Məhkəmə qərarları › İş №2(051)-313/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-313/2025

12.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-313/2025 12.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci nikahdan olan dörd övladlarının tələbatlarını və ödədiyi 1100 manat aliment məbləğini nəzərə alaraq Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-949/2023 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün qeyd edilən əmək haqqının ¼ hissəsi, yəni 546 manat aliment məbləğinin azaldılaraq 250 manat olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək, alimentin 290 manat məbləğinə azaldılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə qeyri-rəsmi olaraq 2020-ci ildə ailə qurmuşdur. Qeyri-rəsmi nikahdan xx.xx.2022-ci il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehlə 2023-cü ildə ayrılmışlar. Bundan sonra cavabdeh Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmış və hər ay əmək haqqının ¼ hissəsi, yəni 546 manat alimentin cavabdehin xeyrinə tutulması barədə qətnamə qət edilmişdir. O, hal-hazırda birinci həyat yoldaşı X3 ilə birgə nikahından olan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X5 ali təhsilini bitirənə qədər bir uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat və X6 və X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə 150 manat olmaqla, iki uşaq üçün cəmi 300 manat aliment məbləğini, cəmi 1100 manat pul məbləğində alimenti İmişli Rayon Məhkəməsinin 2(036)-2613/2024 nömrəli qətnaməsinə əsasən X1 xeyrinə ödəyir. Hal-hazırda 2189 manat əmək haqqı alır. Aldığı əmək haqqının 1610 manatı aliment məbləğinə getdiyi üçün digər kredit borclarını və tələbatlarını təmin edə bilmir. Həmçinin kirayə evdə yaşayır və şəxsi evi yoxdur. Bu səbəbdən də xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün kəsilən 546 manat aliment məbləğinin azaldılaraq 250 manat olmasını istəyir. Həmçinin bu məsələ ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediator tərəfindən arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək, aliment məbləğinin iddiaçının əmək haqqının 1/7 hissədə tutulmasına etiraz etməmişdir. İş materialları : İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-632/2024 saylı qətnaməsindən görünür ki, X3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi İkinci tərəf xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X5 ali təhsilini bitirənə qədər bir uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat və X6 və X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə 150 manat olmaqla, iki uşaq üçün cəmi 300 manat aliment məbləğini, cəmi 1100 manat pul məbləğini Birinci tərəfə oktyabr ayından etibarən hər ayın 20-si ödəməyi öz öhdəsinə götürdüyü hissədə təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli GTKR0109089C299 saylı kredit müqaviləsinə əlavə ödəniş qrafikinə əsasən İddiaçı 48 ay müddətinə illik 16.9 % olmaqla 26600 manat məbləğində kredit verilmiş, borclu xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək aylıq 766.17 manat, sonuncu ay 775.43 manat ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 28231***-*******01R saylı restrukzasiya razılaşmasına əlavə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 556.14 manat ödəməyi öz öhdəsinə götürmüşdür. “Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞM/MT031/2024-00538 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. İşin faktiki halı : İddiaçı Cavabdeh ilə 2020-ci ildə qeyri-rəsmi nikaha girməklə ailə qurmuşlar. Qeyrirəsmi nikahdan xx.xx.2022-ci il təvəllüdlü X7 doğulmuşdur. Tərəflər 2023-cü il tarixdə ayrılmışlar. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmış və iddiaçıdan hər ay onun əmək haqqının ¼ hissəsi qədər aliment tutularaq cavabdehə ödənməsi qət edilmişdir. Bundan əlavə iddiaçı birinci həyat yoldaşına da İmişli Rayon Məhkəməsinin 2(036)-2613/2024 saylı qətnaməsinə əsasən ümumilikdə 1100 manat aliment ödəyir. İddiaçı cavabdehə ödədiyi alimentin azaldılaraq 290 manat məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul edərək, alimentin iddiaçının əmək haqqından 1/7 hissədə tutulmasına etiraz etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 7-1-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə alimentin azaldılması tələbi ilə bağlı qeyd edir ki, iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulması qərara alındıqdan sonra iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmuş, İmişli Rayon Məhkəməsinin qətnaməsi ilə barışıq sazişi təsdiq edilmişdir. Cavabdeh alimentin azaldılaraq iddiaçının əmək haqqının 1/7 hissəsi həddində tutlmasına etiraz etməmişdir. İddiaçının alimentin azaldılaraq sabit pul məbləğində tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, alimentin sabit pul məbləğində tutulmasınıaliment alan tərəf tələb edə bilər. Beləliklə məhkəmə işin hallarını və uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh xeyrinə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)- 949/2023 saylı qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əmək haqqının ¼ hissəsi həddində tutulan alimentin miqdarı azaldılaraq əmək haqqının 1/7 hissəsi həddində tutularaq Cavabdeh verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-949/2023 saylı qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı əmək haqqının ¼ hissəsi həddində tutulan alimentin miqdarı dəyişdirilərək əmək haqqının 1/7 hissəsi həddində tutularaq Cavabdeh ödənilsin. Dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar