Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-309/2024 15.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2018-ci il tarixdə doğulmuş Oktay və xx.xx.2021-ci il tarixdə doğulmuş Səbinə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh ilə 25 avqust 2017ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə Oktay və xx.xx.2021-ci il tarixdə Səbinə adlı uşaqları doğulmuşdur. Uşaqların hər ikisi onun yanında, onun himayəsindədirlər. Onlar xeyli vaxtdır ki, cavabdehlə faktiki olaraq bir yerdə yaşamırlar. O, heç yerdə işləmir, maddi cəhətdən çətinlik çəkir. Cavabdeh uşaqlarına baxmır, onlara heç bir maddi köməklik göstərmir. Uşaqları azyaşlı olduqlarına görə o, işləyə bilmir. Ailəsinin dağılmasına qaynanasının təsiri vardır. Ona görə də oğlu ilə birlikdə evlərindən çıxıb başqa yerdə yaşayırlar. Ona Mingəçevir Şəhər Məhkəməsindən bildiriş gəlib ki, cavabdeh ona qarşı nikahın pozulması barədə iddia ərizəsi verib, lakin ona məhkəmə bildirişi göndərilsə də, iddia ərizəsi göndərilməmişdir. Hesab edir ki, cavabdehdən uşaqların saxlanması üçün aliment alınmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçı ilə 25 avqust 2017-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə Oktay və xx.xx.2021-ci il tarixdə Səbinə adlı uşaqları doğulmuşdur. Onun iddiaçı ilə xasiyyəti uyğun gəlmədiyi üçün məhkəməyə nikahın pozulmasına dair ərizə ilə müraciət etmişdir. Hal-hazırda iddiaçı ilə faktiki olaraq ayrı yaşayırlar. Uşaqlar iddiaçının himayəsindədirlər. Uşaqlarına baxmaqdan imtina etmir və maddi köməklik edir. İddiaçı anasına məxsus Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Anası və o, iddiaçının davasından və söz-söhbətindən uzaq olmaq üçün məcbur olub, bacısı evində qalırlar. Hazırda iddiaçı ondan hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tələb edir. O, hərbiçidir, müharibə veteranıdır, əmək haqqı müəyyəndir. 700 manat əmək haqqı alır. Birgə nikah dövründə "xxxx" ASCdən kredit götürmüş, həmin pulu ailənin ehtiyacları üçün xərcləmişlər, həmin kreditlə bağlı hər ay banka 359 manat kredit ödəyir. İddiaçı ona kreditlə bağlı heç bir köməklik göstərmir. Öz maddi vəziyyətini də nəzərə alıb, əmək haqqının 1/3 hissəsi miqdarında aliment ödəyə bilər. İddiaçı sabit pul məbləğində aliment tələb etdiyi halda hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment ödəyə bilər. Ona görə də məhkəmədən iddianın qismən təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı cavabdehin təqdim etdiyi etiraz ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın qismən təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2017-ci il tarixdə Yevlax rayon İHB-nin Aşağı Salamabad kənd icra nümayəndəliyində rəsmi nikah bağlanmış və həmin nikah 6 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Sadıqova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2018-ci il tarixdə Oktay və xx.xx.2021-ci il tarixdə Səbinə adlı uşaqları doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 952 №-li Hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 15 nömrəli arayışdan görünür ki, kiçik çavuş Cavabdeh həqiqətən N nömrəli hərbi hissədə xidmət edir və onun aylıq gəliri (Vergilər və Dövlət Sosial Müdafiə Fonduna ödənişlər çıxıldıqdan sonra) 709 (yeddi yüz doqquz) manat 03 qəpik təşkil edir. İşdə olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2022-ci il tarixli, 600804-482376/5 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 17.5% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Oktay və xx.xx.2021-ci il tarixdə Səbinə adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. İddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən aliment tələb edir. Cavabdeh tərəf isə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 manat məbləğində aliment ödəməyə razıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay hər uşaq üçün 165 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaqlar iddiaçının yanında yaşayırlar və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 165 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Ona görə də məhkəmə alimentin məbləğinin iddiaçının tələb etdiyi və ya cavabdehin təklif etdiyi məbləğlərdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşaqların mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq təyin edilməsini, işin həqiqi hallarına uyğun hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin yüksək maddi vəziyyətə malik olması, hər ay kifayət qədər qazanc əldə etməsi ilə bağlı iddiaçı istinad etdiyi dəlilləri məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2018-ci il tarixdə doğulmuş Oktay və xx.xx.2021-ci il tarixdə doğulmuş Səbinə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-309/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-309/2024
15.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver