Məhkəmə qərarları › İş №2(051)-422/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-422/2025

08.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-422/2025 08.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: İlkin İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh övladları xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ərizə ilə müraciət etdiyi vaxtdan hər ay hər uşağa 2025-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinə uyğun olaraq sabit pul məbləğində 245 (iki yüz qırx beş) manat, cəmi 490 (dörd yüz doxsan) manat alimentin və mediasiya üçün ödədiyi 50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilkin İddiaçı iddia tələbinin həcmini artırmaqla məhkəməyə müraciət edib əlavə xərc olaraq xx.xx.2024-cü il təvəllüdlü Kövsər adlı uşağının 3 yaşına çatanadək Cavabdeh 150 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə nişanları olmuş və faktiki olaraq evlənmişlər. xx.xx.2020-ci il tarixdə Mingəçevir Regional "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsində rəsmi nikah bağlamış və o, Cavabdeh anası ilə birgə yaşadığı Mingəçevir şəhəri, Kür küçəsi 6 №-li evə gəlin köçüb bu evdə ərarvad kimi yaşamış, birgə təsərrüfat aparmışlar. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü Hüsna və xx.xx.2024-cü il təvəllüdlü Kövsər adlı iki övladı var. İkinci qızı dünyaya gələnə kimi Daşqınla çox mehriban olmuşlar. İkinci uşağa hamilə olanda qaynanası X4 və həyat yoldaşı Cavabdeh ikinci uşaq olmasını istəmədiklərini bildirmişlər. Həyat yoldaşı Cavabdehla əvvəlcədən razılaşdıqlarına görə ikinci uşaq anadan olandan 40 (qırx) gününə kimi o, anasıgildə qalmış, 19 mart 2024-cü il tarixdə uşaqlarla birlikdə Cavabdehla yaşadıqları öz evlərinə qayıtmışdır. Evə qayıdandan bir neçə gün sonra qaynanası Gülyaz Məmmədova yavaş-yavaş söz-söhbətlər yaratmağa başlamış və sözsöhbətlər günü-gündən böyümüş və əri ilə aralarında ailə münaqişəsi yaranmışdır. Qeyd edir ki, Cavabdeh faktiki ayrıldıqları 08 iyun 2024-cü il tarixdən hal-hazıradək uşaqlarının saxlanmasında, maddi təminatında iştirak etmir və heç bir maddi-mənəvi köməklik göstərmir. Ona görə, məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X5 ilə xx.xx.2020-ci il tarixdə Mingəçevir Regional "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsində aralarında bağlanmış rəsmi nikahın pozulmasını məhkəmədən xahiş etmişdir. Qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, nikahlarının ilk dövrlərində İddiaçı ilə mehriban yaşamış, birgə nikahlarından iki qız övladı dünyaya gəlmişdir. Sonradan ağır onkoloji xəstə olması müəyyən olunmuş, arvadı ona qulluq etmək əvəzinə uşaqları da götürüb atasıgilə getmişdir. Faktiki olaraq ayrılmışlar. 26 sentyabr 2024-cü il tarixdən hal-hazıra kimi onkoloji xəstə kimi dispanser qeydiyyatındadır. Cavabdehin iddia tələbinə qarşı da onu qeyd etmişdir ki, uşaqların X1 yanında qalmasına etiraz etmir, lakin hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment ödəmək imkanına malikdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ilə aralarında nikahın pozulmasına razıdır. Həmçinin Cavabdeh övladları - xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ərizə ilə müraciət etdiyi vaxtdan hər ay hər uşağa 2025-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinə uyğun olaraq sabit pul məbləğində 245 (iki yüz qırx beş) manat, cəmi 490 (dörd yüz doxsan) manat, əlavə xərc olaraq xx.xx.2024-cü il təvəllüdlü Kövsər adlı uşağının 3 yaşına çatanadək 150 manat məbləğində alimentin və mediasiya üçün ödədiyi 50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi – Vəkil Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərdiklərini müdafiə edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs işsizdir və onkoloji xəstə kimi dispanser qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar ona pensiya təyin olunmuşdur. İddiaçı da rəsmi qaydada işlədiyini və buna görə maaş aldığını qeyd etmişdir. Odur ki, məhkəmədən qeyd olunan halların nəzərə alınaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulmasını, ilkin iddianın isə qismən, yəni uşaqların cavabdehin yanında saxlanılmaqla hər uşağa 100 manat, cəmi 200 manat alimentin təmin olunmasını, digər hissələrdə isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlar: İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah şəhadətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 20 avqust 2017-ci ildə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 336 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X7 doğulmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 12:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Elektron məhkəmə sistemindən əldə olunmuş məlumatdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər Və Ümumi Təhsil Üzrə X6 Aran Regional Təhsil İdarəsində “Köməkçi heyət, kompüter şəbəkəsi” vəzifəsi üzrə əmək haqqının 470 manat olması müəyyən olunmuşdur. Elektron məhkəmə sistemindən əldə olunmuş digər məlumatdan görünür ki, Cavabdeh pensiya məbləği 180 manat müəyyən olunmuşdur. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə, ilkin iddia və qarşılıqlı iddia ərizələrini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, ərizələri, iş materiallarını və işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tərəflərə barışmaq üçün 3 ay vaxt verməklə işi təxirə salsa da, bu müddət ərzində tərəflər arasında hər hansı bir barışıq olmamışdır. Hazırki iş üzrə tərəflər arasında barışıq olmadığı üçün məhkəmə hesab edir ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2., 22.2.1, 22.2.2 və 22.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. İddiaçının və cavabdehin izahatı, o cümlədən iş materialları ilə müəyyən olunur ki, birgə nikahdan doğulmuş, yetkinlik yaşına çatmamış xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X7 hazırda iddiaçının yanında qalır. Cavabdehin ərizəsindən görünür ki, uşağın anasının himayəsinə verilməsinə etiraz etmir. Odur ki, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulan yetkinlik yaşına çatmamış xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X2 iddiaçının yanında qalması müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 1.1.1. 7-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 22-ci maddəsində nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərin dairəsi nəzərdə tutulsa da, bu zaman uşaqların hüquq və mənafelərinə təsir göstərə biləcək digər məsələlərin həlli imkanı qanunla qadağan edilməmişdir. Odur ki, uşaqların üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq məhkəmələrə izah edilir ki, nikahın pozulmasına dair iddialara baxılarkən hazırlıq iclasında uşağın hansı valideynin yanında saxlanması ilə bağlı mübahisənin olmadığı müəyyən edildiyi halda, məhkəmələr valideynlər arasında uşaqla ünsiyyət qaydası ilə bağlı qarşılıqlı razılığın olub-olmadığını aydınlaşdırmalıdırlar. Bununla bağlı mübahisə varsa, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini arzu edən valideynə bu barədə iddia tələbi ilə müraciət etmək hüququ izah edilməli və irəli sürüldüyü halda nikahın pozulması ilə yanaşı, bu tələbə də mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməlidir. X13 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən aliment tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqında ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclər ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə tərəflərin izahatını, ərizələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə, qanunvericiliyin tələblərinə əsasən hər iki valideynin uşaqları saxlamağa borclu olduğunu, Cavabdeh onkoloji xəstə olmasını və 180 manat məbləğində pensiya almasını, İddiaçı isə əmək müqaviləsi üzrə işləməklə 470 manat məbləğində əmək haqqı almasını nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment cavabdehin tələb etdiyi miqdarda deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq təyin edilməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların üstün mənafelərini və iddiaçının himayəsində yaşamasını, diqqətəlayiq halları, həmçinin alimentin hesablanmağa başlandığı təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərqin olmasını nəzərə alaraq hesab edir ki, ərizə verildiyi, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, cavabdehdən hər bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,48 mislində alimentin və xx.xx.2024-cü il təvəllüdlü Kövsər adlı uşağın, yaşa görə xüsusi qayğıya ehtiyacı olması nəzərə alınaraq 3 yaşına çatanadək hər ay 20 manat pulun əlavə xərc qismində tutulması, uşaqların qanuni mənafeyinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Aliment və əlavə xərclə bağlı tələb qalan hissədə təmin edilməməlidir. Belə ki, uşaqlar iddiaçının yanında yaşayır, onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, həmçinin iddiaçı tərəfindən ödənilir. Həmçinin iddiaçı tərəfindən cavabdehin daha artıq gəlirlə malik olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə alimentin məbləğinin cavabdehin tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən hər bir uşağın mənafeyinə və diqqətəlayiq hallara uyğun olaraq (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində təyin edilməsini, həmçinin əlavə xərc qismində müəyyən edilmiş məbləği işin həqiqi hallarına uyğun hesab edir. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, işdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1–ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019–cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqdan 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə bağlı iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Həmin Məcəllənin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İlkin iddia qismən təmin edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 20 avqust 2017-ci ildə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində bağlanmış və 336 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulsun. Boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X2 İddiaçı yanında qalmaları müəyyən edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sonrakı artımlar (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə) nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli olmaqla, iki uşaq üçün cəmi 0,96 misli həddində sabit pul məbləğində aliment və xx.xx.2024-cü il təvəllüdlü X2 3 (üç) yaşına çatana kimi saxlanması üçün hər ay 20 manat sabit pul məbləği tutulub İddiaçı verilsin. Həmçinin, ilkin mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Tərəflərə nikahın pozulması haqqında hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar