Məhkəmə qərarları › İş №2(051)-386/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-386/2021

18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-386/2021 18.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi- pedaqoq X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «uşağın ananın yanında qalması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müə y y ə n etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 23.01.2009-cu il təvəllüdlü X2 onun yanında qalması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icalasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 27 oktyabr 2007-ci ildə faktiki ailə münasibətlərinə girməklə nikahlarını 11.03.2009-cu ildə rəsmiləşdirmişlər. Onlardan 23.01.2009-cu il təvəllüdlü X6 qızı adlı övladları dünyaya gəlmişdir. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, lakin bir müddət sonra münasibətləri pozulmuşdur. Mingəçevir şəhər məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və 23.01.2009-cu il təvəllüdlü X6 qızı Cavabdeh yanında qalması qət edilmişdir. Həmçinin həmin Məhkəmənin 19 noyabr 2019-cu il tarixli 2(051)-1866/2019 saylı qətnaməsinə əsasən Sənəm adlı övladı ilə ünsiyyət hüququ təmin edilmişdir. Lakin qızı 2020-ci ilin mart ayından faktiki onun himayəsində yaşamış və atasının yanına getmək istəməmişdir. 2020-ci ilin sentyabr ayının 29-da Cavabdeh təkidi ilə Sənəmi çox böyük çətinliklə aparıb Vüsala təhvil vermişdir. Halbuki Sənəm qəti şəkildə atasının yanına getmək istəmirdi. Həmin gün axşam Sənəm ona telefonla zəng edərək, atası ilə yaşamaq istəmədiyini, onun yanına qayıtmaq istədiyini, əks halda tezliklə intihar edəcəyini bildirdi. O Sənəmin bu sözlərindən bərk qorxmuş və ona bildirmiş ki, bu fikirləri başından çıxarsın. Lakin Sənəm qəti olaraq atasının yanında qalmaq istəmədiyini deyərək, bir daha qısa zaman ərzində özünü öldürəcəyini bildirdi. Nə qədər Sənəmi sakitlşdirməyə çalışsa da, bunun müsbət nəticəsi olmadı. Belə ki, 03.10.2020-ci il tarixdə Sənəm onun yanına qayıtdı və həmin vaxtdan onun himayəsində yaşayır. Belə bir vəziyyətdə Sənəmin zorla atasına verilməsi daha ağır nəticələrə səbəb ola bilər. Çünki həqiqətən Sənəm atasına verilərsə, o, intihar edə bilər və ya başqa formada özünə qəsd edə bilər. Qızı Sənəm artıq 12 yaşındadır. Onunla yaşamaq onun özünün müstəqil qərarıdır. Ona görə də məhkəmədən 23.01.2009-cu il təvəllüdlü X2 onun yanında qalması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddia tələbi ilə razı deyil. İddianın rədd olunmasını və 23 yanvar 2009-cu il təvəllüdlü Sənəmin onun himayəsində saxlanmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi- pedaqoq X3 iştirakı ilə dindirilmiş X6 qızı izahatında göstərmişdir ki, O hər iki valideynini ayırd etmədən istəyir. Buna baxmayaraq anasının yanında daha rahat yaşayacağını bildirmişdir. Ona görə də anasının yanında yaşamaq istədiyini söyləmişdir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 15 yanvar 2019-cu il tarixli 2(051)-182/2019 saylı qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuş, 23.01.2009-cu il təvəllüdlü X6 qızı Cavabdeh yanında qalması qət edilmişdir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(051)-1866/2019 saylı qətnaməsinə əsasən İddiaçı hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək, ad günü və bayram günü saat 14:00-dan 16:00-dək Mingəçevir şəhərində, yay tətilində hər ayda yeddi gün yaşadığı Qazax rayonunda yanında qalmaqla uşağı-23 yanvar 2009-cu il təvəllüdlü X4 ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün görüş vaxtı qət edilmişdir. Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 23.01.2009-cu il təvəllüdlü X6 qızı adlı uşaqları anadan olmuşdur. Onun anası kimi İddiaçı, atası kimi Cavabdeh göstərilmişdir. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik orqanın 26 aprel 2021-ci il tarixli rəyində göstərilir ki, 23 yanvar 2009-cu il təvəllüdlü X2 anası İddiaçı yanında qalması uşağın mənafeyi naminədir . Məhkəmə tərəflərin təqdim etdiyi sənədlərin və məhkəmə iclasında verilən izahatları təhlili əsasında işin müəyyən olunmuş hallarına, tərəflər arasında olan münasibətlərə tətbiq olunmalı hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 29.2-ci maddəsinə görə analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 27 oktyabr 2007-ci ildə faktiki ailə münasibətlərinə girməklə nikahlarını 11.03.2009-cu ildə rəsmiləşdirmişlər. Onlardan 23.01.2009-cu il təvəllüdlü X6 qızı adlı övladları dünyaya gəlmişdir. Aralarında olan nikah 2019-cu ildə məhkəmə qaydasında pozulmuşdur. Həmin vaxt Sənəm adlı uşaq cavabdehin yanında qalması qət edilmişdir. Sənəm adlı uşağın anası İddiaçı yanında yaşaması üçün yetərincə şərait var və uşağın saxlanması üçün qənaətbəxş sayılır. Uşağın kimin yanında qalmasının müəyyən olunması üçün qəyyumluq və himayə orqanına müraciət edilmiş və uşağın anasının yanında qalmasının uşağın mənafeyi naminə olması qeyd edilmişdir. Belə ki, uşağın ilk növbədə valideynlərin yəni ata-ananın birinin himayəsində qalması qanuna müvafiqdir. Sənəm adlı uşağın anasının yanında qalmasını istəməsi uşağın anasının yanında qalması üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə hesab edir ki, Sənəm adlı uşağın anasının yanında qalmasına mane ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Sənəm adlı uşağın mənafeyini nəzərə alaraq məhkəmə, hesab edir ki, iddia təmin olunmalı, birgə nikahdan doğulmuş 23 yanvar 2009-cu il təvəllüdlü Sənəm adlı uşaq anası İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: 23.01.2009-cu il təvəllüdlü X6 qızı atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar