Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-362/2021 21.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 və Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «cavabdehdən mənəvi ziyana görə 51000 manat pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmş mənəvi ziyan kimi 50.000, maddi ziyan kimi 1.000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Zaqatala hərbi prokurorluğunda onun haqqında 23.04.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq uzun müddət istintaq aparılmışdır. İstintaqın nəticəsi olaraq o həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Ona görə ki guya o Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Yevlax Qarnizonu nhərbi polisinin sabiq rəisi, Müdafiə Nazirliyinin Şəmkir rayonunda yerləşən N nömrəli hərbi hissəsində Əməliyyat şöbə rəisinin gündəlik fəaliyyətinin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə baş köməkçisi vəzifəsində, mayor rütbəsində xidmətdə olarkən əvvəllər Yevlax qarnizonu hərbi polisində birlikdə xidmət etdikləri və həmin müddətdə aralarında yoldaşlıq münasibəti yarandığı X3 işsiz olmasından istifadə edərək ona Bakı-Mingəçevir marşrut xətti üzrə işləməsi üçün mikroavtobus alacağı barədə yalan vəd verərək, həmin yalan vədin köməyi ilə V.Ə.Quliyevin 20 avqust 2017-ci ildə Mingəçevir şəhərində 6500 manat məbləğində pulunu ələ keçirməyə nail olmuş, bununla da aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin ittiham ona 15.05.2018-ci il tarixdə elan olunduqdan sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan sonra onun haqqında olan həmin cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. Gəncə Hərbi Məhkəməsində uzun müddət ərzində işə baxılıb ətraflı araşdırma aparılmış və onun təqsiri olmadığı sübuta yetirildiyindən barəsində 05.12.2019cu il tarixdə bəraət hökmü çıxarılmışdır. Həmin hökmdən dövlət ittihamçısının verdiyi protestinə və zərərçəkmiş şəxsin şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılmış, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2020-ci il tarixli 1-1(107)-2/2020 nömrəli qərarı ilə apelyasiya protesti və şikayəti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin onun haqqında çıxardığı bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar qanuni qüvvəsini almışdır. Cinayət məsuliyyətinə cəlb olunması və uzun müddət barəsində cinayət təqibi aparılması ona mənəvi iztirab vermişdir. Barəsində müxtəlif şaiyələr gəzmiş, “dələduz” kimi şərəf və ləyaqətini ləkələyən informasiyalar yayılmışdır. Belə informasiyaların yayılması ona vəzifədə irəliləyişə mane olmuş, tutduğu vəzifədə polkovnik-leytenant hərbi rütbəsinin verilməsi nəzərdə tutulmasına baxmayaraq, cinayət məsuliyyətinə cəlb olunduğuna görə ona həmin rütbə verilməmişdir. Eləcə də hərbidə 25 il xidmət etdiyinə görə ona veteran kitabçası verilməli olduğu halda, cinayət törətməkdə təqsirləndiyi üçün həmin kitabça da ona verilməmişdir. Bundan başqa barəsində gedən cinayət işinin ibtidai istintaqı dövründə çağırış üzrə iş yeri olan Şəmkirdən Zaqatala şəhərinə dəfələrlə gedib-gəlmişdir, həmçinin işə hərbi məhkəmədə və Şəki Apellyasiya Məhkəməsində baxılarkən dəfələrlə məhkəmələrə gedib gəlmişdir. bununla əlqədar ona ezamiyyə pulu ödənilməmiş, yollara 100 manatda civarında xərc çəkməklə maddi ziyan çəkmişdir. Beləliklə, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş və cəmiyyət içərisində hörmətdən düşmüşdür. Hər kəs ondan nə baş verdiyini soruşmuş, bunun da nəticəsində o sarsıntı kçirmişdir. Ona görə də Məhkəmədən qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmş mənəvi ziyan kimi 50.000, maddi ziyan kimi 1.000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi və vəkil-Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X4 məhkəmə iclasında verdiyi izahatında iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində Azərbaycan Respubliasının Maliyyə Nazirliyindən tələb etdiyi maddi və mənəvi ziyanla bağlı iddiasının heç bir əsası yoxdur. Hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Ona görə də iddianın təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş ******* nömrəli arayışdan görünür ki, Hüseynov X5 şəhəri, Əliağa vahid küçəsi ev 2, mənzil 25-də qeydiyyatdadır. İşə əlavə olunmuş Gəncə Hərbi Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 1(095)- 005/2019 saylı Hökmündən görünür ki, İddiaçı oğluna Azərbaycan Respublikası cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiam üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. İşə əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasısının 19.03.2020-ci il tarixli, 1-1(107)-2/2020 saylı qərarından görünür ki, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı X8 tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin qismən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri şərəf və ləyaqətin müdafiəsi ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkanı tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fıziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəlı şəxslərinin təqsirindən asılı, olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fıziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, 4 prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fıkrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfı nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir, mənəvi zərərin tələb olunan məbləğdə deyil, 8000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən aslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Belə ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002- ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcələləri üzrə Avropa Məhkəməsinin yuridiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericliyin müddəları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfusunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Oyalın Türkiyəyə qarşı işi üzrə 23 mart 2010-cü il, nömrə 4864/05 tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında deyilir; “Dövlət etiraz edərək bildirdi ki, mənəvi zərərlə bağlı tələb hədsiz çoxdur və ədalətsizdir. Dövlət daha sonra bildirdi ki, hər hansı məbləğdə mənəvi zərərin tutulması əsassız zənginləşməyə səbəb olacaqdır. Dövlətin təmin olunacaq məbləğin səbəbsiz zənginləşmə təşkil etməsi arqumentinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, şəxsin çəkdiyi əzab və istirab, sarsıntı heç bir məbləğlə, hətda ən yüksək məbləğlə belə kompensasiya edilə bilməz.” Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsinin iddiaçının qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar vurulmuş mənəvi ziyan kimi 8000 (səkkiz min) manat və maddi ziyan kimi 1000 (bir min) manat məbləğdə pul alınıb İddiaçı verilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-362/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-362/2021
21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver