Məhkəmə qərarları › İş №2(051)-2612/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2612/2025

10.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2612/2025 10.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2023-cü il tarixdə doğulmuş Nərmin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay ölkə üzrə 2025-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqının 1 (bir) misli qədər alimentin və 60 (altmış) manat mediasiya xərcinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə qeyri-rəsmi nikaha daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə Nərmin adlı uşaqları doğulmuşdur. Uşaq onun yanında qalmışdır. Cavabdeh uşağın saxlanılmasında iştirak etmir, uşağın bütün maddi cəhətdən saxlanması onun üzərinə düşür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

İddiaçı məhkəmə iclası zamanı iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi üçün məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

«Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanunu

“Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

«Uşaq hüquqları haqqında» Konvensiya

12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

Məhkəmənin mövqeyi

Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə doğulmuş Nərmin adlı uşağın anası İddiaçı, atası Cavabdehdur. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin qeyri-rəsmi nikahından xx.xx.2023-cü il tarixdə Nərmin adlı uşaqları doğulmuşdur. Tərəflər ayrı yaşadıqlarından, hazırda iddiaçı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən aliment tələb edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi ilə bağlı saziş yoxdur, eləcə də aliment ödəməyə borclu olan cavabdehin qazancı (gəliri) qeyri–müntəzəm və dəyişəndir, həmçinin iddiaçı uşağın saxlanması üçün sabit pul məbləğində vəsait tələb edir. Ona görə də alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,6 misli (400 x 0,6 = 240 manat) həddində sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, uşaq iddiaçının yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının yanında yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,6 misli (400 x 0,6 = 240 manat) həddində sabit pul məbləğində alimentin tutulması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Ona görə də məhkəmə alimentin məbləğinin iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq (hər təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində təyin edilməsini, işin həqiqi hallarına uyğun hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı cavabdehin yüksək maddi vəziyyətə malik olması və hər ay kifayət qədər qazanc əldə etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi 50 manat mediasiya xərcinə münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci olan 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 234 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il tarixdə doğulmuş Nərmin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh ölkə üzrə müəyyən olunmuş, sonrakı artımlar nəzərə alınmaqla, minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar