Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-410/2023 19.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümyəndəsi,Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümyəndəsi,Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə 03 yanvar 2009-cu ildə faktiki nikah münasibətinə girməklə ailə qurmuş, nikahlarını 15 dekabr 2011-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 02 avqust 2010-cu il təvəllüdlü Lətifə və 30 may 2012-ci il təvəllüdlü Tofiq adlı iki uşaqları olmuşdur. Son vaxtlar tərəflər arasında əsassız söz-söhbətlər, ziddiyətlər yaranması nəticəsində iddiaçı uşaqları ilə birgə öz valideynlərinin yanında qalır. Cavabdeh uşaqları ilə maraqlanmamış, uşaqların saxlanmasında iddiaçıya maddi kömək göstərməmişdir. İddiaçı uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh həm Mingəçevir şəhəri Mənzil Kommunal Təsərrüfatı Kombinatında "xxxx" MMC üzrə sosial işçi işləyir, həm də neçə müddətdir ki, özünə məxsus “VAZ 2017” markalı avtomobillə taksi xidməti göstərir. Aylıq qazancı 1000 manatdan çox təşkil edir. Ona görə də 02 avqust 2010-cu il təvəllüdlü X3 və 30 may 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa 190 manat alimentin və 50 manat mediasiya xərcinin alınıb iddiaçıya verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci madəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçını dinləyib, iş materialını araşdırıb, hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 15 dekabr 2011-ci ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində 473 №-ilə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 02 avqust 2010-cu il təvəllüdlü X3 və 30 may 2012-ci il təvəllüdlü X2 valideynləri Cavabdeh oğlu və İddiaçıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları haqqında” Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sadalanan qanunların mənasından göründüyü kimi uşağa qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Həmin vəzifəni yerinə yetirməyən valideyndən uşağın saxlanması üçün vəsaitin tutulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qaydasında isə aliment müəyyən edilərkən tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla bərabər, uşaqların maddi təminatının səviyyəsinin maksimal saxlanması əsas tutulur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər faktiki ayrılmışlar. Ayrıldıqdan sonra uşaqlar iddiaçının yannda qalmışdır. Uşaqların saxlanmasında tərəflər razılığa gələ bilməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə cavabdehin maddi imkanı olması sübut edilmədi. Odur ki, məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia uşaqların saxlanması üçün aliment tələbinə dair hissədə qismən təmin edilməli, cavabdehdən hər ay hər uşağa 170 manat, cəmi 340(üç yüz qırx) aliment alınıb uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıya verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 22 dekabr 2022-ci il tarixdən tutulmalı və qətnamə dərhal icra edilməlidir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü və 119.2-ci maddələrinə əsasən cavabdehdən 60 manat məbləğində dövlət rüsumu tutulub dövlət budcəsinə keçirilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. 02 avqust 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 170 (bir yüz yetmiş) manat, 30 may 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 170 (bir yüz yetmiş) manat, cəmi 340(üç yüz qırx) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 22 dekabr 2022-ci il tarixdən tutulsun və qətnamə dərhal icra edilsin. Cavabdeh 60 (altmış) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-410/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-410/2023
19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver