Məhkəmə qərarları › İş №2(051)-2582/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2582/2023

01.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2582/2023 01.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2014-cü il tarixdə doğulmuş Məhəmməd və xx.xx.2015-ci il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı cavabdehlə xx.xx.2013-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmişdir. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Məhəmməd və xx.xx.2015-ci il tarixdə Gülay adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün o cavabdehlə ayrılmışdır. Faktiki olaraq bir neçə aydır ki, ayrı yaşayırlar. Uşaqları ilə birlikdə valideynlərinin evində yaşayır. Uşaqlara baxmaqda maddi cəhətdən çətinlik çəkir. Uşaqların hər ikisi məktəblidir, onların tələbatlarını ödəməkdə çətinlik çəkir. İddiaçı heç bir yerdə işləmir və heç bir gəlir yeri yoxdur. Cavabdeh hərbiçidir və hər ay yüksək əmək haqqı alır. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iştirak etdiyi işin məhkəmədə baxılmasına hazırlanması iclası zamanı iddianı qəbul etdi və göstərmişdir ki, iddiaçı ilə birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Məhəmməd və xx.xx.2015-ci il tarixdə Gülay adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən iddiaçı ilə ayrılmışlar. Hazırda uşaqlar iddiaçının yanında yaşayır. O, hər ay hər uşaqlarına qanunda nəzərdə tutulmuş məbləğində aliment ödəməyə razıdır. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almaqla, iddianın təmin edilməsi haqqında qətnamə çıxrılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2013-cü il tarixdə Mingəçevir Şəhər Nikah evində rəsmi nikah bağlanmış və həmin nikah 273 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Mustafayeva” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2014-cü il tarixdə Məhəmməd və xx.xx.2015-ci il tarixdə Gülay adlı uşaqları doğulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Məhəmməd və xx.xx.2015-ci il tarixdə Gülay adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Hazırda cavabdeh uşaqların saxlanmasında iştirak etmir. Ona görə də iddiaçı cavabdehdən aliment tələb edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Həmin Məcəllənin 76.1 və 76.1.2-ci maddələrində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il tarixdə doğulmuş Məhəmməd və xx.xx.2015-ci il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar