Məhkəmə qərarları › İş №2(051)-501/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-501/2022

31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-501/2022 31.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 19.08.2020-ci il təvəllüdlü Onur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və bundan əlavə uşaq üç yaşına çatanadək əlavə olaraq 100 manat məbləğində vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, cavabdehlə 05.12.2019-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Onların birgə nikahlarından 19.08.2020-ci il tarixdə Onur adlı uşaqları doğulmuşdur. Aralarında olan rəsmi nikah məhkəmə qaydasında pozulmuşdur. Onlar arasında alimentin ödənilməsi ilə bağlımediasiya şurasında barışı sazişi bağlansa da, cavabdeh həmin sazişi lazımı qaydada icra etməmişdir. Bundan əlavə cavabdehin əmək haqqı artmış və buna görə də cavabdehdən alınacaq alimentin artırılması üçün müəyyən hallar yaranmışdır. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehın nümayəndəsi məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və göstərdi ki, iddiaçı ilə cavabdehin birgə nikahından 19.08.2020–ci il tarixdə Onur adlı uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Lakin onlar arasında alimentin ödənilməsi ilə bağlı bir uşaq üçün ayda 150 manat olmaqla mediasiya şurasında barışıq sazişi bağlanmış və hər iki tərəf 18 ay müddətində əlavə tələb irəli sürməyəcəkləri ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Ondan başqa təmsil etdiyi şəxs iddiaçı tərəfindən rəsmi sənəd təqdim etdiyi halda, uşağın saxlanması üçün əlavə xərclərdə də iştirak etməyə razılıq vermiş, lakin iddiaçı hazırkı vaxta qədər heç bir sənəd təqdim etməmişdir. Hazırda isə iddiaçı razılaşmanın şərtlərini pozaraq məhkəmədə iddia qaldırmışdır. Eləcə də, iddiaçı heç bir əsaslı səbəb olmadan, aliment vaxtında ödənildiyi halda, məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında bağlanmış barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilmişdir. Halbuki, təmsil etdiyi şəxs hər ay razılaşdırılmış aliment məbləğini müəyyən olunmuş vaxtda ödəmişdir. Bununla belə iddiaçı qərəzli olaraq cavabdehdən yenə də aliment tələb edir. Hesab edir ki, iddiaçının tələbi əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi uşaq üç yaşına çatanadək əlavə olaraq 100 manat məbləğində vəsaitin tutulub ona ödənilməsi hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin 19.08.2020-ci il tarixdə doğulmuş Onur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin alınması hissəsinə Məhkəmənin 01.04.2022-ci il tarixli 2(051)-501/2022 saylı qərardadı ilə xitam verilmişdir. Belə ki, iş materiallarında olan mediasiya şurasının 18.09.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər hər ay 150 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə bağlı razılığa gəlmişlər və razılaşma üzrə ən azı 18 ay əlavə tələb irəli sürməyəcəkərini üzərlərinə götürmüşlər. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 28.01.2022-ci il tarixli 2(024)- 95/2022 saylı qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış mediasiya şurasının 18.09.2021-ci il tarixli barışıq sazişi təsdiq edilmişdir. İşdə olan Mingəçevir Məhkəməsinin 11.11.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı qızı ilə Cavabdeh arasında 05.12.2019-cu il tarixdə X1 Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış və 801 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması və boşanmadan sonra tərəflərin birgə nikahından 19.08.2020-ci il tarixdə doğulmuş Onur adlı uşağın İddiaçı qızının yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. İşdə olan AZ-İV seriyalı 475068 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 19.08.2020-ci il tarixdə Onur adlı uşaqları doğulmuşdur. Məhkəmə, tələbin uşaq üç yaşına çatanadək iddiaçı üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulması ilə bağlı qeyd edir ki, tərəflər arasında ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində uşağa baxılması ilə bağlı iddiaçıya alimentin ödənilməsi barədə saziş olmadığından, hazırda uşaq iddiaçının yanında olduğundan, iddiaçı Onur adlı azyaşlı uşağın 3 yaşına çatanadək baxılmasına görə özü üçün aliment tələb etmək hüququna malikdir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah bağlamaqla evlənmiş və onların birgə nikahından 19.08.2020-ci il tarixdə Onur adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Tərəflər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat alimentin ödənilməsi ilə bağlı mediyasiya qaydasında barışıq sazişi bağlamış və barışıq sazişi məhkəmə qaydasında təsdiq edilmidir. Bununla belə tərəflər arşında uşağın 3 yaşına çatanadək baxılmasına dair iddiaçıya aliment ödənilməsi barədə saziş bağlanmamışdır. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, tərəflərin birgə nikahından doğulmuş Onur adlı uşağın doğulduğu gündən 3 il müddət keçməmişdir. Belə olan halda isə iddiaçının birgə nikahdan doğulmuş Onur adlı uşağın 3 yaşına çatanadək baxılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə tərəflərin maddi və əmlak vəziyyəti barədə iddia ərizəsində göstərilən məlumatları, tərəflərin rəsmi nikah bağlamaqla ər-arvad olmalarını, habelə iddiaçının məhkəmə iclası zamanı verdiyi izahatını, o cümlədən azyaşlı uşağın ananın himayəsində olmasını, onun qulluğa və qayğıya daha çox ehtiyacının olmasını və bu səbəbdən də ananın işləmək imkanının olmamasını nəzərə alaraq və Ailə Məcəlləsinin 84-cü maddəsinin zəruri şərtlərinə əsaslanaraq, tərəflərin birgə nikahlarından doğulmuş Onur adlı uşağın 3 yaşına çatanadək baxılması üçün cavabdehdən hər ay 40 manat sabit pul məbləğində vəsaitin alınıb iddiaçıya verilməsini əsaslı sayır. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın üstün mənafelərini və iddiaçının yanında yaşamasnı, uşağın saxlanması üçün alimentin alınması barədə tərəflər arasında barışıq sazişinin olmasını, lakin uşağın üç yaşına çatanadək baxılmasına dair tərəflər arasında saziş olmamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, Onur adlı uşağın 3 yaşına çatanadək baxılması üçün cavabdehdən hər ay 40 (qırx) manat məbləğində vəsaitin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Belə ki, uşaq ananın yanında yaşadığından, həmçinin azyaşlı olduğundan, onun ana qayğısına və nəvazişinə daha çox ehtiyacı olduğundan, iddiaçı uşaqla daha çox vaxt keçirməlidir. Bu hal isə iddiaçının kifayət qədər sərbəst işləməsinə və qazanc əldə etməsinə məhdudiyyətlər yaradır. Bu hal isə iddiaçının maddi cəhətdən özünü tam şəkildə təmin etməsinə imkan vermir. Ona görə də iddiaçının uşağa baxılması ilə bağlı yaranmış maddi ehtiyacı, zəruri vəsaitə malik olan cavabdeh (ər) tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə 17.01.2022-ci il tarixdə müraciət edildiyindən aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1–ci maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, 40 manat məbləğində aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu olaraq 480 manat məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə hesab edir ki, dövlət rüsumunun aliment tələbinə münasibətdə ödənilməmiş 30 manat məbləğində hissəsi cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17.01.2022-ci il tarixdən başlayaraq, 19.08.2020-ci il tarixdə tərəflərin birgə nikahından doğulmuş Onur adlı uşaq 3 yaşına çatanadək ana üçün hər ay 40 (qırx) manat sabit pul məbləğində aliment vəsaiti alınıb İddiaçı verilsin. Cavabdeh aliment tələbinə münasibətdə ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar