Məhkəmə qərarları › İş №2(051)-315/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-315/2024

15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-315/2024 15.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın ananın yanında qalması və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, birgə nikahdan olan uşaqları 26 oktyabr 2010-cu il təvəllüdlü X3 onun yanında qalması və Cavabdeh 26 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 21 noyabr 2009-cu ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Rəsmi nikahldarından 26 oktyabr 2010-cu il təvəllüdlü X7, 12 iyun 2012-ci il təvəllüdlü X8 və 04 mart 2016-cı il təvəllüdlü X9 anadan olmuşdur. Məhkəmənin qətnaməsi ilə aralarında olan nikah 04 may 2022-ci il tarixdə pozulmuşdur. xx.xx.2021-ci il tarixdə mediasiya sessiyası zamanı aralarındakı razılaşmaya əsasən barışıq sazişi bağlanmışdır. Belə ki, birgə nikahdan olan övladları 12 iyun 2012-ci il təvəllüdlü X8 və 04 mart 2016-cı il təvəllüdlü X5 onun yanında qalması 26 oktyabr 2010-cu il təvəllüdlü X4 isə atasının yanında qalması və cavabdehdən 150 manat aliment ödənişi ödənilməsi ilə bağlı razılaşma əldə edilmişdir. Sonradan Cavabdeh yanında qalan 26 oktyabr 2010-cu il təvəllüdlü X7 onun yanına gəlmişdir. Artıq 3 aydır ki, oğlu onun yanındadır. Hazırda yetkinlik yaşına çatmayan uşaqlar onun yanındadırlar. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir maddi yardım göstərmir. Ona görə də birgə nikahdan olan uşaqları 26 oktyabr 2010-cu il təvəllüdlü X3 onun yanında qalması və Cavabdeh 26 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı qanuni nümayəndəsi İddiaçı iştirakı ilə dindirilən X10 məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, hazırda anası ilə birlikdə yaşayır. Anasının yanına yayda gəlmişdir. Anası tək idi ona görə anasının yanına gəldi. Daha əvvəl atasının yanında qaldırdı, sonra anasını istədi. O, özü öz istəyi ilə anasının yanına getmişdir. Hazırda da anasının yanında qalmaq istəyir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Lakin cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, uşağın anasının yanında qalmasını istəmir. Bundan əlavə oğlu onun yanından 9 ay bundan qabaq deyil 6 ay bundan qabaq getmişdir. Uşaq özü bu yaxınlarda bildirdi ki, onunla qalmaq istəyir. Uşaq onun yanında qaldığı müddətdə məktəbə onun yanından gedirdi. İddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Heç bir yerdə işləmir hazırda digər iki uşaq üçün də 150 manat aliment ödəyir. O, uşaqlarını istəyir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X7 adlı uşağın atası Cavabdeh və anası X2r. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X1 arasında bağlanmış nikah Mingəçevir şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən pozularaq nikaha xx.xx.2022ci il tarixdə xitam verilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-409/2022 xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X6 arasında xx.xx.2012-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış 443 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra birgə nikahdan olan 26 oktyabr 2010-cu il təvəllüdlü X7, 12 iyun 2012-ci il təvəllüdlü X8 və 04 mart 2016-cı il təvəllüdlü X9 adlı uşaqların cavabdeh X1 yanında qalması müəyyən edilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024–cü il tarixli 5-3-3/2-26/2024 nömrəli rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2010-cu il təvəllüdlü X4 anası İddiaçı yanında qalması uşağın mənafeyi naminədir. İşdə olan X4 Mingəçevir şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik orqanını tərəfindən alınan izahatında görünür ki, o, anasının yanında qalmaq istədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmamış Rəşid adlı uşağın İddiaçı yanında qalması müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 7.8-ci bəndinə əsasən nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, tərəflər 21 noyabr 2009-cu ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Rəsmi nikahlarından 26 oktyabr 2010-cu il təvəllüdlü X7, 12 iyun 2012-ci il təvəllüdlü X8 və 04 mart 2016-cı il təvəllüdlü X9 anadan olmuşdur. Məhkəmənin qətnaməsi ilə aralarında olan nikah 04 may 2022-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra birgə nikahdan olan 26 oktyabr 2010-cu il təvəllüdlü X7, 12 iyun 2012ci il təvəllüdlü X8 və 04 mart 2016-cı il təvəllüdlü X9 adlı uşaqların anası X1 yanında qalması müəyyən edilmişdir. Lakin bir müddət uşaq atasının yanında qalmış, daha sonra yetkinlik yaşına çatmayan Rəşid Məmmədli hazırda iddiaçı olan İddiaçı yanına gəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yetkinlik yaşına çatmayan X7 hazırda İddiaçı yanındadır. Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024–cü il tarixli rəyindən və X4 məhkəmə iclası zamanı verdiyi izahatından da görünür ki, o, anası İddiaçı yanında qalmaq istəyir. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmayan Rəşid Məmmədli İddiaçı yanında olduğundan iddiaçı aliment tələbində haqlıdır. Lakin iddiaçı tələbində qeyd etdiyi miqdarda alimentin tutulub ona verilməsi üçün cavabdehin kifayət qədər gəlirə malik olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il tarixdə doğulmuş X7 adlı uşağın İddiaçı yanında qalması müəyyən edilsin və xx.xx.2023-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar