Məhkəmə qərarları › İş №2(051)-318/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-318/2021

19.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-318/2021 19.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «aliment tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq müə y y ə n etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxx 2019-cu il təvəllüdlü Nihat və Nicat uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin hər aylıq əmək haqqının üçdə bir hissəsi miqdarında alimentin tutulub ona verilməsi və uşaqların 3 yaşına çatana kimi hər uşaq üçün 50 manat olmaqla, ayda cəmi 100 manat məbləğində pulun tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı lazımi qaydada xəbər verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaya öz münasibətini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını və mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 2016-cı ildə Cavabdeh ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxx 2019-cu ildə Nihat və Nicat adlı əkiz uşaqları doğulmuşdur. Evliliyin ilk vaxtlarında cavabdehlə münasibətləri yaxşı olsa da, sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pisləşmişdir. Tərəflər faktiki olaraq ayrılmışlar. Ayrıldıqdan sonra cavabdeh ailəsi ilə maraqlanmır, onlara maddi cəhətdən kömək göstərmir. Uşaqlar körpə olduğu üçün iddiaçı heç yerdə işləyə bilmir. Buna görə də xx xxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin hər aylıq əmək haqqının üçdə bir hissəsi miqdarında alimentin, həmçinin uşaqların 3 yaşına çatana kimi hər uşaq üçün 50 manat olmaqla, ayda cəmi 100 manat məbləğində pulun tutulub iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, birgə nikahdan olan övladlarının yetkinlik yaşına çatana kmi saxlanması üçün hər aylıq əmək haqqının 3/1 hissəsi mqdarında aliment tutulub iddiaçıya verilməsinə etiraz etmir. Ancaq uşaqların üç yaşına çatana kimi iddiaçıya ayda cəmi 100 manat verilməsinə etiraz edir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən ki, Cavabdeh ilə X1 nikahı xx xxxxxx 2016-cı ildə Bakı 3 saylı Asan Xidmət mərkəzində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Əizadə soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, xx xxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxx 2019-cu il təvəllüdlü X3 valideynləri Cavabdeh və İddiaçıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materialları ilə tanış olaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər üçün analoji vəzifə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə də müəyyən olunmuşdur. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçının nümayəndəsinin izahatı ilə müəyyən olunur ki, hazırda iddiaçı cavabdehdən ayrı yaşayır və azyaşlı uşaqlar onun yanındadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə məcəlləsinin 76.1.2-ci maddəsinə görə 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə əsasən, sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad, zəruri vəsaiti olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində ər-arvadın bir-birini saxlamaq vəzifəsi vardır. Həmin Məcəllənin 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə alaraq uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddia qismən təmin olunmaqla, azyaşlı Nihat və Nicat adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulub iddiaçıya verilməsi, habelə azyaşlı Nihat və Nicat adlı uşaqların üç yaşına çatana kimi saxlanması üçün ayda, hər bir uşağa 40 manat olmaqla, cəmi 80 (səksən) manat miqdarında pulun tutulub iddiaçıya verilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin məhkəməyə müraciət olunduğu vaxtdan tutulması barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddia tələbində göstərilmədiyinə baxmayaraq, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə qətnamədə alimentin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulub ödənilməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3 və 119.1-ci maddəsinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 242, 244, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia tələbi qismən təmin edilsin. xx xxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, Bilal Əliyev küçəsi ev 7, mənzil 18 ünvanında yaşayan Cavabdeh qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment hər ay tutulub, ünvan 2 ünvanda yaşayan İddiaçı verilsin. xx xxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxx 2019-cu il təvəllüdlü X3 3 yaşına çatana kimi saxlanması üçün Cavabdeh, hər uşağa görə 40 (qırx) manat olmaqla, ayda cəmi 80 (səksən) manat pul alınıb İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Alimentin tutulmasına xx xxxxxx 2020-ci ildən başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar