Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-37/2021 12.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, cavabdeh X9 nümayəndəsi Hüseynov Müsaqif Səfər oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər “Ağ saray” şadlıq evi və X10 qarşı qeyri-yaşayış obyektinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsində sökülməsi, maneələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh “Ağ saray” şadlıq evinə qarşı qeyri yaşayış obyektinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsində sökülməsi, yaradılan maneələrin aradan qaldırılması, 10000 manat məbləğində maddi zərərin, 20000 manat məbləğində mənəvi zərərin, ümumilikidə 30000(otuz min) manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra ərizə verərək X9 da cavabdeh kimi işə cəlb olunmasını xahiş etmiş, Z.Mahmudov cavabdeh kimi işə cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən 0,0598 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə ona məxsusudur. Həmin torpaq sahəsində ev tikdirmiş, ailə üzvləri ilə birlikdə orada yaşayır. O, ev tikdirdikddən sonra ona məxsus torpaq sahəsinin ətrafında yerləşən torpaq sahəsində “Ağ saray” şadlıq evi tikilmişdir. Sarayın bir hissəsi ona məxsus torpaq sahəsi üzərinə düşür.Şadlıq evində toy mərasimləri keçirilən zaman bişirilən yeməklərin iyi, manqaldan çıxan tüstü onun evinə dolur. Dəfələrlə sarayın rəhbərliyinə xahiş edərək manqalın onun mülkiyyətində olan torpaq sahəsinə düşən hissəsindən sökülməsini, onun evinə baxan pəncərələrin bağlanmasını xahiş etmişdir. Mərasimdə iştirak edən şəxslər siqaret kötüklərini ona məxsus torpaq sahəsinə atırlar. Mübahisə ilə bağlı dəfələrlə müxtəlif orqanlara müraciət etmiş, heç bir nəticəsi olmamış, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Sarayın törətdiyi fəsadlar onun və ailə üzvlərinin normal yaşamalarına mane olur, sağlamlaqlarına ciddi zərər vurur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şadlıq evinin tikintisi üçün torpaq sahəsi X9 adına verilmiş, digər sənədlər də onun adına sənədləşdirilmişdir. Lakin o, bilir ki, sarayı tikdirən, onun rəhbəri Zaur deyil, başqa bir adamdır. Onun təqdim etdiyi sənədlərlə, Çıxarışla işə baxaraq qərar qəbul olunmasını xahiş edir. Mübahisəli əriaziyə hər kim baxsa aydın görər ki, şadlıq evi ona məxsus torpaq sahəsinin bir hissəsində inşa edilmişdir. Bu səbəbdən də sarayın bir hissəsi sökülməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını, “Ağ saray” şadlıq evinin onun mülkiyyətində olan torpaq sahəsinə düşən hissəsinin sökülməsi, yaradılan maneələrin aradan qaldırılması, ona dəymiş maddi zərərə görə 10000 (on min), mənəvi zərərə görə 20000 (iyirmi min), ümumilikdə 30000 (otuz min) manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X9 nümayəndəsi və vəkili Hüseynov Müsaqif Səfər oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli qərarı ilə Z.Mahmudovun mülkiyyətinə 0,08 ha torpaq sahəsi verilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 30 noyabr 2010-cu il tarixli sərəncamı ilə həmin torpaq sahəsində Z.Mahmudova şadlıq sarayının tikintisinə icazə verilmişdir. Bundan sonra Z. Mahmudov şadlıq sarayının tikintisi üçün müvafiq orqanlardan rəy almış, verilmiş layihəyə uyğun olaraq şadlıq sarayını inşa etdirmişdir. Hesab edir ki, iddia əsassıdır. Sarayın hər hansı bir hissəsi iddiaçıya məxsus torpaq sahəsinə düşməmişdir. Saray cavabdehin özünə verilmiş torpaq sahəsində tikilmişdir. Şadlıq sarayının fəaliyyəti zamanı iddiaçıya hər hansı zərər vurulmamışdır. İddiaçı öz tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim edə bilmir. Şadlıq sarayı da digər şəxsə deyil, Zaur Mahmudova məxsusdur. Bundan əlavə cavabdeh şadlıq sarayını iddiaçı həmin torpaq sahəsini almamışdan, ev tikdirməmişdən əvvəl tikmişdir. Hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0,0598 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə 19.04.2014-cü ildə İddiaçı adına qeydə alınmışdır. İşə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin 13 aprel 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, arxiv materiallarına əsasən İddiaçı mülkiyyətində Mingəçevir şəhər Naxçıvan küçəsi 53 B №-li ünvanda 0,0598 ha torpaq sahəsi var, Naxçıvan küçəsində “Ağ saray” şadlıq evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə heç bir məlumat aşkar edilməmişdir. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair J№-3959A №-li şəhadətnamənin surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 28 iyul 2004-cü il tarixli 213 №-li qərarı X10 0,08 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 235 №-li 30 noyabr 2010-cu il tarixli sərəncamında göstərilir ki, Mingəçevir şəhər H.Əliyev prospekti 40 №-li evin 3 №-li mənzilində yaşayan X10 Naxçıvan küçəsində mülkiyyətinə verilmiş 800 kvm torpaq sahəsində, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, aparatın memarkıq və tikinti şöbəsindən razılaşdırılmış layihə əsasında şadlıq sarayının tikintisinə icazə verilsin. İşə əlavə olunmuş Mingəçevir şəhər İH-nin memarlıq və tikinti şöbəsinə 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin 17 yanvar 2011-ci il tarixli, Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 17 fevral 2011-ci il tarixli, “X8 Şəbəkəsi” MMC-nin 17 fevral 2011-ci il tarixli, “Aztelekom” İstehsalat Birliyi Mingəçevir qaz istismar sahəsinin 23 fevral 2011-ci il tarixli məktublarında göstərilir ki, X10 Naxçıvan küçəsində mülkiyyətində olan torpaq sahəsində şadlıq sarayının tikintisinə etiraz edilmir. İşə əlavə olunmuş “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Mühəndis-Geoloji Mərkəzin 06 dekabr 2013-cü il tarixli 06-6537 №-li rəyində göstərilir ki, X1 ilə 2010-cu ilin dekabr ayında “Azərmemarlayihə” İnstitu tərəfindən Mingəçevir şəhəri Naxçıvan küçəsində şadlıq sarayının layihələşdirilməsi məqsədilə aparılmış mühəndis-geoloji tədqiqat işilərinin nəticələrnə dair hesabat məqbul qiymətləndirilir. İşdə olan X11 ilə Fövqəlada Hallar Nazirliyi Təsisatları kənar Dövlət Ekspertiza Baş İdarəsi arasında bağlanmış 17 fevral 2014-cü il tarixli müqavilədən görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsində şadlıq sarayının tikintisinin layihə və başqa sənədlərin ekspertizası keçirilməsi üçün müqavilə bağlanmışdır. İşdə olan Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 06 mart 2014-cü il tarixli 17522 №-li rəyində göstərilir ki, Mingəçevir şəhəri Naxçıvan küçəsində şadlıq sarayı üzrə işçi layihəsi bu rəyin 4-cü bölməsinin tələblərinin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin hüquq bərabərliyi və faktlar əsasında həyata keçirilir. Lakin bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tələbində “Ağ saray” şadlıq evinin bir hissəsinin onun mülkiyyətində olan torpaq sahəsində tikildiyini iddia edərək, şadlıq evinin onun mülkiyyətində tikilmiş hissəsinin sökülməsini tələb edir. Lakin iddiaçı öz tələbini əsaslandıran sübutu məhkəməyə təqdim etmədi. Şadlıq evinin bir hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahısində tikilib-tikilməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmiş, ekspertin Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin təqdim edilməsi barədə vəsatəti məhkəməyə daxil olduqdan sonra, mütəxəssis rəyi verilməsi üçün məhkəmə tərəfindən Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinə müraciət olunmuş, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin nümayəndəsi tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir. Bundan sonra ƏM DK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən məhkəməyə məktub göndərilərək bildirilmişdir ki, tədqiqat obyektinə baxış keçirilmiş, Azərbaycan Respublikası Tarif(qiyməti) Şurasının 04 yanvar 2021-ci il tarixlo 02 №-li qərarına uyğun olaraq iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə tərtib olunmuş smeta və hesab vərəqində nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə təqdim ediləcəyi halda mütəxəssis rəyinin məhkəməyə göndəriləcəyi təmin ediləcəkdir. Bundan sonra həmin smeta və hesab nömrəsi poçt vasitəsi ilə iddiaçıya göndərilimiş, bildirilmişdir ki, hazırkı vəziyyətdə həmin xərclər iddiaçı tərəfindən ödənilməli, mütəxəssis rəyi məhkəməyə təqdim edilməlidir. İddia tələbinə baxılması və obyektiv araşdırma aparılması üçün mütəxəssis rəyinin məhkəməyə təqdim olunması zəruridir. Lakin iddiaçı həmin xərci ödəməkdən imtina etmiş, iddiaçı xərci ödəməkdən imtina etdiyi üçün mütəxəssis rəyi verilməmiş, ona görə də iş üzrə ekspertiza rəyi verilmədən mülki iş məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı ekspert rəyinə zərurət olmadığını, torpaq sahəsinin mülkiyyətində olmasını təsdiq edən Çıxarışla və həmin sənəd əsasında yerində baxış keçirilməklə ona məxsus torpaq sahəsinin bir hissəsində şadlıq evinin tikilməsini müəyyən etmək mümkün olduğunu bildirsə də, mütəxəssis və ekspert rəyi olmadan şadlıq evinin bir hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mötəbər sübut təqdim edilmədiyinə görə iddia şadlıq evinin iddiaçının mülkiyyətində inşa edilmiş hissəsinin sökülməsinə dair hissədə təmin olunmamalıdır. İddiaçı tələbində, həmçinin, şadlıq evində mərasim keçirilən zaman iylərin, tüstünün onun mülkiyyətində olan evə dolduğunu, bunun da onun ailə üzvlərinin səhhətinə təsir etdiyini, mülkiyyətində olan evdə normal şəraitdə yaşaya bilmədiklərini, cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 10000 (on min) manat məbləğində maddi zərər, 20000 (iyirmi min) manat məbləğində mənəvi zərər dəydiyini, ümumilikdə dəymiş olan 30000 (otuz min) manat məbləğində zərərin ona ödənilməsini tələb etmişdir. İddiaçı mülkiyyətində fərdi ev omasını təsdiq edən sənədi (Çıxarış, Qeydiyyat vəsiqəsi və sair) məhkəməyə tədim etmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 23.4-cü maddəsində deyilir ki, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin qərarda göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər-insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində göstərilir kİ, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 2-ci bəndində, həmçinin, göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində şərəf və ləyaqəti alçaldan ifadələr işlətməsi və ya ona qarşı şərəf və ləyaqətini alçaldacaq hər hansı bir hərəkət etməsi iş materialları ilə öz əksini tapmamışdır. Cavabdehin hər hansı bir ifadəsi iddiaçının şüurunda müəyyən mənfi reaksiyaya səbəb olmamış və o, mənəvi sarsıntı keçirməmişdir. Həmin hərəkətlər nəticəsində iddiaçının sağlamlığının pozulması, yəni iztirab keçirməsi barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Müəyyən edilmişdir ki, iddiaçı fəal ictimai həyat tərzindən məhrum olmamış, şəxsi, ailə və tibbi sirləri açıqlanmamış, hər hansı başqa hüquqları məhdudlaşdırılmamış, hüquqlarından məhrum olmamış, yaxud da onun əmlak hüquqları pozulmamışdır. Beləliklə, cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını, eləcə də 10000(on min) manat məbləğində maddi zərərin vurulmasını təsdiq edən hər hansı sübutu iddiaçı təqdim etmədi. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı iş üzrə» 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sübut təqdim edilmədiyinə, əsassız olduğuna görə iddia tələbi 10000 manat maddi zərər və 20000 manat mənəvi zərərin ödənilməsi hissəsində də təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər X10 və “Ağ saray” şadlıq evinə qarşı şadlıq evinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş hissəsinin sökülməsi, maneələrin aradan qaldırılması, 10000 (on min) manat məbləğində maddi zərərin, 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərin, ümumilikdə 30000 (otuz min) manat məbləğində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-37/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-37/2021
12.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver