçinin, əvvəllər aliment işinə baxan məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini nəzərə alaraq aliment təyin etmişdir. Digər tərəfdən məhkəmə nəzərə alır ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ən azı bu baxımdan iddiaçının hər ay əmək pensiyasının 1/3 miqdarında 60 manat məbləğində aliment ödəmək istəyi həm qeyd olunan qanunun, həm də azyaşlı uşaqların mənafeyi ziddinədir ki, məhkəmə bunu yolverilməz hesab edir və əsassız olduğu nəticəsinə gəlir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Odur ki, məhkəmə qeyd olunanlar əsasında belə nəticəyə gəlir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı tərəflərin ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğundur. Alimentin miqdarının aşağı salınması üçün əsasların olduğu iş materialları ilə təsdiq olunmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar