Məhkəmə qərarları › İş №2(051)-279/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-279/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-279/2024 06.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X4 Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, ərizənin verildiyi gündən xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment, xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşına çatana kimi saxlaması üçün hər ay əlavə 100 manat və ödədiyi 50 manat məbləğində mediasiya xərcinin yarısının 25 manat tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 adlı iki nəfər uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğuna görə hazırda cavabdehlə ayrı yaşayırlar. Cavabdeh bu günə qədər uşağın saxlanmasında heç bir maddi yardım göstərmir. Uşaq körpə olduğu üçün o, heç bir yerdə işləyə bilmir. Özü valideyinlərinin himayəsində yaşayır. Uşağa da valideyinlərinin köməkliyi ilə baxır. Odur ki, ərizənin verildiyi gündən xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment, xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşına çatana kimi saxlaması üçün hər ay əlavə 100 manat və ödədiyi 50 manat məbləğində mediasiya xərcinin yarısının 25 manat tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Buna baxmayaraq tərəflər məhkəməyə ərizə göndərmiş, iddiaçı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını cavabdeh isə səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və qətnamə çıxarılarkən onun maddi vəziyyətinin nəzərə alınmasını xahiş etmişdirlər. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Xəstəliyi ilə əlaqədar iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan iclasın keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bildirir ki, o, uşağına baxmaqdan imtina etmir. Lakin iddiaçıda uşağına baxmağa borcludur. O, dərman firmasında işləyir sabit olaraq maaş almır. Satışdan asılı olaraq maaş dəyişir, belə ki, bəzən 500 manat, bəzən 700-800 manat arası dəyişir. İddia tələbini qismən qəbul edir. Belə ki, uşağın saxlanması üçün hər ay 110 manat, hər ay əlavə olaraq 50 manat və 25 manat mediasiya xərcinin tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında xx.xx.2022-ci il tarixdə Mingəçevir regional ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 384 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Bağırova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü Aytac adlı uşaqları doğulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, onların birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Aytac adlı uşağın doğulduğu gündən 3 il müddət keçməmişdir. Cavabdeh uşaqların saxlanmasında iddiaçıya maddi yardım göstərmir, nə də onlar arasında uşaqların saxlanması üçün alimentin ödənilməsi barədə saziş bağlanmamışdır. Ona görə də iddiaçı sabit pul məbləğində aliment və Aytac adlı uşağın 3 yaşına çatanadək saxlanması üçün vəsait tələb edir. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" MMC-də əmək fəaliyyətinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment və əlavə xərc tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda alimentin alınması və əlavə xərc tələbi cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların mənafeyini, iddiaçının heç bir yerdə işləməməsini, cavabdehin aktiv əmək fəaliyyəti məşğul olmasını nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat məbləğində aliment tutulmalı, eyni zamanda cavabdehdən, Aytac adlı uşaq üç yaşına çatana qədər hər ay 25 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edildiyindən aliment həmin tarixdən tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin əlavə gəlirlərə malik olması barədə sübutlar məhkəmə təqdim edilməmişdir. Həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat mediasiya xərcinin yarısı olan 25 manat pul tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 16:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1–ci maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, 175 manat məbləğində aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu olaraq 2100 manat məbləğində müəyyən edilməlidir. Dövlət Rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Cavabdeh aliment tələbinə münasibətdə ödənilməmiş 41 manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və Aytac adlı uşaq 3 yaşına çatanadək baxılması üçün hər ay 25 (iyirmi beş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat mediasiya xərcinin yarısı olan 25 manat pul tutulub iddiaçıya ödənilsin. Cavabdeh aliment tələbinə münasibətdə ödənilməmiş 41 manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar